I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti...





Son illər Azərbaycanda idman və Olimpiya Hərəkatı çox yüksək səviyyədə inkişaf etdirilir. Çünki bu sahəyə dövlət səviyyəsində böyük diqqət göstərilir. Həmin qayğının nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi nüfuz qazanıb. Mötəbər idman tədbirlərinin mərkəzinə çevrilən ölkəmizdə indiyədək Avropa və dünya çempionatları kimi möhtəşəm idman tədbirləri təşkil edilib. Çox sevindirici haldır ki, təmsilçilərimiz ayrı-ayrı idman növləri üzrə yarışlarda uğurla çıxış edərək, beynəlxalq arenalarda dövlət himnimizin səsləndirilməsinə nail olub, bayrağımızı zirvələrə qaldırıblar.

Ölkəmizdə idman və Olimpiya Hərəkatının tərəqqisi istiqamətində görülən işlər beynəlxalq idman təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Bu il ilk dəfə keçiriləcək I Avropa Oyunlarına ev sahibliyinin Azərbaycana həvalə edilməsi görülən işlərə verilən ən yüksək qiymətin bariz nümunəsidir. Şübhəsiz ki, sözügedən beynəlxalq yarışın Azərbaycanda baş tutması ölkəmizin dünya miqyasında mövqeyinin güclənməsinə və öz müsbət imicini yaratmasına xidmət göstərir. Eyni zamanda bu cür tədbirlər Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və 20 yanvar hadisələrinə dair haqq səsimizin, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm rola malikdir. Bundan əlavə, məlum oyunlar Azərbaycanın modern, dünyəvi, çox zəngin mədəniyyət və tarixə malik ölkə kimi tanınmasına imkan verəcək. Həmçinin I Avropa Oyunlarının keçirilməsi ilə bağlı əldə edilən bilik, bacarıq və təcrübə Azərbaycan üçün misilsiz kapitala çevriləcək. Bu kapital, yerli mütəxəssislərin təcrübə qazanması və beynəlxalq əməkdaşlıq praktikasının inkişafı baxımından çox zəruri amildir. Əlbəttə, bu oyunları keçirməklə Azərbaycan özünü həm də, müvafiq texniki, mühəndis, kadr, menecment potensialına malik ölkə kimi təqdim edir.
Qeyd edək ki, I Bakı Avropa Oyunları 12-28 iyun tarixləri arasında baş tutacaq. Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.

Ölkəmizin zəngin mədəni irsi nümayiş olunacaq

Tədbirin əhəmiyyətindən söz açan Heydər Əliyev Fondunun prezidenti, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva qeyd edib ki, yarışların başlıca fərqli cəhəti xeyirxahlıq və qonaqpərvərlik ab-havası olacaq: "Ölkəmizin zəngin mədəni irsini nümayiş etdirmək istəyirik. Bildiyiniz kimi, Azərbaycan qədim diyardır və multikulturalizm, dözümlülük, tolerantlıq kimi anlayışlar xalqımıza məxsus keyfiyyətlərdir. Əminəm ki, bunu bütün qonaqlar hiss edəcəklər. Oyunlara hazırlıq üçün bizə cəmi iki il yarım vaxt ayrılmışdı. Bu vaxtın çox dar məqam olduğuna baxmayaraq, biz idmançılar, rəsmi şəxslər, paytaxtımızın qonaqları üçün maksimum rahat şərait yaratmağa çalışmışıq ki, bu bayram əsl birlik, dostluq və idman bayramına çevrilsin”.

Azərbaycan dünyada idman ölkəsi kimi tanınır

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova da söyləyib ki, hazırda Azərbaycan idman yarışlarının professional təşkilatçısı hesab olunur. Onun sözlərinə görə, ölkəmiz çoxsaylı dünya və Avropa çempionatlarına ev sahibliyi edib və paytaxtımıza təşrif buyuran hər bir qonaq keçirilən yarışların yüksək səviyyədə təşkilindən razı qalıblar: "Bütün bunların nəticəsidir ki, Azərbaycan dünyada həm də tolerant ölkə kimi də tanınır. 2015-ci il I Avropa Oyunlarının keçirilməsinə namizədliyimizi əbəs yerə irəli sürməmişdik. Azərbaycan idman ölkəsi olduğunu bir daha sübut etdi. Məhz buna görə də dünya ölkələrinin çoxu Bakını dəstəklədi. Bu yarış müddətində də ölkəmiz bir daha Azərbaycanın qonaqpərvərliyini, tarixini, mədəniyyətini dünyaya tanıdacaq”.

İdmançılarımızın uğuru Prezidentin qayğısından doğur

İdmana və idmançılara dövlət qayğısından danışan nazirlik rəsmisi hesab edir ki, məhz cənab Prezidentin idmana dəstəyi, idmançılara qayğısı və diqqəti sayəsində ölkəmiz idman arenasında böyük uğurlar qazanıb: "İnanırıq ki, cənab Prezidentin qeyd etdiyi kimi, birinci Avropa Oyunları, 2016-cı ildə Dünya Şahmat Olimpiadası, 2016-cı ildə "Formula 1” yarışı, 2017-ci ildə İslam Həmrəylik Oyunları, 2020-ci ildə futbol üzrə Avropa Çempionatı və digər nəhəng yarışların Bakıda keçirilməsi ölkəmizi idman arenasında professional təşkilatçı kimi dünyaya nümayiş etdirəcək”.

Ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlir

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də düşünür ki, I Avropa Oyunlarının təşkili Azərbaycan üçün böyük əhəmiyyətə malik hadisədir: "Ölkəmiz tarixdə ilk dəfə bu cür irimiqyaslı yarışa ev sahibliyi edəcək. Qitə Oyunlarına Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən ciddi hazırlıq işləri aparılır. Paytaxtın müxtəlif yerlərində yeni infrastruktur layihələri həyata keçirilir. Artıq bir neçə idman obyekti yarışları qəbul etməyə hazırdır. 68 min tamaşaçı tutumuna malik yeni Olimpiya Stadionu və Bibiheybət qəsəbəsində inşa edilən Su İdman Sarayında artıq son tamamlama işləri aparılır. Mövcud idman obyektlərindən Bakı İdman Sarayı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi isə əsaslı təmir edilir. Müəyyən idman növləri üzrə yarışların keçirilməsi üçün nəzərdə tutulan müvəqqəti idman obyektləri də quraşdırılır. İdman qurğularının tam hazır vəziyyətə gətirilməsi üçün işlər planlı şəkildə həyata keçirilir. Avropa Oyunlarında iştirak edəcək könüllülərin hazırlığı ilə bağlı müxtəlif tədbirlər görülür. Proqrama daxil olan ayrı-ayrı idman növləri üzrə ölkənin idman federasiyalarında yarışlara hazırlıq prosesi davam edir. Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkil olunması vacib amillərdəndir. Bu mərasimlərin daha yaddaqalan və möhtəşəm olması üçün Bakı-2015 Təşkilat Komitəsi tərəfindən müvafiq tədbirlər görülür. Ölkəmizdə I Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə gedir”.

Ölkəmizin mötəbər yarışların təşkilinə dair təcrübəsi artıb

Komitə rəsmisinin qənaətincə, Azərbaycan mötəbər idman tədbirlərinə ev sahibliyi etməklə dünyanın idman mərkəzlərindən birinə çevrilib: "Avropa Oyunlarından sonra ölkəmiz 2016-cı ildə şahmat olimpiadasına, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına, 2020-ci ildə isə futbol üzrə Avropa Çempionatının mərhələ yarışına ev sahibliyi edəcək. Xatırladım ki, Azərbaycan 2016 və 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürəndə qarşıya çıxan əsas maneə ölkənin indiyədək kompleks yarışları təşkil etməkdə təcrübəsinin olmaması idi. Avropa Oyunlarının ən yüksək səviyyədə təşkil olunacağı heç kimdə şübhə yaratmır. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında vurğulayıb ki, biz Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində keçirəcəyik. İnanıram ki, Avropa oyunlarından sonra ölkəmiz Yay Olimpiya Oyunlarına da ev sahibliyi hüququnu qazana biləcək.

Azərbaycan Avropa Oyunlarının tarixini yazacaq

Müsahibimizin fikrincə, bütün dünyada Avropa Oyunlarının ölkəmizdə təşkili yüksək dəyərləndirilir: "Hamı əmindir ki, Avropa Oyunları Azərbaycanda yüksək səviyyədə keçiriləcək və Azərbaycan Avropa Oyunlarının tarixini yaradacaq. Xatırladım ki, ötən ilin noyabr ayında Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası keçirildi. Tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax da iştirak edirdi. Bakıya heyran olduğunu bildirən BOK prezidenti ölkəmizdə inşa edilən idman obyektlərinə valeh olduğunu gizlətmədi. Mötəbər yarışın Azərbaycanda yüksək səviyyədə təşkil olunacağına əminəm. Avropa Oyunlarında yarışları qitənin idman federasiyaları təşkil edəcəklər. Bizdən asılı olan məsələlər Oyunların təşkilatçılıq məsələləri, tamaşaçıların yarışlara cəlb olunması, könüllülərlə işin qurulması və yarışların ədalətli oyun prinsiplərinə əsasən keçirilməsidir. Tamaşaçı fəallığı bu cür mötəbər yarışlarda mühüm amillərdəndir. Adətən, Olimpiya Oyunlarında jurnalistlər KİV nümayəndələrinə yaradılan şəraiti və tamaşaçı çoxluğunu əsas meyar kimi götürürlər. İdmançılar üçün vacib amil Media və Atletlər kəndində yaradılan şərait, yarışların ədalətli keçməsidir. Rəsmi qonaqlar üçün isə nəqliyyat sistemi, tamaşaçı auditoriyası və qidalanma da böyük əhəmiyyət kəsb edir”.

Oyunların təşkili Azərbaycanda turizmin inkişafına təkan verəcək

Ç.Hüseynzadə diqqətə çatdırıb ki, Avropa Oyunları Azərbaycanın iqtisadi, siyasi və idman həyatında çox mühüm rol oynayacaq: "Ölkəmiz bu yarışlardan sonra dünyada daha da tanınacaq. Azərbaycan 24 ildir müstəqillik dövrünə qədəm qoyub. Bu oyunların təşkili Azərbaycanın dünyada nüfuzunu daha da artıracaq. Oyunların təşkili paytaxtımızın infrastrukturuna müsbət

təsir göstərəcək. Yarışlarla bağlı nəqliyyat sistemində, infrastrukturlarda, hətta qanunvericilikdə də müəyyən dəyişikliklər edilib. Görülən işlər bir irs olaraq gələcək nəsillərə ötürüləcək. Məsələn, tədbirlə bağlı yaradılan təhlükəsizlik və nəqliyyat sistemindən sonralar da istifadə ediləcək. Ölkəmizdə və o cümlədən Bakıda böyük quruculuq işləri həyata keçirilir. Bütün bunlar gələcəkdə ölkəmizin həyatında önəmli rola malik olacaq.

Oyunlar ölkəmizə öz tarixi və siyasi görüşlərini dünyaya çatdırmaq imkanı verəcək

Milli Məclisin deputatı, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev də qeyd edib ki, sözügedən yarışların ölkəmizdə baş tutması tarixi hadisədir: "Bu oyunda Azərbaycan ilkə imza atacaq. İndiyə qədər Azərbaycanda müxtəlif idman növləri üzrə Avropa və dünya çempionatları keçirilib. Ancaq Avropa Oyunları masştabında hər hansı yarış olmayıb. Hesab edirəm ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi mühüm əhəmiyyətə malikdir. Baxın, Avropa ölkələrinin əksəriyyəti öz idmançıları ilə I Avropa Oyunlarında təmsil olunacaq. Onların azarkeşlərini də bura əlavə etsək, demək ki, ölkəmizin təbliğatında bu yarışın önəmi çox böyükdür”.

Assosiasiya prezidentinin fikrincə, tədbirin Azərbaycanda keçirilməsi bizim üçün tamamilə yeni bir səhifə açır: "Azərbaycanın adət-ənənələri, mədəniyyəti, tarixi, milli xüsusiyyətlərimizin gələn qonaqlara çatdırılmasında I Avropa Oyunlarının müstəsna əhəmiyyəti olacaq. Bu, həm də turizmin inkişafına böyük töhfə verəcək. Əlbəttə, yarışlar zamanı Bakıya gələcək əcnəbilər üçün ölkəmizi görmək çox xoş olacaq və ona da əminəm ki, geri döndükdən sonra yenidən Azərbaycana qayıdacaqlar. Bu oyunların ölkəmizdə təşkil olunması Azərbaycanı inkişaf etmiş Avropa ölkələri sırasına aparan yoldur. Baxın, bir haşiyə çıxmaqla oyunların əhəmiyyətini diqqətə çatdıracam. Bu gün ABŞ-ın 17 ştatı Xocalı soyqırımını tanıyıb. Bu, Azərbaycan dövlətinin uzun müddətdən bəri apardığı siyasətin nəticəsidir. Yarış zamanı Azərbaycanın təbliği üçün kifayət qədər münbit şərait yaranacaq. Təbliğatın nəticəsi bir gündə özünü göstərə bilməz. 3-5 ildən, 10 ildən, 20 ildən sonra təbliğat məsələsi öz işini görəcək. Bu baxımdan düşünürəm ki, milli məsələlər, dövlətimizin maraqları hər şeydən öndə olmalıdır. Biz oyunlarda milli xüsusiyyətlərimizi, dövlətimizi, xalqımızı tam olaraq Avropaya çatdıracağıq”.

Qələbələrimizlə tarixə düşəcəyik

Taekvando üzrə milli hakim və idman jurnalisti Təranə Xudabaxşiyeva söyləyib ki, Avropa Oyunları Azərbaycan idmanı və dünya idmanı tarixində xüsusi yer tutacaq: "Azərbaycanda keçirilən Avropa Oyunlarının məşəlində Azərbaycanın sərvətlərinin təsvirindən istifadə bizi dünyaya daha yaxşı tanıdacaq. Şəxsən mən məşəli və çırağı çox bəyəndim. İnşallah, bu oyunlarda ev sahibi olmaqla yanaşı, qələbələrimizlə də tarixə düşərik. Hamımıza uğurlar”.

Yazı Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

Ayyət Əhməd