İdmançımız erməni yox, gürcü karateçisi ilə döyüşüb

Tiflisdəki davanı Gürcüstan vətəndaşı olan erməni əsilli məşqçi qızışdırıb



Gürcüstanın paytaxtı Tiflisdə keçirilən karate üzrə Dünya Çempionatında Azərbaycan və Ermənistan idmançıları arasında düşən davanın bəzi təfərrüatları məlum olub.

Azərbaycan Şotokan-Karate Birliyinin vitse-prezidenti Renat Əliyev "Şərq”ə açıqlamasında bildirib ki, Turqut Həsənov bir gün sonra Tiflisə gələrək yarışlara qatılıb: "Hadisə mayın 2-də baş verib. O isə ayın 3-də ora gəlib. Dava olan vaxtı Turqut orada olmayıb”.

R.Əliyevin sözlərinə görə, adıçəkilən idmançı böyüklərdən ibarət olan yığmanın tərkibində çıxış edir: "Bu hadisə isə gənclərdən ibarət komandanın üzvü yarışanda baş verib. İnformasiyada niyə onun adı hallanıb, bilmirəm”.

Vitse-prezident insidentin necə baş verməsinə də aydınlıq gətirib: "Bu hadisə baş verən zaman bizim idmançı erməni ilə yox, gürcü karateçisi ilə döyüşürdü. Ancaq qarşı tərəfin - erməni əsilli Gürcüstan vətəndaşı olan məşqçisinin müdaxiləsindən sonra yüngülvari insident baş verib. Lakin sonradan hüquq-mühafizə orqanları, bizim məşqçilər və tamaşaçılar tərəfindən həmin insan yarış keçirilən zaldan çıxarılıb. Həmçinin o və tələbəsi 1 il müddətinə keçirilən yarışlardan diskalifikasiya edilib”.

Qeyd edək ki, mətbutada yayılan məlumatlara əsasən hadisənin gənc idmançı Turqut Həsənovun tatamidə döyüşdüyü vaxt baş verdiyi bildirilirdi.

Vüqar Şahinoğlu