
İdarəetmə dəyişməlidir
Aviabiletlərin qiymətini həmişə ucuz etmək olar

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin aviabilet müəmması davam edir. Dünən informasiya saytlarında "AZAL”ın aviabiletlərin qiymətini ucuzlaşdırdığı xəbərləri yayıldı. Çox adam sevindi. Xüsusən də, yay mövsümündə xarici ölkələrə səfər planlaşdıranlar. Gün ərzində dolaşan bu xəbər axşama doğru təkzib edilməyə başladı.
Amma qismən. "AZAL” rəsmisi qiymətlərlə bağlı ümidverici açıqlama ilə çıxış etdi. "AZAL”ın vitse-prezidenti Sabir İlyasov Fins.az-a açıqlamasında biletlərin ucuzlaşdırılması ilə bağlı hazırda müzakirə aparıldığını və şirkətin bütün istiqamətlər üzrə kəskin qiymət endirimi etməyə hazırlaşdığını dedi. Qurumdan bildirildi ki, Prezident İlham Əliyevin göstərişindən sonra müvafiq dövlət qurumlarının iştirakı ilə AZAL-da təhlil-yoxlama-müqayisə işlərinə başlanılıb və yaxın günlərdə vətəndaşlar qiymət fərqini görəcəklər. Hətta AZAL artıq satılmış biletlərin qaytarılaraq yeni qiymətlərlə alınmasının da mümkün olacağını bəyan edib.
İqtisadçılar isə bu fikirdədir ki, AZAL-ın fəaliyyətində köklü islahatlar aparılmalıdır. Yalnız bu halda qiymət endirimi müvəqqəti deyil, daimi xarakter daşıya bilər.
İqtisadçı Natiq Cəfərli də bu fikirdədir. "Şərq”ə açıqlamasında iqtisadçı aviabiletlərin ucuzlaşması üçün mümkün variantların mövcud olduğunu dedi:
- Bunun bir yolu hava limanının AZAL-dan ayrılması və hava limanının işlədilməsinin tamam başqa bir şirkətə həvalə olunmasıdır. AZAL-da idarəetmə sistemi dəyişməlidir. Hazırda vəziyyət belədir ki, tam bir rəqabətsizlik hökm sürür. Hansısa bir şirkət uçuşlar həyata keçirmək istəyirsə də, əvvəlcə AZAL-ın icazəsini alır və uçuşları da AZAL-ın nəzarəti altında həyata keçirir. AZAL-dan savayı uçuşlar həyata keçirən şirkətlər var, amma onlar, dediyim kimi, AZAL-dan asılıdırlar. Aviabiletlərin qiymətinin ucuzlaşmasını istəyiriksə, digər aviaşirkətlərin reyslər həyata keçirməsi üçün izinalma mexanizmi sadələşməlidir və AZAL-ın burada təsiri aradan qaldırılmalıdır. Bilirsiz, bazarın qanunu budur. Harada ki, rəqabət var, orada ucuzluq olur. Rəqabət olmadıqda isə qiymətlər diktə olunur. Yaxın qonşularımızda bu problem artıq çoxdan həllini tapıb. İstər Türkiyədə, istərsə də Gürcüstanda hava limanları konkret şirkətlərə icarəyə verilir. Uçuş həyata keçirən şirkətlərin hava limanlarının idarəolunmasına müdaxiləsinə icazə verilmir. Uçuşları ən müxtəlif şirkətlər həyata keçirir. Onlar arasında bahalı aviaşirkətlər də var, ucuz uçuşlar həyata keçirənlər də. Məsələn, Gürcüstanda hava reysləri həyata keçirən 11 şirkət fəaliyyət göstərir. Onların bir çoxu məhz ucuz uçuşlar həyata keçirənlərdir. Gürcüstan hava limanı sarıdan da irəli gedib. Yalnız paytaxt Tiflisin hava limanı deyil, Kutaisi hava limanı da tam gücü ilə işləyir. Kutaisi hava limanına enəcək təyyarəyə bilet almaq daha ucuz başa gəlir. Amma əvəzində turistlər Kutaisini də gəzir, gecə oradakı otellərdə qalırlar. Bu da əlavə qazanc mənbəyi və turizmin inkişafı üçün sərfəlidir. Belədə əsas hava limanı da çox yüklənmir. Ucuz qiymətə aviareyslər həyata keçirən şirkətlərin qazancı, əsasən dövriyyədən əldə edilir. Sərnişin sayının çoxluğu şirkətə qazanc əldə etmək imkanı yaradır.
N.Cəfərli Azərbaycan vətəndaşlarının Gürcüstan üzərindən xarici ölkələrə səfər etməsinin reallıq olduğunu dedi:
- Gürcüstan Hava Yolları bu statistikanı açıqlayıb ki, 70 min Azərbaycan vətəndaşı Gürcüstan üzərindən bilet sifariş verir. Çünki oradakı qiymətlər bizdəkindən azı 3 dəfə ucuzdur. Buna görə də vətəndaşlarımız Tiflisə gedib orada bilet alıb İstanbula, Ankaraya və ya başqa Avropa şəhərlərinə səfər etməyi daha sərfəli sayırlar.
Bəs, belədə AZAL sərnişin itkisinə məruz qalmırmı? Niyə AZAL sərnişinlərini itirməklə belə asan "barışır”?
Suala cavabında N.Cəfərli bildirdi ki, AZAL-ın qazancı bahalı reyslərdəndir:
- AZAL təyyaralərinin dolum faizi 80-dən yuxarıdır. Aviabazarda isə qayda belədir ki, əgər bilet satışı 55 faizə çatırsa, bu, artıq rentabellilik deməkdir. Yəni, AZAL qazanc əldə edir, itkiyə məruz qalmır. AZAL-ın reysləri də azdır, reyslərin sayı da. Ən çox həyata keçirilən reyslər İstanbul, Praqa, Paris, Milandır ki, onlar da həftədə iki dəfədir. Halbuki Gürcüstandan Praqaya həftədə 5 reys var. İmkanı olanlar özünə əlavə əziyyət verib Tiflisə getmir, birbaşa Bakıdan istədikləri yerə uçurlar. Biletlərin baha olması AZAL-ın qazancını təmin edir. Deyilən təkliflərə baxılsa və icrası mümkün olsa, aviabilet bazarında uzunmüddətli qiymət ucuzluğuna nail olunacaq. Amma inzibati yollarla həll variantı müvəqqəti qiymət endiriminə səbəb olacaq. İnzibati yollarla qiymətləri uzun müddət aşağı səviyyədə saxlamaq mümkün olmayacaq.
Məlahət Rzayeva