Əvəzinə məntiq, informatika, texnologiya dərsləri keçməklə ölkəmizin gələcəyinə böyük töhfələr vermək olar
Gələn ildən təhsil müəssisələrində, o cümlədən, ümumtəhsil məktəblərində idman dərslərinin saatı artırılacaq.”Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”
layihəsində belə nəzərdə tutulur. "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın yaxın vaxtlarda Milli Məclisdə müzakirə olunacağı gözlənilir.
Sənədə görə, ölkənin təhsil müəssisələrində bədən tərbiyəsi dərslərinin saatları artırılacaq. Eyni
zamanda bədən tərbiyəsi və idmanın inkişafı, yüksək səviyyəli idmançılar hazırlanması sahələri üzrə
elmi tədqiqatların aparılması, idman-təhsil sahəsində qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi
və tətbiq edilməsi nəzərdə tutulur.
Ekspertlər orta məktəblərdə ciddi fənlərdən fərqli olaraq idman dərslərinin saatının artırılacağını
anormal addım kimi qiymətləndirir. Bunun əvəzində ciddi elmi fənlərə üstünlük verilməlidir.
Təhsil Nazirliyi tərəfindən 2016-cı il 22 iyun tarixində orta ümumtəhsil məktəblərinin tədris
planında I - XI sinif şagirdləri üçün həftədə iki saatın fiziki tərbiyə - bədən tərbiyəsi dərsinəayrıldığını xatırladan təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, hazırkı mərhələdə idman dərs saatlarının artırılmasına ehtiyacın olub-olmadığına ikili yanaşma var: "İlk növbədə dünya təcrübəsində baxsaq, ən öndə təhsilə malik olan Yaponiyada məsələyə baxış fərqlidir.
Yaponlara görə, "sağlam bədəndə sağlam ruh olur”. Yaponiyada kritikal "thinking”, "cognitive”
bacarıqlar dünyada 21 əsrin bacarıqlarıdır ki, ona daha çox önəm verirlər, inkişaf etdirilir. Almanlar
isə Yaponiyada universitetlərə daxil olmaq üçün bu qabiliyyəti inkişaf etdirmək üçün layihə
hazırlayırlar.
Bəs bizdə bədən tərbiyəsi dərslərində nə tədris olunur? Təbii ki, burada söhbət kağız üzərindəki,
yəni jurnala yazılan standartlardan getmir. Reallıqda məktəblərimizdə bədən tərbiyəsi dərsləri necə
keçirilir? Sizi əmin edirəm ki, bizim şagirdlərin heç biri bədən tərbiyəsi dərsinə girmir.
Girəndə isə müəllim "bir, iki, sol, bir, iki, sol” saymaqla inkişaf edir. Sağa-sola dönməyi öyrədirik
bədən tərbiyəsi dərsində. Sol yox, sağ olsa, təhsil batacaq. Əsas şagirdlər solu tanımalıdırlar,
vəssalam! Bu bilirsiz niyə belədir? Çünki bizim orta məktəblərimiz ancaq ali məktəblərə qəbul
üçün çalışır. Yəni bütün tədris prosesi qəbul imtahanları üçün qurulub. Halbuki, ali məktəblərə
qəbul olmadan da böyük uğurlar əldə etmək olar”.
Bədən tərbiyəsi dərsinin saatlarının artırılmasına heç bir ehtiyac olmadığını vurğulayan ekspertin sözlərinə görə, əksinə, tamamilə ləğv etmək lazımdır: "Mənə orta məktəbdə bədən tərbiyəsi dərsində öyrəndiyi (əslində öyrənməlidir) idman biliyi, bacarığı ilə beynəlxalq yarışlarda iştirak edib qalib gələn bir şəxs göstərin. Hansı abituriyent orta məktəbdə bədən tərbiyəsi dərsində öyrəndiyi idmanın sirləri ilə Bədən Tərbiyəsi və İdman Akademiyasının qabiliyyət imtahanından keçib? Bizim idmançı məktəbli şagirdlərimiz orta məktəblərdə keçirilən bədən tərbiyəsi dərsində yox, dərsdən sonra getdikləri idman zallarında, fitnes salonlarında, məşq zallarında öyrəndikləri ilə Azərbaycan bayrağını beynəlxalq idman yarışlarında qaldırırlar. Bildiyiniz kimi, keçən tədris ilindən orta məktəblərdə keçirilən Azərbaycan Respublikası Konstitusiyası fənni, İqtisadiyyatın əsasları fənni də ləğv edilib, onun saatları musiqi dərslərinə verilib. Bizə deyəsən hüququnu bilən, iqtisadi
inkişafımıza töhfə verən gənclər yox, çalıb-oynayan aktrisalar lazımdır?”
K.Əsədovun sözlərinə görə, bədən tərbiyəsi dərsində əlavə saatlar verməkdənsə, məntiq,
informatika, texnologiya dərslərinə geniş yer verməklə ölkəmizin gələcəyinə böyük töhfələr vermək
olar: "Həm də ki, bizim orta məktəblərimizdəki idman zalları da normal vəziyyətdə deyil. Bu gün
4400 orta məktəb binasının yarısının idman zalı normal dərs keçilməsinə uyğun deyil. Olanların da
texniki avadanlıqları yaxşı vəziyyətdə deyil. Yaxşı olardı ki, orta məktəblərdə keçirilən fənlər əmək
bazarına və həyatı öyrənməyə yönəldilsin”.
Şəymən