"İcbari tibbi sığortanın tam tətbiqi 2018-ci ildə yekunlaşacaq" - Həkim







"İcbari tibbi sığortanın tam tətbiqi və "Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi pasiyentlərin hüquqlarının müdafiəsi baxımından da çox əhəmiyyətli olacaq”.

Bunu "Sherg.az”a icbari tibbi sığortanın tam tətbiqindən sonra pasiyentlərə yeni hüquqlar verilməsi məsələsindən danışarkən Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov deyib.

 Dünya praktikasını xatırladan həkim bildirib ki, güclü müalicə taktikası seçilməsə, hər hansı səhlənkarlıq edilsə, pasiyentin təzminatının ödənilmısi və s. asanlaşa bilər:

"Qanunda məsələnin hansı formada tənzimlənməsi müzakirələrdən sonra məlum olacaq. Burada yaş qruplarına görə, yaşlılar üçün fərqli, uşaqlara ayrıca və s. təcrübə tətbiq olunacaq.

Mingəçevir və Yevlaxda icbari tibbi sığortanın pilot layihələrini araşdırmışam. Əhali tərəfindən bu addım dəstəklənib və heç də pis effekt verməyib. Bu, həkimlər üçün sərfəlidir.

İcbari tibbi sığortanın tam şəkildə tətbiqinin gecikməsinə gəldikdə isə bu, bir anda həyata keçiriləcək addım deyil. Pilot layihələrin yekunlarına uyğun tədbirlər görülməsi planlaşdırılır. Mərhələli şəkildə həyata keçirilən bu layihə təxmini 2018-ci ilin sonlarına qədər yekunlaşmalıdır. 2018-ci il artıq tam icbari sığortaya keçid ili olacaq”.

Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, "Əhalinin sağlamlığının qorunması haqqında” qanunda pasiyentin hüquqları öz əksini tapıb. Məsələn, xəstəxananı, həkimi seçmək, müalicə proqramı ilə tanış olmaq, öz sağlamlıq vəziyyətinin açıqlanmamasını tələb etmək və s. hüquqlar qanunda göstərilib. Deputat bildirib ki, digər hüquqlar da var - bahalı əməliyyatlar etdirmək və yaxud xaricə müalicəyə getmək, orqan köçürmək maliyyəyə bağlı olan məsələlərdir. Bunlar icbari tibbi sığortaya bağlı olan 
maddələrdir.

Aysel Aslan