"İcra Təhsil Nazirliyinin proqramlarına maneçilik törətməsə..." - Ekspert

Məlahət Mürşüdlü: "Təhsilimiz sürətlə inkişaf edər və 200-dən artıq bal toplayan şagirdlərin sayı nəinki 50, hətta 80 -90 faizə çata bilər"


Bu il də qəbul imtahanlarının nəticələrində müsbət dinamika var. 2017-2018-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət nəticələr müşahidə edilir. 

Belə ki, bu il 200-dən yuxarı bal toplayanların sayı cari ildə 35.790 nəfər ( 50.6) faiz təşkil edib ki, bu da ötən illə müqayisədə 6.7 faiz, 2015-ci ildəki göstəricidən 10.6 faiz, 2014-cü ildəki göstəricidən 11.3 faiz artıqdır. 2016-cı ildə 200-dən yuxarı bal toplayanların sayı 34.475 nəfər, 2015-ci ildə 33.198 nəfər, 2014-cü ildə isə 32.159 nəfər təşkil edib.

Maraqlıdır, bu tendensiya növbəti illərdə artan xətt üzrə davam edə bilərmi?

Təhsil üzrə ekspert Məlahət Mürşüdlünün Sherg.az-a bildirdiyinə görə, hazırda Təhsil Nazirliyi (TN) orta məktəblərdə 25-ə qədər layihə həyata keçirir. 

Ekspert vurğulayıb ki, məhz bu layihələr təlimin keyfiyyətinin yüksəldilməsi üçün nəzərdə tutulub:

 "Hazırlanan bütün proqram və ya layihələr idarəetmədə, yeni prinsiplərin tətbiqində, dərsliklərin məzmununun və kurrikulum proqramlarının yenidən işlənilməsində müsbət təsirlərini göstərir. 

Bu gün müəllim peşəsi seçiminə qəbul zamanı müxtəlif həvəsləndirici, motivasiya doğuran təqaüdlərin verilməsi, müəllimlərin işə təyinatında şəffaflığın təmin edilməsi, fəaliyyətlərində inzibati amirlik metodlarından imtina edən müxtəlif növ maddi tələblərə cavab verən üsulların tətbiqi davam etdirilərsə, orta məktəblərə və universitetlərə qəbulda şəffaflığın tətbiqinə, təlimin keyfiyyətinə gətirib çıxaracaq. Yerli icra hakimiyyətləri nazirliyin həyata keçirdiyi proqramlara hansısa maneçilik törətməsələr, təhsilimiz sürətlə inkişaf edər və 200-dən artıq bal toplayan şagirdlərin sayı nəinki 50, hətta 80 -90 faizə çata bilər. 

Yeganə Bayramova