"Paytaxt Bakıda və eyni zamanda regionda yerləşən bağçalarda vəziyyət heç də ürəkaçan deyil".
Bu barədə "Sherg.az" Uşaq Hüquqlarının Müdafiəsi Liqasının sədri Yusif Bəkirov bağçalarda uşaqlara qarşı sərgilənən amansız davranışlardan danışarkən bildirib.
Onun sözlərinə görə, bu özbaşınalıqlara azyaşlıları təhqir etmə, döymə, anormal cəzalar vermə kimi hallar daxilıdir:

"Hətta son vaxtlar belə arzuolunmaz davranışlar nəzərəçarpan dərəcədə çoxalıb. Bunu sosial mediadan da aydın müşahidə etmək mümkündür. Olduqca üzücü vəziyyətdir. Bu məsələdə valideynlərin də günahı var. Belə olaylar baş verəndə zərər çəkmiş uşağın valideynləri bu hadisədə təqsiri olanları məhkəməyə verib, işlərindən azad etdirsəydi, indi belə xoşagəlməz hallar yaşanmazdı.
Valideynlər məsələyə laqeyd yanaşdıqca bağça işçiləri də "fəaliyyətlərinə" davam edəcəkələr. Bir sözlə, valideynlər bağçalardakı hər hansısa bir özbaşınalığa qarşı mübarizə aparsa, bütün məsələlər həllini tapacaq. Bundan əlavə, mətbuat da bu cür hadisələri işıqlandırmalıdır. Belə hal aşkarlanan zaman bütün mətbuat orqanları bunu tirajlayıb, ekranlaşdırıb ictimai qınaq yaratmalıdır. Məsələnin əvvəlindən sonuna kimi bütün səbəblər araşdırılmalıdır”.
Kənan Eynuroğlu