Emin Abbasov: “Yalnız ayrı-ayrılıqda bəzi fərdlərin istedadına baxıb bir qədər sevinə bilərik”
İdman jurnalistikasında inkişafdan çox problem var
Natiq Muxtarlı: “Ciddi jurnalistika arxa plana keçir”
Emin Abbasov: “Yalnız ayrı-ayrılıqda bəzi fərdlərin istedadına baxıb bir qədər sevinə bilərik”
Emin Abbasov: “Yalnız ayrı-ayrılıqda bəzi fərdlərin istedadına baxıb bir qədər sevinə bilərik”
Aydın Bağırov: "Bəli, bizdə peşəkar idman jurnalistlərinin sayı çox azdır və azalmaqdadır”
(əvvəli ötən sayımızda)
Son illər Azərbaycan Prezidenti İlham Əliyevin mediaya göstərdiyi diqqət və qayğının nəticəsində mətbuatımız çox dinamik tərəqqiyə nail olub. Məhz həmin dəstəyin sayəsində ölkədə fəaliyyət göstərən media quruluşları həm keyfiyyət, həm də kəmiyyət baxımından müsbət dəyişikliklər əldə edib. Bu sahədəki peşəkarlıq səviyyəsinin yüksəlməsi mətbuatımızın dünya miqyasında inkişafına təkan verib. Eyni zamanda KİV-ə verilən dəstək medianın ayrı-ayrı deyil, bütün qollarının çiçəklənməsinə imkan yaradıb.
Düşüncələrimizin əyani sübutu kimi jurnalistikanın başlıca qollarından olan idman mətbuatında qazanılan müvəffəqiyyətləri göstərə bilərik. Məlumdur ki, son zamanlar bu sahədə də çox ciddi irəliləyişlər müşahidə olunmaqdadır. İdmanla bağlı xüsusi qəzetlər, jurnallar, elektron portallar fəaliyyət göstərir və bu xarakterli media orqanlarının sayı getdikcə çoxalmaqdadır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, idman mətbuatındakı çatışmazlıqlara hələ də rast gəlinir. Ekspertlər isə bunun səbəbini müxtəlif amillərlə izah edirlər. Kimi hesab edir ki, idman jurnalistikası digər sahə jurnalistikasının kölgəsində qalıb deyə problemlərlə üzləşib. Kimi isə bu axsamanı ölkədə idmana olan marağın azlığı ilə əlaqələndirir.
Bu baxımdan həmin sahədəki fəsadların səbəbi və onlardan qurtuluş yolları barədə danışan "Komanda” qəzetinin redaktoru Natiq Muxtarlı qeyd edib ki, Aygün Kazımova ilə bağlı xəbər hər hansı şairin şeirlərindən, müsahibəsindən, yeni çıxan kitabı ilə bağlı xəbərdən qat-qat çox oxunursa, bu artıq cəmiyyətin problemidir. Onun sözlərinə görə, cəmiyyətdə təkcə idman deyil, ümumilikdə təhsilimiz də önəmsizləşib: "Telekanallardakı verilişlərin səviyyəsinə və tamaşaçı auditoriyasına baxaq, internet və qəzet oxucuları da bu kontingentə yaxındır. Ancaq düşünürəm ki, getdikcə bu problem həllini tapacaq, ciddi oxucuların sayı artacaq. Sadə bir misal deyim, "Komanda” qəzetində ayda bir dəfə məşhur futbolçuların xanımlarının, ya da xanım idmançıların müsahibələrini veririk. Təbii ki, şəxsi həyatları barədə. Redaksiyaya zəng edən oxucular bizdən tələb edirlər ki, o tip müsahibələri hər həftə dərc edək. Çox təəssüf ki, bu, cəmiyyətin tələbidir. Media da bu tələblə ayaqlaşmalıdır”.
Həmkarımız hesab edir ki, indi oxucu üstündə mübarizə gedir. Belə mübarizədə isə ciddi jurnalistika arxa plana keçir: "Zaman keçdikcə, tənzimləmə baş verməlidir”.
İdman jurnalistikasının durumuna diqqət çəkən həmsöhbətimiz söyləyib ki, bu sahədə vəziyyət daha acınacaqlıdır: "İdman mətbuatının problemləri Azərbaycan mətbuatının ümumi problemlərinə bağlıdır. Reklam bazarı yoxdur, qəzetin satışını təşkil etmək müşküldür. Qəzetimiz metroda kifayət qədər yaxşı satılırdı. Bu da büdcəmizə müəyyən qədər təsir edirdi, birtəhər çulumuzu sudan çıxardırdıq. İndi hansı vəziyyətdə olduğumuzu təsəvvür etmək çətin deyil. Biz qəzet çıxardırıq, özü də kifayət qədər normal qəzet. Onun oxucusu mütləq olmalıdır. İdman mətbuatının acınacaqlı durumu cəmiyyətin, bütövlükdə mətbuatın problemlərindən qaynaqlanır. Elə ona görə də əlacsız qalan idman mətbuatı klublardan asılı vəziyyətə düşür. Bu asılılıq isə obyektivliyi aradan qaldırır. Obyektivliyin olmaması da oxucunu narazı salır. Bütövlükdə isə cəmiyyət itirir. Avropada jurnalistləri cəmiyyətin keşikçisi adlandırırlar. Jurnalist problemləri görüb cəmiyyəti xəbərdar etməlidir. Bunun üçün də jurnalistin və mətbuatın maddi asılılığı olmamalıdır”.
N.Muxtarlı düşünür ki, Azərbaycan idman mətbuatında olduqca istedadlı və əqidəli jurnalistlər olub, indi də var: "Amma maddi çətinliklər onların əksərini idman mətbuatından uzaq salıb, yerdə qalanlar da yavaş-yavaş gedirlər. Sabah vəziyyət düzəlsə belə, o jurnalistləri idman mətbuatına qaytarmaq mümkün olmayacaq. Son nəticədə yenə də itirən idman mətbuatı və həm də cəmiyyət olacaq. Oxucunu bu yerdə qınamaq olmaz. Nəticədə oxucu da bu müstəvidə köklənir”.
İdman jurnalisti Emin Abbasov da deyib ki, bu sahənin hazırkı vəziyyəti qanaətbəxş deyil: "Nə televiziyada, nə də yazılı mətbuatda böyük layihələr var. Yalnız ayrı-ayrılıqda bəzi fərdlərin istedadına baxıb bir qədər sevinə bilərik. Bu durğunluğun səbəbi çox sadədir. Təəssüf ki, ölkəmizdə idman jurnalistlərinə lazımi dəyəri vermirlər. Futbolumuza yatırılan pullar idman jurnalistikasına yatırılsaydı, bu sahəni qaldırmaq olardı. Sualınıza gəlincə, nə futbol, nə də idman jurnalistikası sürətlə inkişaf edir”.
Qol.az-ın baş redaktoru Aydın Bağırov vurğulayıb ki, idman mediasında kadrlarla bağlı vəziyyət jurnalistikanın digər sahələrindən ciddi fərqlənmir: "İndiki durum 10 il əvvəlki ilə müqayisə oluna bilməz. Təbii ki, yeni nəsil yetişir, amma 10 il əvvəlki kimi deyil. İndi geriləmə gedir. Elələri var ki, ümumiyyətlə, nə müxbirdir, nə də reportyor, sadəcə diktofon funksiyasını yerinə yetirir. Yəni belələri yazı yazmır, sadəcə, deyənləri köçürür və işini bitmiş sayır.
Həmkarımız bəyan edib ki, ölkəmizdə idmana, xüsusən də futbola heç vaxt maraq az olmayıb: "İndiki halda Azərbaycanda "Qalatasaray”ın Türkiyə çempionatındakı oyununu təkcə kafelərdə, kino-teatrlarda izləyənlərin sayı bütün əksər klublarımızın daxili çempionatdakı oyununu stadionlardan izləyənlərin sayından çoxdursa, problem artıq futbolda və "Qalatasaray”da deyil, klublarımızın özündədir. Axı mən sizi necə məcbur edə bilərəm ki, gedin, "Neftçi”nin, "Bakı”nın”, "Qarabağ”ın oyununa stadionda baxın?! Əgər stadiona getmirsinizsə, deməli, bizim futbola marağınız yoxdur. Bu da o deməkdir ki, Azərbaycan futbolu özünü sizə sevdirə bilməyib.
Jurnalistikadakı geriləməyə gəlincə, burada maraqdan daha çox medianın iqtisadi durumunun aşağı olması xüsusi rol oynayır”.
A.Bağırov deyib ki, son zamanlar idmanla bağlı saytlar çoxalır: "Biz "Qol.az” saytını altı ildən çoxdur ki, işlədirik. O zaman sayt yarananda say etibarı ilə deyəsən, ya dördüncü, ya da beşinci idi. Bu günlərdə isə eşitdim ki, bizdəki idman saytlarının sayı 60-ı keçib. Bir dostum yaxşı deyir ki, bizdə futbol terminologiyasındakı bütün sözlərə aid saytlar var. 60 sayt... İnandırım ki, bu gün Azərbaycanda peşəkar idman jurnalistlərinin sayı heç 15-20 nəfəri keçmir. Dediyiniz saytlardan isə heç 10-u fəal işləmir. İstəsəm, təkbaşına 30 elə sayt yaradıb, daha yaxşı işlədərəm. İndi siz özünüz deyin, adı olub, özü olmayan saytın idmanın inkişafına nə köməyi ola bilər?
Həmsöhbətimiz bildirib ki, idman jurnalistikası tənəzzülə doğru gedir: "Mən bir daha o fikirdəyəm ki, bəli, bizdə peşəkar idman jurnalistlərinin sayı çox azdır və azalmaqdadır. Elə bilməyin ki, mən özümü o siyahıya aid edirəm. Xeyr. Mən heç vaxt özümü idman jurnalisti saymamışam. Çünki o adın məsuliyyəti böyükdür. İdman jurnalistisənsə, bu sahənin heç olmasa, 10 növündən xəbərin olmalıdır. Özümü futbol jurnalisti sayıram. Bizdə futbol yazarları çoxdur, idman jurnalistləri azdır. Bunları bir-birinə qarışdırmamalıyıq. Həmin peşəkar idman jurnalistləri öz peşəsinə dəhşətli dərəcədə bağlıdırlar. Yəni jurnalistika onların adi iş yeri deyil, peşəsidir”.
A.Bağırov hesab edir ki, idman mediasının da iqtisadi durumu yaxşı deyil: "Azərbaycan futbol jurnalistikasının vəziyyəti Azərbaycan futbolunun bugünkü iqtisadi durumuna adekvat deyil”.
Müsahibimizin qənaətincə, hazırda futbol yazarlarının təsir gücü digər sahələrdən daha çoxdur: "Sırf futbol sahəsində böyük rəy yaradır və çoxları hesablaşmaq məcburiyyətində qalır. "Qol.az” saytı da daxil olmaqla, bir neçə ciddi, reytinqi olan KİV-lərin timsalında deyə bilərəm ki, yazılardan sonra problemlər həllini tapıb. Şəxsən bizdə elə bir tənqidi yazı olmayıb ki, ona reaksiya verilməsin. Demirəm ki, hamısı həll olunur. Amma yenə də futbol mediasının gücü qalmaqdadır”.
İdman şərhçiliynə nəzər salan həmsöhbətimiz onu da əlavə edib ki, bizdə kifayət qədər peşəkar şərhçi var: "Sadəcə, deyək ki, qonşu ölkələr olan Türkiyə və Rusiya televiziyalarından fərqli olaraq, Azərbaycanda futbolla bağlı təhlil mahiyyəti daşıyan verilişlər azdır. Bu da əlbəttə, peşəkar şərhçilik məktəbinin formalaşmasına mane olur. Təbii ki, bu gün Azərbaycan idman jurnalistikasında peşəkar şərhçilər az deyil. Sanballı yazılar olur. Və deyim ki, onların fikirləri özlərini peşəkar futbol mütəxəssisi adlandıranların çoxundan yaxşı mənada fərqlənir. Amma heyif ki, bu yazıların müəlliflərinin populyarlığı çox halda idman mətbuatının çərçivəsini aşmır. Bu da dediyim kimi, efirlə bağlı məsələdir. Məsələn, Türkiyədə və ya Rusiyada futbol çempionatının hər turunun oyunundan sonra idman yazarlarının fikirlərinə xüsusi yer ayrılır. Çünki onların sözünün çəkisi var, futbol biliyi yüksəkdir. Efirdə göründükləri üçün də tanınırlar. Amma bizdə o cür verilişlər azdır”.
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb