“İbadət etmək istəyən İrana, Səudiyyə Ərəbistanına da gedərdi”

Kriminalist ekspert, Suriyaya döyüşə gedən azərbaycanlıların məhkəmədə yalan danışdıqlarını deyir



Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşən qanunsuz silahlı birləşmələrə qatılmaqda təqsirləndirilən 6 nəfər azərbaycanlının - Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov, Maarif Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Onların heç biri ittiham üzrə özlərini günahkar bilməyib. Bundan sonra təqsirləndirilənlərdən Eldost Quliyev sərbəst ifadə verib. O, ifadəsində şəriət qaydaları ilə idarə olunan ölkədə yaşamaq istədiyini bildirib: "Bu sözləri özümü müdafiə etmək üçün demirəm. Çünki bilirəm ki, bunun heç bir əhəmiyyəti yoxdur. Bakıda illərdir namaz qılıram. İnternetdən videolara baxdım. Xoşum gəldi, qərar verdim ki, gedib şəriət torpağında yaşayım. Gürcüstana getdim, oradan da Türkiyənin Hatay şəhərinə. Suriyada Ələ-Ərəbiən şəhərinə getdim. Burdan gedəndə pulum olduğu üçün ev tutdum. Orada heç bir silahlı birləşmədə, heç bir silahlı təlimdə iştirak etməmişəm. Sonra öz istəyimlə Bakıya qayıtmışam. Orada həyət-baca sulamışam, təsərrüfatla məşğul olmuşam. İttihamda yazılıb ki, guya, gürcü olan bir şəxsin qrupunda iştirak etmişəm. Əgər mən o şəxsi, icmanı tanıyıramsa, həyatımda bircə dəfə görmüşəmsə, Allah mənə lənət eləsin”. Bundan sonra Eldost Quliyev hakimlərin və dövlət ittihamçısının suallarını cavablayıb. Məlumat üçün bildirək ki, məhkəmə prosesi aprelin 28-nə qədər fasilə elan edib.

Təqsirləndirilənlərin iddialarını dəyərləndirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist, müstəqil tədqiqatçı İlqar Altay "Şərq”ə söyləyib ki, onlar döyüşə gediblər: "İbadət etməyə gedən İrana və Səudiyyə Ərəbistanına üz tutar. Terror dəstələrinin vuruşduğu bir ölkəyə yollanmaqda bir məqsəd var, o da döyüşmək. Əlbəttə, onlar məhkəmədə günahlarını yüngülləşdirmək məqsədilə belə açıqlamalar verirlər. Onların həbs prosesi və operativ tədbirlər boş-boşuna aparılmayıb. Azərbaycan hüquq-mühafizə orqanları onları izləyib. Barələrində sübut-dəlil toplayıb və məhkəməyə gətirib çıxarıblar. Məhkəmə də faktlara istinadən mövqeyini bildirəcək. Həqiqət ondan ibarətdir ki, onlar qan tökməyə gediblər. Cihad adı ilə müxtəlif qruplara qoşulmaqla ekstremist təbiətlərini ortaya qoyublar. Adama sual verərlər ki, burda rahat ibadət edə bilmirdilərsə, indiyə kimi niyə getmirdilər? Söylədikləri bəhanədən başqa bir şey deyil. Belə insanlara qarşı mübarizə güclənməlidir”.

Ekspertin fikrincə, belə bir məhkəmənin baş tutması ölkəmiz üçün çox müsbətdir: "Bu, qabaqlayıcı tədbirdir. Baxın, elələri olub ki, onları döyüşə ailəsi yola salıb. İndi həmin valideynlər anlayacaqlar ki, etdikləri cinayətdir. Bir ölkənin insanı burda Qarabağı qoyub, gedib əcnəbi torpaqda vuruşur. Heç bilmir ki, niyə və kimə qarşı silah çəkir”.

Bununla yanaşı, İ.Altay hesab edir ki, orada döyüşüb, ölkəmizə qayıtmış adamı cəmiyyətin içərisinə buraxmağın özü də böyük təhlükə vəd edir: "Azərbaycan ictimai sabitliyin qorunduğu ölkədir. Düzdü, arabir məişət və oğurluq zəminində qətl hadisələri baş verir. Bu, bütün cəmiyyətlərdə mövcuddur. Amma xüsusi təlim keçmiş kriminalların yerləşməsi halı ölkəmizdə müşahidə olunmur. Təsəvvür edin, onlar gedib aylarla, illərlə qızğın döyüşlər görüblər, baş kəsiblər və yaxud başkəsənlərə yardım ediblər. Belə insanların qayıdıb normal, sivil cəmiyyətə adaptasiyası uzun prosesdir. Onları cəmiyyətə buraxsaq, istənilən vaxt birləşə bilərlər. Onlar üçün qan tökmək elə də çətin iş deyil. Aqressivləşmiş insanlardı. Gözlərini qan örtüb. Görün ideoloji olaraq nə qədər dəyişiblər ki, əllərinə silah götürüb haqsız insanların başını kəsirlər. Onlar cəmiyyətimiz üçün bu təhlükələri saçırlar. Azərbaycan hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları dediklərimi məndən də yaxşı bilir. Həmin kriminallar dövlət çevrilişinə də cəhd edə bilərlər. İctimai təlatümlər yarada bilərlər”.

Həmsöhbətimizin qənaətincə, belə aqressiv insanları mədəni şəkildə tərbiyələndirmək müşkül məsələdir: "Hansısa qanunsuz silahlı qruplaşmalara qatılıb, qan tökmək dövlətin qanunlarına ziddir. Bunun qarşısını hüquq-mühafizə və məhkəmə orqanları ala bilər”.

Kriminalist onu da əlavə edib ki, məlum axının dayandırılması istiqamətində QHT-lər və media müəyyən işlər görməlidir: "QHT-lər gedib məramı-məqsədi bəlli olmayan layihələr götürürlər. Əslində bu cür məsələlərə dair layihə götürüb, milləti maarifləndirmək lazımdır. İnsanlara dini ekstremizmə yol verməyin ən böyük cinayət olduğunu anlatmaq lazımdır. Soydaşlarımızı Suriyaya aparanların təbliğatının qarşısına QHT-lər anti-təbliğat qoymalıdırlar. Döyüşə gedənlər dərk etməlidirlər ki, cəmiyyət onlara qəhrəman kimi baxmır. Bu, qəhrəmanlıq deyil, cinayətdir. Bir sözlə, dövlətin güc strukturları ilə yanaşı, ictimai qınaq da bu prosesə qarşı yönəlməlidir”.

Ayyət Əhməd