Hüquqşünasdan ŞOK açıqlama: "Narkobaronlar uşaqlardan istifadə edir"





"Bəzi şəxslər məsuliyyətdən yayınmaq üçün narkotik maddələrin istifadəsi və satışına uşaqları cəlb edir”.

Bunu Sherg.az-a ötən il 5 uşağın narkotik satışına görə tutulmasına münasibət bildirərkən vəkil İradə Cavadova deyib. 

O bildirib ki, belə cinayətkarlar müəyyən vasitələrlə uşaqları ələ alır və onların köməkliyindən istifadə edərək, faktiki cinayət məsuliyyətindən qaçmaq istəyirlər:

"Təbii ki, bir qədər cinayət məcəlləsində bu məsələ sərtləşdirilib. Satış məqsədilə olmadan narkotik vasitələrdən istifadə edərlərsə, həmin şəxslər 3 ilə qədər cəzalandırılır. Satış məqsədilə, yaxud qanunsuz olaraq bu maddələrin saxlanması, əldə edilməsi, hazırlanması kimi hallarda 7 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Cinayətin əhatəsindən və ağırlığından asılı olaraq cəza müddəti də artırılır. Lakin görürsən ki, yenə də narkotik maddələrin istifadəsi, daşınması İran ərazisindən gətirilməsi, cənub zonalardan marixuanın əkilməsi kimi hallara tez-tez rast gəlinir. Beləliklə, həmin şəxslər həbs olunur. Çox zaman olur ki, narkobaronlar, cinayətkar qrupun başında dayananlar həbs olunmur. Ancaq ortada vasitəçi olanlar, çox zaman işdən xəbərsiz olanlar məsuliyyətə cəlb olunurlar. Hesab edirəm ki, məktəblərdə kütləvi informasiya vasitələrində bu sahədə maarifləndirmə daha güclü olmalıdır. İnsanlar daha çox məlumat əldə etməlidirlər”.

İ.Cavadova hesab edir ki, narkotik maddənin istifadəçiləri deyil, onlara satan şəxslərə qarşı ciddi tədbirlər görülməlidir: 
" Narkotik maddə istifadəçilərinin nəyin cəzasını çəkdiyi bəlli deyil. Çünki həmin şəxs oradan çıxdıqdan sonra, hətta azadlığa çıxmadan, həbsxananın özündə belə onu istifadə etməkdə davam edir. Bu yaxınlarda yayılan məlumatı diqqətə çatdırım ki, ailə üzvü narkotik vasitəni çörəyin içində məhkuma ötürməyə cəhd etmişdi. Bu onu göstərir ki, həmin şəxs xəstədir, onsuzda çıxanda istifadə edəcək. Təəssüf ki, onları məcburi müalicə etmək də olmur. Buna baxmayaraq cəzaçəkmə müəssisəsində saxlamağın mənası yoxdur”.

Qeyd edək ki, ötən il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün 2607 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 5 nəfəri 18 yaşadək, 176 nəfəri 18-25 yaşadək, 412 nəfəri 26-29 yaşadək, 2014 nəfəri 30 yaşdan yuxarı, 22 nəfəri fəhlə, 6 nəfəri qulluqçu və ya maddi məsul şəxs, 3 nəfəri təsərrüfat işçisi, 1 nəfəri ali məktəb tələbəsi, 2331 nəfəri işləməyənlər, 2570 nəfəri kişilər, 37 nəfəri qadınlar, 907 nəfəri əvvəllər cinayət törətmişlər, 21 nəfəri isə əvvəllər xüsusi qeydiyyatda olanlardır.

Aysel Aslan