I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti
Ölkəmizdə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün müvafiq hazırlıq işləri uğurla davam etdirilir. Mübaliğəsiz Azərbaycan birinci Avropa Oyunlarına tam hazırdır deyə bilərik.
Sözsüz ki, bu cür mötəbər tədbirin Bakıda keçirilməsi Avropa ailəsinin Azərbaycana böyük etimadının açıq göstərcisidir. Ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, eləcə də idmançılarımızın beynəlxaq yarışlarda əldə etdiyi uğurlar I Avropa Oyunlarının Azərbaycanda təşkil olunmasını şərtləndirən başlıca faktorlardır. Ölkəmizdəki mövcud imkanlar istənilən səviyyəli beynəlxalq tədbiri yüksək səviyyədə təşkil etməyə imkan verir.
İndi də növbə Azərbaycanındır
Qeyd edək ki, 2012-ci il dekabrin 8-də İtaliyanın paytaxtı Romada keçirilən Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında ilk dəfə Avropa Oyunlarının keçirilməsi və bu oyunların Bakıda təşkil olunması barədə qərar qəbul edilib. Bu tarixi qərar isə özlüyündə ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Çünki səsvermənin nəticəsinə görə Avropa Oyunlarına ev sahibliyi Bakıya həvalə edilib. İyunun 12-dən 28-nə kimi davam edəcək bu idman bayramı Azərbaycanı Avropa tarixinə yazacaq. Əsrlər keçəndən sonra da Azərbaycan adı Avropanın idman tarixində səslənəcək, müxtəlif viktorinalarda, yarışmalarda hər zaman olunacaq. Bəlkə də ölkəmizin adını unudulmayacaq tarixə yazmaq üçün illərlə çalışıb nail ola bilməzdik. Amma dövlətin gücü, prezident İlham Əliyevin iradəsi və strateji qərarı ilə buna cəmi 16 gün ərzində nail oluruq. Zaman, əsr, texnologiya, Avropa Oyunlarının məkanı dəyişəcək, amma ilk oyunlarının təşkilatçısı, həmin oyunlara ev sahibliyi edən Azərbaycanın birinciliyi dəyişməyəcək. Yaşından, dinindən, irqindən, siyasi mövqeyindən, ölkəmizə sevgisindən asılı olmayaraq, dünyanın idman arenasında hər kəsin yadında Azərbaycan ilk oyunların təşkilatçısı kimi qalacaq. Dünyada uşaqdan - böyüyə hər kəs bilir ki, ilk olimpiya oyunları qədim Yunanıstanda keçirilib. Heç bir tarixə malik olmasa belə, Yunanıstanın bu tarixi ilkə imza atması onun haqqında dünyaya yetərincə bilgi vermək gücündədir. İndi də növbə Azərbaycanındır. Azərbaycanın adı, onun qüdrəti ilk Avropa Oyunlarının keçirildiyi məkan kimi dünya tarixində əbədi yazılacaq. Sözsüz ki, bu kimi idman yarışlarının ev sahibi olan ölkələrin siyasi məqsədləri də olur.
Bundan böyük imkan olarmı?
Faktiki olaraq, Ermənistan tərəfindən təcavüzə məruz qalmış, torpaqlarını 20 faizi işğal altında olan, XX əsrin ən böyük cinayətlərindən biri olan Xocalı Soyqırımı kimi faciə ilə üzləşmiş, 1 milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün isə olduqca böyük fürsətdir. Təkcə yarışlara qatılan idmançıların sayı 6 min nəfərdən çox olacaq. Texniki heyət, jurnalistlər, turistlər, azarkeşlər hesabına bu say on minlərlə olacaq. Oyunları işıqlandırmaq üçün iki min nəfər jurnalistin ölkəmizə gələcəyi gözlənilir. Bundan böyük imkan olarmı? Bu da bizim üçün tariximiz, üzləşdiyimiz faciələr, mədəniyyətimizlə bağlı dünyanın informasiya məkanına yeni çıxış imkanıdır. Təbi ki, bu imkan vətəndaş cəmiyyətinin bütün spektrlərinin üzərinə də ciddi vəzifələr qoyur. Bütün imkanlardan yararlanaraq, daha çox təbliğat aparmaq, mədəniyyətimizi, tariximizi, torpaqlarımızın işğalı faktını və bütünlükdə ölkəmizi təbliğ etmək qarşımızda duran əsas missiyadır. İnanırıq ki, Azərbaycan cəmiyyəti bunun öhdəsindən layiqincə gələcək.
Azərbaycanın birinci xanımı, birinci Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə bu möhtəşəm idman yarışına əsaslı hazırlıq aparılıb. Olimpiya oyunlarının dünyada təbliğ olunması görünməmiş miqyasda və uğurla təşkil edilib. Təşkilat Komitəsinin sədrinin iştirakı ilə Avropanın əsas ölkələrində təqdimat mərasimləri keçirilib. Bir sözlə, artıq bütün dünyanın diqqəti Azərbaycanda keçiriləcək "Bakı-Avropa Oyunları - 2015”dədir.
...Azərbaycanda milli cəhətdən heç bir problemin olmadığını görəcəklər
Millət vəkili Vahid Əhmədov da Azərbaycanda keçiriləcək ilk Avropa oyunlarının əhəmiyyətindən ürəkdolusu söz açıb: "Təsəvvür edin ki, 6 min 200-ə yaxın idmançı Azərbaycana gələcək, 50-ə yaxın dövləti təmsil edəcəklər. Həmin dövlətlər bir daha Azərbaycanda gedən iqtisadi inkişafı, Azərbaycanın uğurlarını, Azərbaycanda milli cəhətdən heç bir problemin olmadığını görəcəklər. Və gedəndə də Azərbaycanda gördükləri şəraiti öz ölkələrində danışacaqlar. Bunun Azərbaycan üçün çox böyük siyasi əhəmiyyəti var” . V. Əhmədovun sözlərinə görə, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi əlbəttə çox dövlətlərin xoşuna gəlmir. Azərbaycanı istəməyən dövlətlər, Azərbaycanın inkişafını görmək istəməyən qüvvələr əlbəttə bu standartlardan istifadə edib ölkəmiz əleyhinə təbliğat aparırlar. Amma kimliyindən aslı olmayaraq, Azərbaycan bir daha dünyaya sübut etdi ki, tolerant demokratik yolla inkişaf edən bir dövlətdir.
Avropa Oyunlar heç bir əhəmiyyət kəsb eləmirsə, bu qüvvələr nə üçün fəallaşıb?
Millət vəkili Fəzail İbrahimli də deyib ki, Avropa Oyunlarına gələn hər bir insanın Azərbaycan haqqında düşüncələri dəyişəcək. Müsbətdirsə artacaq, mənfidirsə o müsbətə çevriləcək: "Azərbaycanın mədəniyyəti ilə tanış olacaq, tarixi ilə tanış olacaq. Qonaqpərvərliyi ilə tanış olacaq. Azərbaycanın iqtisadi uğurlarını yeni libasda, tamamilə yeni libasda təqdim olunan Azərbaycanı yeni formada görəcək. Azərbaycanda siyasi həyatın, siyasi sabitliyin tamamilə digər ölkələrə nümunəvi məqamını görəcək. Təəssüflə qeyd etməliyik ki, son vaxtlar anti-Azərbaycan dairələri, eləcə də erməni lobbisi tərəfindən ölkəmizə qarşı və I Avropa Oyunlarını gözdən salmaq, onun əhəmiyyətini azaltmaq məqsədilə geniş "qara piar” kampaniyasına başlanılıb. Subyektiv mülahizələrdən ibarət, dezinformasiya və şantaj xarakterli məlumatların dövriyyəyə buraxılması əslində I Avropa Oyunlarının nə dərəcədə əhəmiyyətli olduğunu şərtləndirir. Bu oyunlar heç bir əhəmiyyət kəsb eləmirsə, bu qüvvələr nə üçün fəallaşıb? Deməli bu oyunun əhəmiyyəti, bunun əhatə dairəsi, bunun xalqımızın tarixi üçün önəmli olduğundan narahat olan qüvvələr bu məsələni, oyunları baykot etmək, iştirak etməmə və.s. çağırır ki, bunun da məntiqi mənası ondan ibarətdir ki, bu oyunların Azərbaycan xalqının tarixində, taleyində, həyatında böyük rolu olacaq”.
Onun fikrincə I Avropa Oyunları həm də Azərbaycan üçün bir məsuliyyət məsələsidir. Olimpiadaya hazırlıq üçün digər ölkələrə 7-8 il vaxt verildiyi halda, ölkəmiz bu mühüm yarışlara hazılığı 2 il yarım ərzində tamamlamağa müvəffəq olub. Bu, Azərbaycanın güclü potensialını, istənilən nəticəni əldə etmək imkanlarını açıq şəkildə göstərir.
Avropa Oyunları bizim üçün çox böyük qazancdır
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin fikrincə I Avropa Oyunlarının ən böük əhəmiyyəti Azərbaycan haqqında düşmən qüvvələrin formalaşdırdığı yanlış fikirlərin aradan qaldırılması olacaq: "Avropa Oyunları Azərbaycanı Avropada daha yaxşı tanıdacaq. Biz 1988-ci ildən bu günə kimi Azərbaycan haqqında dünyada yanlış məlumat olduğunu, siyasətimizi düzgün qura bilmədiyimiz haqqında fikirlərimizi dəfələrlə bildirmişik. Bu oyunlar Azərbaycanı Avropada təbliğ edir. Qərb dünyası Azərbaycan dəyərlərini və Azərbaycanın yaşam tərzini daha yaxından izləyə biləcək. Avropa Oyunları bizim üçün çox böyük qazancdır. Azərbaycan haqqında elə təsəvvürlər olur ki, adam utanır. Elə bilirlər ki, bura Əfqanıstan, İran, yaxud da digər islam dövlətləri kimi yaşayır. Bəzən fərqli yanaşmalar olur, bizi dünyanın bir parçası da hesab etmirlər. Bu oyunlar bizim üçün çox əhəmiyyətlidir. Bəzən dövlətlər buna minlərlə pul xərcləyir ki, belə bir tədbir ölkəsində keçirilsin və onun da sayəsində ölkəsini tanıda bilsin. Sıravi avropalının Azərbaycanı tanıtması üçün yaxşı fürsətlərdən biridir. Biz də bundan lazımınca yararlanmalıyıq”.
"Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva da Avropa oyunlarının Bakıda keçirilməsinin əhəmiyyətini çox yüksək qiymətləndirib: " Bu, böyük tarixi hadisədir. Çünki ilk dəfədir ki, ölkəmizdə Avropa Oyunları keçirilir. Bu oyun isə məhz ilk Avropa oyunları kimi əhəmiyyətli bir tədbirdir. Baxmayaraq ki, Olimpiya Oyunları Avropa qitəsində yaranıb və ondan sonra Avropa qitəsində də bərpa edilib ancaq bu günədək Avropa Olimpiadası keçirilməyib. İlk oyunların Bakıda keçirilməsi, əlbəttə, böyük nailiyyətdir və uğurumuzdur. Bu tarixi qərarın qəbul edilməsində ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilib. Baxmayaraq ki, 21 ildir müstəqil dövlət kimi yaşayırıq bu gün Azərbaycan dünyada çox etibarlı tərəfdaş və dost kimi tanınır. Avropa idman ailəsinin bizə göstərdiyi etimadın təməlində, eyni zamanda, idmançılarımızın uğurları da böyük rol oynayıb. Çünki Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. İdmançılarımızın uğurları həm Avropa, həm dünya çempionatlarında, həm də Olimpiya Oyunlarında özünü göstərir”.
Qitə miqyaslı bu idman bayramını əksər Avropa ölkələri böyük maraqla gözləyirlər
Azərbaycanın idman ictimaiyyəti də ilk Avropa Oyunlarının əhəmiyyətini yüksək qiymətləndirir.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov hesab edir ki, ki, Oyunların ölkəmizdə keçirilməsi Avropa Olimpiya Komitəsinin respublikamıza olan etimadı kimi dəyərləndirilməlidir: "Bu Oyunlar tarixdə ilk dəfə Azərbaycanda keçirilir. Bu, bir daha Azərbaycanın idman ölkəsi olduğunu göstərir. Digər tərəfdən, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin mühüm siyasi əhəmiyyəti var. Çünki dünya və qitə miqyaslı mötəbər idman tədbirlərinin hər hansı ölkədə keçirilməsinə qərar verilərkən, mütləq həmin ölkəninin siyasi, ictimai, sosial, mədəni və digər sahələrindəki vəziyyəti araşdırılır. Bu baxımdan, yarışların Azərbaycanda keçirilməsi bir daha ölkəmizin müasir, demokratik və təhlükəsiz bir ölkə olduğunu təsdiqləyir”. Ölkəmizin Avropanın idman mərkəzlərindən birinə çevrildiyini deyən Elçin Cəfərov əlavə edib ki, dünya ictimaiyyəti bir daha Azərbaycanın nə qədər inkişaf etdiyinin, günbəgün gözəlləşdiyinin şahidi olacaq.
Azərbaycanın qadın güləşi üzrə yığma komandasının böyük məşqçisi Yaqub Məmmədov isə Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmizin istər idman, istərsə də digər sahələrdə inkişafına müsbət təsir göstərəcəyini bildirib: "Bilirsiniz ki, Prezident İlham Əliyevin bütün sahələrə olduğu kimi, idman sahəsinə də böyük diqqət və qayğısı var. Bu gün ölkəmizdə inşa edilən çoxsaylı idman kompleksləri, Azərbaycan idmançılarının son dövrlər beynəlxalq aləmdə qazandıqları parlaq qələbələr bu diqqət və qayğının bariz nümunəsi sayıla bilər”. Yaqub Məmmədovun sözlərinə görə, ictimai təşkilatlar, sadə vətəndaşlar tərəfindən bu Oyunlara böyük dəstək və maraq var: "Qitə miqyaslı bu idman bayramını əksər Avropa ölkələri böyük maraqla gözləyirlər. Mən inanıram ki, idmançılarımız xalqımızı öz parlaq oyunları və qələbələri ilə bu yarışlarda sevindirəcəklər”.
Şəymən Aşırlı
Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün