Hüquq müdafiəçisi bəzi hökumət üzvlərinə səsləndi: “Kimin yanında olduğunuzu bildirin! "

“Məmurların və deputatların övladlarının, yaxınlarının əksəriyyəti xaricdə Azərbaycanın vəsaitləri hesabına təhsil alır. Diaspora təşkilatları da Azərbaycandan maliyyələşir, halbuki onların mübarizəsini görə bilmədik




"Mərhum prezident Heydər Əliyev ayrı-ayrı ciddi məsələlərlə bağlı məmurların və hər kəsin qarşısına tələb qoyurdu ki, mövqeyinizi müəyyənləşdirin”.

Bu barədə "Sherg.az”a xaricdəki "həmvətənlərimizin" ölkəmizə və ölkə başçısı cənab İlham Əliyevə qarşı başlatdığı qarayaxma kampaniyasına susqunluq nümayiş etdirməsinə əksər hökumət üzvü və övladlarının susqunluq nümayiş etdirməsinə münasibət bildirərkən "Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirib. 

O vurğulayıb ki, dövlətin atributlarına, dövlətin təhlükəsizliyinə, xalqın dəyərlərinə qarşı təhdidlər davam edirsə, mövqeyimizi müəyyənləşdirməliyik:

"Kimin yanında olduğunuzu bildirin ! Ökə başçısının, dövlətin və müstəqilliyimizin yanındayıq, yoxsa əks qütbdə ? Çünki xaricdən təhqir yağdıran azərbaycanlıların həyata keçirdiyi fəaliyyət təxribatdır. Hətta onlara qarşı cinayət işinin qaldırılmasına da başlamaq olar. Onlar dövlət quruluşunun dəyişdirilməsi, ayrı-ayrı şəxslərə münasibətdə qətllərin həyata keçirilməsi ilə bağlı hədələr səsləndirirlər. 

Təəssüf ki, bizim dövlət qurumlarının bəziləri həmin proseslərdə özlərinin funksional vəzifələrini yerinə yetirmək iqtidarında olmadıqlarını nümayiş etdirdilər. Dövlət bununla bağlı tədbirlər görür, xeyli vəsait ayırır. Təsisatlar bu məsələlərlə bağlı mövqelərini niyə ortaya qoya bilmirlər? Səfirliklərimiz də ciddi fəaliyyət göstərməlidir. Təəssüf ki, onlar da üzərlərinə düşəni icra edə bilmədilər”.

Ə. Nuriyev bildirib ki, bəzi azərbaycanlı məmur və deputatların xaricdən səsləndirilən təhqirlərə yanaşması anlaşılmazdır:

"Məmurların və deputatların övladlarının, yaxınlarının əksəriyyəti xaricdə Azərbaycanın vəsaitləri hesabına təhsil alır. Diaspora təşkilatları da Azərbaycandan maliyyələşir, halbuki onların total mübarizəsini görə bilmədik. Bu təhqir kampaniyasına qoşulanlar ayrı-ayrı təşkilatlardan maliyyələşən vasitələr, qurbanlardır. Əksəriyyəti isə ermənilərin dəstəyi hesabına bu işləri görürlər. Bəlkə də özlərinin də xəbərləri yoxdur.

Bu qarayaxma kampaniyasını seçkiyə müdaxilə kimi qiymətləndirmək olar. Ölkə başçısı növbədənkənar seçki elan etməklə çox düzgün qərar qəbul etdi. Bəziləri hazırlaşmadığı, daxildəki müxtəlif qüvvələrlə fəaliyyətlərini koordinasiya etmədikləri anda qərar qəbul edildi. Prezident yarana biləcək təhlükələri əvvəlcədən görürdü.

Azərbaycan cəmiyyətinin həmin təhqir kampaniyasına qarşı birmənalı mövqeyi var. İctimaiyyət bir növ bütövlük nümayiş etdirir. Bu birlik prezident seçkilərində verdiyimiz səslərdə də özünü göstərəcək. Mən verdiyim səsi müdafiə edirəm, cənab Prezidenti seçmişəmsə, ona qarşı hücumların da əleyhinəyəm”.

Aysel Aslan