“Qarabağın həllini istəməyən birinci Putindir”
“Rusiyanın Dağlıq Qarabağı Ermənistandan alıb, Azərbaycana qaytaracağı kimi fikirlər də tamamilə absurddur”
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində əsas oyunçunun Rusiya prezidenti Vladimir Putin olduğunu vurğulayan amerikalı siyasi ekspert Paul Goble deyib ki, o da sülh istəmir.
Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə müsbət təsir etməyəcəyini vurğulayan Goble inanmır ki, növbəti görüş və ya digər görüşlər Dağlıq Qarabağa sülh gətirəcək. Ekspert hesab edir ki, Azərbaycan Rusiyanın "peyki” olmaq üçün razılıq verərsə, Putin Azərbaycanla münasibətləri möhkəmləndirmək üçün Ermənistanla əlaqələrini qurban verəcək.
Amerikalı ekspertin proqnozlarını şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab etmir ki, Rusiya Ermənistana havadarlıqdan imtina edib, Azərbaycana dəstək göstərsin: "Əslində Azərbaycan Rusiyadan dəstək də ummur. İllərdir rəsmi Bakının Rusiyadan tələb etdiyi münasibət Dağlıq Qarabağ münaqişəsinə ədalətli mövqe sərgiləməsidir. Rusiya tərəzinin bir gözünə Azərbaycanı, digərinə də Ermənistanı qoysun. Azərbaycan bütün hallarda ağır gələcək. Kreml bunu çox gözəl bilir. Yəqin belə düşünürlər ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirsələr, bunun üçün Sarkisyan rejiminə təzyiqlər etsələr, Ermənistanı itirə bilərlər. Eyni zamanda Qarabağ münaqişəsi sülh yolu ilə həllini tapsa, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri də normallaşdıracaq. Belə olan halda isə Rusiyaya ehtiyacı qalmayacaq. Rusiya rəhbərliyi də bütün bunları proqnozlaşdırdığından Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəmir”.
E.Şahinoğlunun sözlərinə görə, son zamanlar Rusiyanın Azərbaycana önəm verməyə başlaması ilə bağlı səslənən iddialar əsassızdır. Rusiyanın Dağlıq Qarabağı Ermənistandan alıb, Azərbaycana qaytaracağı kimi fikirlər də tamamilə absurddur: "Ortada bir həqiqət var ki, Rusiya faktoru olmasa idi, tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə çoxdan nail olmuşdular. Ermənistan nə karədir ki, Dağlıq Qarabağ və 7 ətraf rayonu 20 ildən artıq işğal altında saxlasın? Azərbaycana işğal altında qalan torpaqları azad etməyə mane olan Rusiyadır. Bizim qarşımızda Ukrayna, Gürcüstan örnəkləri var. Hər iki dövlət öz ərazi bütövlüyünü bərpa etmək istədikdə qarşısında Rusiyanı gördü. İstisna deyil ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün Qarabağda savaş elan etsə, Rusiya açıq şəkildə Ermənistana havadarlıq edib, Ermənistan ordusuna hərbi dəstək verəcək”.
Politoloq deyib ki, Rusiyanın Azərbaycanı öz "peyki”nə çevirməsi ilə bağlı səslənən iddialara əsas kimi son zamanlar Azərbaycan-Rusiya münasibətlərinin yaxınlaşması və ölkə başçısının Riqa Sammitinə getməməsi göstərilir: "Amma ortada dəyişən bir şey yoxdur. Münasibətlər eyni müstəvidə davam edir. Rusiya böyük və Azərbaycana qonşu dövlət olduğu üçün istənilən halda dövlətlərarası münasibətləri saxlamalıyıq. Amma ortada isti münasibətlərdən söhbət gedə bilməz. Adi bir faktı unutmayaq ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən iki azərbaycanlıdan birinin hətta Rusiya vətəndaşı olmasına rəğmən Putin bu istiqamətdə heç bir addım atmadı. Dəfələrlə Azərbaycan rəsmiləri, millət vəkilləri bu məsələ ilə bağlı Rusiyaya müraciət etməyinə rəğmən sırf azərbaycanlı olduğu üçün Rusiya öz vətəndaşını separatçıların əlindən azad etmək istəmədi. Belə bir ölkə heç nədən Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək verər?”
Şəymən