Hüquq müdafiəçisindən SOS: "Elə gün olmur ki, bir ana rəhmətə getməsin ! "

Səidə Qocamanlı: "Keçmiş dövrün həmin gözəl ənənəsi qaytarılsaydı bu ölümlərin qarşısını nisbətən almaq olardı. Hər bir hamilə qadın nə etməli olduğunu bilməlidir"



"Sovet dövründə analar hamiləliyi başlananda qadın məsləhətxanalarında qeydiyyatdan keçirdi və 9 ay ərzində nəzarət altında olurdu”.

Bunu Sherg.az-a hamilə qadınlar üçün pulsuz müayinələrin keçirilməsinə münasibət bildirərkən hüquq müdafiəçisi Səidə Qocamanlı deyib. 

O bildirib ki, hazırda belə pulsuz xidmətlər mövcud olmadığından xüsusilə rayon və kəndlərdə ana-uşaq problemləri aktuallaşıb:

"Qadınlar bilmədiklərindən, yaxud utandıqlarına görə, başqa səbəblərdən dolayı qeydiyyata durmurlar. Pulu olmadığına görə xəstəxanada deyil, evdə uşaq dünyaya gətirməyə üstünlük verirlər. Bu isə çox ağır fəsadlarla nəticələnir. Ya uşaq, ya da ana əziyyət çəkir. Hətta elə olur ki, hər ikisinin ölümü ilə nəticələnir. Təəssüf ki, son vaxtlar bu vəziyyət total hal alıb. Mətbuatdan oxuduqlarımıza əsasən deyə bilərik ki, elə gün olmur bir ana rəhmətə getməsin.

Keçmiş dövrün həmin gözəl ənənəsi qaytarılsaydı bu ölümlərin qarşısını nisbətən almaq olardı. Hər bir hamilə qadın nə etməli olduğunu bilməlidir. Həkim ona məsləhətlə yanaşı bukletlər verməli, vaxtlar təyin etməlidir. İndi bu ənənələr olmadığına görə belə faciələr baş verir.

Təbii ki, maddiyyat bu problemin aradan qaldırılmasında böyük rol oynayacaq. Bütün bu nəzarət, anaya qayğı pulsuz olmalıdır. Çünki onlar vətən üçün övlad dünyaya gətirirlər, Azərbaycanın əhalisinin çoxalmasına, gələcək əsgərin, oğul-qızlarımızın dünyaya gəlməsinə görə, əziyyət çəkirlər. 

Düşünürəm ki, ilk növbədə məhz qadınlar analar üçün bütün bu xidmətlər pulsuz olmalıdır. Övladın dünyaya gəlməsinə qədər dövlət tərəfindən pulsuz şərait yaradılmalıdır. Etiraf edək ki, uşağı dünyaya gətirən qadın mütləq xəstəxanada pul ödəməlidir. Amma elə qadın var pulu yoxdur. Ona görə, dövlət dəstək olmalıdır”.

Aysel Aslan