Kurikulum təhsil ideyamıza çevrilə bilmədi
Qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə, bir çox ziddiyyət və anlaşılmazlıqlar yaratdı
Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən müəyyən dəyişikliklər edilib.
DİM dəyişiklikləri belə əsaslandırır ki, abituriyentlərin seçim imkanları daha da genişləndiriləcək, başqa sözlə, abituriyentə icazə veriləcək ki, yaz imtahan sessiyasında II ixtisas qrupu, yay imtahan sessiyasında isə III ixtisas qrupu üzrə imtahanda iştirak etsin. Həmçinin abituriyent əvvəllər olduğu kimi, eyni ixtisas qrupu üzrə də hər iki qəbul imtahanında iştirak edə bilər.
Bəs bu dəyişiklikləri abituriyentlər üçün əlavə kömək adlandırmaq mümkündürmü?
Qaydaların tez-tez, yeri gəldi-gəlmədi dəyişdirilməsinin o qədər də tərəfdarı olmadığını deyən təhsil üzrə ekspert Nadir İsrafilov "Şərq”ə bildirib ki, ifrat dəyişikliklər təhsilin bir sistem olaraq oturuşmasına mane olur.
Ekspertin fikrincə, davamlı dəyişikliklərin olması nəzərdə tutulan hədəflərə çatmaqda, çevikliyə və mobilliyə əngəl yaradır, valideyn, abituriyentlər və ümumilikdə geniş ictimaiyyət arasında çaş-başlığa səbəb olur:
"Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən, konseptual sənəd olaraq Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikulum) kimi təsdiq edilmiş bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi. Kurrikulum standartları əsasında hazırlanmış qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə, bir çox ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı. Bu anlaşılmazlıqlar şübhəsiz ki, Azərbaycanda təhsil islahatlarının gedişinə də təsirsiz ötüşmədi.
Bütün bunların nəticəsi kimi hazırda summativ qiymətləndirmə ilə bağlı sənəd təhsil mütəxəssisləri ilə birgə müzakirə olunur. Sənədə əsasən, 1-ci siniflərdə summativ qiymətləndirmənin, 2-ci və 4-cü siniflərdə isə böyük summativ qiymətləndirmənin ləğv olunması, yalnız kiçik summativlərin saxlanılması təklif olunur.
Digər bir məsələ 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin tətbiqi ilə əlaqədar razılığın əldə edilməsidir. Bu kimi misalların sayını kifayət qədər artırmaq olar. O ki qaldı "Qaydalarda”kı son dəyişikliyə, bu, adambaşına düşən tələbələrin sayına görə aparıcı dövlətlərlə rəqabətə hesablanan növbəti bir addımdır. Həmçinin ali təhsilin hamı üçün əlçatan olmasına, məzunlara universitetlərə qəbul olmaq üçün əlavə şans verilməsinə yönəlik tədbirlərin davamıdır.
Necə ki, Milli Məclisdə "Təhsil haqqında” qanuna müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunacağı kimi. Əlbəttə, ali təhsillilərin, savadlı və peşəkar kadrların çoxluğu ölkəmizin ümumi mənafeyinin xeyrinədir. Lakin bununla belə təhsil haqqı ödənişlərinin əlçatanlığı, ali təhsilli diplomçuların işlə təminatı barədə də düşünmək pis olmazdı”.
Yeganə Bayramova