
“İdman mətbuatına marağın 95 faizi futbolla bağlıdır”
İlqar Tağıyev: “Nə vaxt Azərbaycanda futbol inkişaf edəcək, onda idman mətbuatına maraq da artacaq”

"10 milyona yaxın əhalisi olan respublikamızda 3-4 müstəqil idman qəzeti fəaliyyət göstərir”

Son illər Azərbaycan Prezidenti İlham Əliyevin mediaya göstərdiyi diqqət və qayğının nəticəsində mətbuatımız çox dinamik tərəqqiyə nail olub. Məhz həmin dəstəyin sayəsində ölkədə fəaliyyət göstərən media quruluşları həm keyfiyyət, həm də kəmiyyət baxımından müsbət dəyişikliklər əldə edib. Bu sahədəki peşəkarlıq səviyyəsinin yüksəlməsi mətbuatımızın dünya miqyasında inkişafına təkan verib.
Eyni zamanda KİV-ə verilən dəstək medianın ayrı-ayrı deyil, bütün qollarının çiçəklənməsinə imkan yaradıb. Düşüncələrimizin əyani sübutu kimi jurnalistikanın başlıca qollarından olan idman mətbuatında qazanılan müvəfəqqiyyətləri göstərə bilərik. Məlumdur ki, son zamanlar bu sahədə də çox ciddi irəliləyişlər müşahidə olunmaqdadır. İdmanla bağlı xüsusi qəzetlər, jurnallar, elektron portallar fəaliyyət göstərir və bu xarakterli media orqanlarının sayı getdikcə çoxalmaqdadır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, idman mətbuatındakı çatışmazlıqlara hələ də rast gəlinir. Ekspertlər isə bunun səbəbini müxtəlif amillərlə izah edirlər. Kimi hesab edir ki, idman jurnalistikası digər sahə jurnalistikasının kölgəsində qalıb deyə problemlərlə üzləşib. Kimi isə bu axsamanı ölkədə idmana olan marağın azlığı ilə əlaqələndirir.
Bu səbəbdən həmin sahədəki problemlərin səbəbi və onlardan qurtuluş yolları barədə ölkənin aparıcı idman qəzeti olan "Het-trik news”-in təsisçisi və baş redaktoru İlqar Tağıyevin fikirlərini öyrəndik. O, "Şərq”ə müsahibəsində bildirdi ki, hazırda ölkədə idman mətbuatının durumu heç də qənaətbəxş deyil. Onun sözlərinə görə, bu sahədə xeyli çatışmazlıqlar mövcuddur. Onlardan ən əsası maliyyədir. Maddi imkanların aşağı olması idman sahəsində çalışan jurnalistlərin tam gücü ilə operativ işləmələrinə mane olur. Etiraf edək ki, hazırda futbolumuza maraq çox aşağı səviyyədədir. İdmanın şahı ilə maraqlananların sayı xeyli azalıb. Bunu Premyer Liqa oyunları zamanı stadionların tribunalarına baxmaqla görmək olar. Elə oyun olub ki, həmin qarşılaşmanı heç 100 azarkeş izləməyib. Eyni sözlər yığma komandaya da aiddir. Yığmamızın Avropanın ən güclü millilərini çıxmaq şərtilə qalanları ilə oyunlarda tribunaların heç yarısı dolmur. Futbola marağın azalması idman mediasının işinə də təsirsiz ötüşmür. Bu gün qəzet və saytlarda qeyri-futbol sahəsində fəaliyyət göstərən şirkət və kompaniyaların reklamlarını görmək çox çətindir. Barmaqla sayılası qədər media orqanını çıxmaq şərtilə qalanlarına reklam verməkdə maraqlı deyillər. Həmin qəzet və saytlar Premyer Liqa klublarından alınan reklam pulları sayəsində fəaliyyət göstərirlər. Təəssüf ki, son vaxtlar bəzi klublar da reklamı kəsiblər. Konkret olaraq "Bakı” və "Neftçi”nin adını çəkə bilərəm. Qısası, idman mətbuatının böyük bir hissəsi birbaşa klubların reklam pullarından asılı vəziyyətə düşüb. Başqa bir çatışmazlıq peşəkarlıqla bağlıdır. Bu gün idman mətbuatında xeyli sayda idmana və yaxud jrnalistikaya nabələd insanlar var.
- Bəs, yetərli sayda idman jurnalistlərimiz varmı?
- Əlbəttə, var. Bu sahəni dərindən bilən, peşəkar jurnalistlər az deyil. Kimisə unudacağımdan çəkinərək ad çəkmək istəmirəm. Bir məqamı qeyd edim ki, imkansızlığa baxmayaraq idman mətbuatı həm böyük təsir gücünə malikdir, həm də jurnalistikanın digər sahələri ilə müqayisədə daha çox inkişaf edib. Təbii ki, bunda peşəkar jurnalistlərimizin əməyi az deyil.
- İdman jurnalistlərinin peşəkarlığı hansı səviyyədədir?
- Ümumi jurnalistikamızda necədirsə, idman mediasında da eyni cürdür. Öz işini bilən, bacarıqlı, istedadlıları da var, təsadüf və məcburiyyət nəticəsində bu işin qulpundan yapışanlar da. Bayaq klubların sayt və qəzetlərə verdiyi reklam pulundan bəhs etdim. 1-2 il əvvələ kimi elə bir vəziyyət yaranmışdı ki, klublar onlara müraciət edən hər bir media orqanına reklam verirdilər. Başqa sözlə, idman mediasında "çörək” var idi. Nəticədə qısa müddətdə idman mediasına bu sahədən anlayışları olmayan jurnalistlərin kütləvi axını başladı. Hətta deyərdim ki, onların arasında jurnalistikaya dəxli olmayan, dilimizi, yazı üslubunu düz-əməlli bilməyən insanlar az deyildi. Beləliklə, qısa zaman kəsiyində idman mediası "korlanmış” oldu. "Bir jurnalist - bir sayt” fikri ilə sayt açanların məqsədi jurnalistikaya, idmanımıza hansısa xeyir vermək yox, pul qazanmaq idi. Həmin "səxavətli” klublar reklam verməkdən imtina edən kimi vəziyyət 180 dərəcə dəyişdi. Bir növ ələkdən keçmə prosesi başladı. Hazırda idman mediasında elə naşıların sayının azaldığına görə sevinməyə dəyər.
- İddialar var ki, idman jurnalistikasına gələnlərin sayı azdır? Bu, doğrudurmu? Doğrudursa, nəylə əlaqədardır?
- 10-15 il əvvəllə müqayisədə artıb, 2-3 əvvəllə müqayisədə isə xeyli azalıb. Səbəbini bir qədər əvvəl izah elədim. Amma bunu heç də bütün jurnalistlərə aid etmək düzgün olmaz. Şəxsən elə gənc və istedadlı jurnalistlər tanıyıram ki, çətinliklərə, pulsuzluğa baxmayaraq bu sahəni öyrənməyə, fəaliyyət göstərməyə israrlıdır. Onlar idman jurnalisti olmaq üçün istəklidirlər. Belələrinə həmişə dayaq olmaq lazımdır.
- Bəs bu da söylənilir ki, idman jurnalistikasında qeyri-peşə sahibləri daha çoxdur, nəinki bu peşənin sahibləri. Həqiqətdirmi?
- Əlbəttə, həqiqətdir. Elə biri mən özüm, 3 qeyri-jurnalistika ixtisasım var. Onlardan biri riyaziyyatdır. Etiraf edim ki, bu gün mənə öz ixtisasım üzrə yaxşı iş təklif olunsa, imtina edərdim. Çünki hansısa sahəni bədbəxt eləmək istəmirəm. Jurnalistika təhsili almamışam. Amma 22 ildir ki, "525-ci qəzet”də çalışıram. "525” məktəbi keçmişəm. Orada hansısa ali təhsil müəssisəsində tədris etdiklərindən qat-qat artığını öyrənmişəm. Joze Mourinyo heç vaxt peşəkar futbolçu olmayıb. Amma dahi məşqçidir. Bir dəfə "peşəkar futbolçu olmayandan məşqçi çıxa bilməz” fikrinə belə münasibət bildirmişdi: "jokey olmaq üçün gərək əvvəlcə at olasan”? Jurnalistikada təhsil vacibdir. Amma onsuz keçinmək də mümkündür. Əsas həvəs və istedaddır. Bir də baxır hansı mətbuat orqanında çalışırsan. Şəxsən mən "525-ci qəzet”də işlədiyimə, burada istedadlı insanların arasına düşdüyümə görə sevinirəm. Hərəsindən nəsə "oğurlaya” bilmişəm.
- İdman mətbuatına maraq niyə azdır?
- Bu gün ümumiyyətlə, mətbuata maraq azalıb. Sırf idman mətbuatına gəlincə, bu sahəyə olan-qalan marağın 90-95 faizi futbola görədir. Nə vaxt Azərbaycanda futbol inkişaf edəcək, onda idman mətbuatına maraq da artacaq.
- İdman mətbuatını inkişaf etdirmək üçün təkcə futbolunmu inkişafı vacibdir?
- Böyük ölçüdə hə. Azərbaycanda futbola maraq artarsa, avtomatik olaraq qəzet və saytlara da maraq artacaq. Deməli, reklam bazarında canlanma yarana bilər. Bir məqam da vacibdir - naşı jurnalistlərin "ofsayd”a salınması və bəzi həmkarlarımızın qərəzsiz fəaliyyəti. Hansısa xəbəri oxuyan oxucu orada qərəz gördükdə, doğru olmayan xəbərlə rastlaşdıqda, yazılarda mübtəda ilə xəbərin yerinin səhv düşdüyünün fərqinə vardıqda, bir də çətin ki, informasiya almaq üçün həmin media orqanına müraciət etsin.
Bu gün bir çox sahələrin, o cümlədən mətbuatın inkişafı üçün dövlətimiz tərəfindən xeyli vəsait xərclənir. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması qəzetlərin ayaqda qalmasına böyük kömək oldu. Bildiyim qədər, 2 idman qəzeti də fondla əməkdaşlıq edir.
KİVDF-nin digər idman qəzetlərinə, o cümlədən saytlara yardım göstərməsi də jurnalistikanın bu sahəsinin inkişafına əlavə təkan vermiş olardı.
- İdman qzəetlərinin satışı və ya saytların oxucu auditoriyası nə yerdədir?
- İdman qəzetləri dedikdə onlar çoxdan "Qırmızı kitab”a düşüblər. Bu gün Azərbaycanda barmaqla sayılası qədər idman qəzeti fəaliyyət göstərir. Onların da əksəriyyəti dövlət qurumlarını təmsil edirlər və dövlətdən maliyyələşirlər. 10 milyona yaxın əhalisi olan respublikamızda 3-4 müstəqil idman qəzeti fəaliyyət göstərir. İndiki halda Azərbaycanda ən populyar idman qəzeti olan "Futbol+”in tirajı bir neçə il əvvəllə müqayisədə bir neçə dəfə azalıb. Qəzet maraqsız çıxmır, orada əsl peşəkarlar işləyirlər. Sadəcə, qəzetə oxucu marağı azalıb. Bunun bir səbəbi idmana marağın azalması, digəri isə internetlə bağlıdır. Reallıq bundan ibarətdir ki, saytlar qəzetlərlə müqayisədə daha operativ işləyirlər. Həm də zəmanəmizdə istənilən yerdə, istənilən vaxt saytlardan xəbər toplamaq olur. Qısası, qəzetlər oxucu sarıdan əməlli-başlı korluq çəkirlər.
- İdman jurnalistikasının tədrisi varmı? Ümumiyyətlə, bu sahənin tədris olunmasına ehtiyac varmı, yoxsa, bu, insanın öz potensialından asılıdır?
- İdman jurnalistikası jurnalistikanın bir sahəsidir. Ümumiyyətlə, jurnalistikanın sahələri çoxdur. Onların ayrı-ayrılıqda tədris olunmasına ehtiyac görmürəm. Müəyyən kurslar təşkil etmək olar. Bayaqdan elektron mətbuat və qəzetlərdən bəhs etdik, heç televiziyaya toxunmadıq. İdman jurnalistikasının bir qolu da televiziya ilə bağlıdır. Təəssüf ki, bu sahədən o qədər də xəbərdar olmadığımdan nəsə demək istəmirəm.
- Xarici dilli idman saytları və ya qəzetləri varmı?
- Az da olsa əcnəbi dillərdə, əsasən rus dilində fəaliyyət göstərən idman saytlarımız var. Onların sayı artsa, daha yaxşı olar. Bu, həm ölkəmizdə yaşayan və işləyən qeyri-millətin nümayəndələrinin idmanımızla bağlı daha çox informasiya almalarına kömək edər, həm də ölkə xaricində oxucuların sayı çoxalar. Qəzetlərə gəlincə, öz dilimizdə nəşr olunan qəzetlər güc-bəla ilə fəaliyyət göstərirlər, o da olsun digər dillərdə. Demək olar ki, belə qəzet tanımıram. Amma son vaxtlar rus və ingilis dillərində nəşr olunan jurnallarla tez-tez rastlaşıram. Belə mətbu orqanların çoxluğu heç kimə ziyan gətirməz.
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb