“İdmançılar buna önəm verirlər”

2 qat Dünya çempionu Elnur Həmidov: “İmkan qədər çalışmaq lazımdır ki, bura gələn hər bir ölkənin idmançısı özünü rahat hiss edə bilsin”



"Yarışları izləməklə yanaşı, şəhərin gəzməli yerləri ilə tanış olmağa
çalışacaqlar. Deməli, biz istər küçədə, istər restoranlarda diqqətli olmalıyıq”

İlk Avropa Oyunlarının keçirilməsinə çox qısa zaman qalıb. Azərbaycanın hər bölgəsində yarışlara hazırlıq hiss olunur. Biz ev sahibi olaraq qonaqları qəbul etməyə artıq tam hazırıq desək, yəqin səhv etmərik. Belə bir dönəmdə Azərbaycan idmançılarının fikirləri çox önəmlidir.

Bu dəfə "Şərq”in suallarını 2 dəfə Dünya çempionu, iki dəfə dünya ikincisi kinq-boks üzrə peşəkar idmançı Elnur Həmidov cavablandırdı. Yarışların başlaması ərəfəsində Elnur Həmidovla da "Bakı 2015” yarışlarından danışdıq.

- İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi nə qədər əhəmiyyətli sayıla bilər? Bununla Azərbaycan nə əldə etmiş oldu?

- Təbii ki, belə mötəbər yarışın ölkəmizdə keçirilməsi, Azərbaycan idmanının inkişafına birmənalı şəkildə təsirini göstərmiş olacaq. Həqiqətən bu, böyük bir uğurdu ki, ilk Avropa Oyunlarına Azərbaycan ev sahibliyi edəcək. Deməli, Azərbaycan güclü bir dövlət olaraq Avropada tam qəbul olunub. 50-dən artıq ölkənin idmançıları, media nümayəndələri, telekanalları Azərbaycana gəlir. Bu, bir daha bizim dövlətin düzgün siyasətindən xəbər verir. Burada təkcə idmançıların qələbəsindən söhbət getmir. Bu, Azərbaycanın bütün sahələrdə özünün bir daha gələn qonaqlara təbliğini təmin etmiş olur. Biz bu yarışlarda Azərbaycanı hərtərəfli tanıtmalıyıq. İstər idman həyatı ilə, istər mədəniyyətimizlə, musiqimizlə, tarixi diyar olmağımızla, qonaqlara nümayiş etdirməliyik.

- Ev sahibi olaraq əsas nəyə önəm verməliyik?

- İlk növbədə bu yarışa gələn idmançıların istirahəti, onların məşqləri üçün tam şərait təmin olunmalıdır. Onların mühafizəsi tam mənada nəzarətdə olmalıdır. İmkan qədər çalışmaq lazımdır ki, bura gələn hər bir ölkənin idmançısı özünü rahat hiss edə bilsin. İdmançılar buna önəm verirlər. Bundan əlavə, nəzərə almaq lazımdır ki, onlarla yanaşı, Azərbaycana turistlər, nümayəndə heyətləri, KİV nümayəndələri gələcək. Onlar yarışları izləməklə yanaşı, şəhərin gəzməli yerləri ilə tanış olmağa çalışacaqlar. Deməli, biz istər küçədə, istər restoranlarda diqqətli olmalıyıq. Mədəniyyətimizi, qonaqpərvərliyimizi göstərməliyik. Gələn qonaqlara milli mətbəximizin ən ləziz çeşidlərini təqdim etməliyik. Onlara maraqlı, əyləncəli tədbirlər hazırlanmalıdır. Bir sözlə, hər bir vətəndaşımız ev sahibi olduğunu dərk etməli və ev sahibinə layiq şəkildə davranmalıdır.

- Avropalılar yarışmaları izləməklə yanaşı, nəyə maraq göstərə bilərlər?

- Əsasən şəhərin maraqlı məkanları ilə tanış olmağa çalışacaqlar. Mətbəximiz onlar üçün maraqlı ola bilər. Çünki Avropa mətbəxi ilə milli mətbəximiz arasında fərq böyükdür. Mənə elə gəlir ki, bir də milli musiqilərimizlə, sənətçilərimizin ifasında maraqlı konsert proqramları, maraqlı karaoke gecələri ilə də onların marağına cavab vermək olar. Bu, Azərbaycanın bir daha özünün tanıtımı üçün önəmli mərhələlərindən biridir. Bizi sevməyən dövlətlər də var ki, onlar üçün də İlk Avropa Oyunlarının necə keçiriləcəyi maraqlıdır. Televiziyalarımız, radio dalğaları bu müddət ərzində daha səviyyəli, daha maraqlı verilişlər təqdim etməlidirlər. Çünki bunlar da izləniləcək. Hətta taksilərimizdə belə sürücülər diqqətli olmalıdırlar. Çalışmalıdırlar ki, maşına oturan sərnişinə səviyyəli Azərbaycan musiqisi təqdim etsinlər. Yenə deyirəm, hər bir vətəndaş ev sahibi olduğunun fərqinə varmalıdır.

- Bu gün tikilən idman komplekslərindən necə istifadə olunmalıdır?

- Bilirsiz, tikilən bizimdi. Qonaq gəldi-gedərdi. Yarışlar da bitdikdən sonra idman komplekslərindən səliqəli istifadə etmək lazımdır. Gələcəkdə də belə böyük idman yarışlarının Azərbaycanda keçirilməsi mümkündür. Ona görə də gənc idmançılar da bu gün olan idman bazasından səmərəli istifadə etməlidirlər. Bu, onların gələcəkdə idmançı olaraq əldə edəcəkləri uğur üçün körpü rolunu oynayacaq. Çalışmaq lazımdır ki, bayrağımızı fəxrlə ucalara qaldıraq. Çünki bu ölkədə hər cür şərait yaradılıb. Vətənimizin qədrini bilək, onu sevək və qoruyaq.

Tahirə