II qrup əlilə 8 aydır iş verilmir

Məktəbin direktoru: “Hələ bu şəxs işə qəbul olmamış belə oyunlar açır, işlədikdən sonra görün nələr edər”


İki uşaq anası, II qrup əlil olan Sədaqət Dadaşova qanunsuz olaraq işdən çıxarılmasından şikayətçidir. Ailənin yeganə qazanc gətirəni olan bu qadın bildirib ki, 8 aydır işsizdir və hüquqlarını heç cür bərpa edə bilmir.

Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki yataqxanada yaşayan Sədaqət Dadaşova "Yeni Müsavat”ın redaksiyasına müraciət edərək işdən çıxarılması nəticəsində düşdüyü ağır vəziyyəti gözü yaşlarıyla danışaraq bildirib ki, işsizdir, heç bir yerdən gəliri olmadığı üçün uşaqlarına baxmaqda çətinlik çəkir: "Məni heç bir səbəb olmadan işdən çıxarıblar.

Uşaqlarıma gündəlik çörək belə, ala bilmirəm. Əlil olduğum halda çətinliklə işləyib, ailəmi dolandırırdım. Vətənə iki əsgər böyüdürəm. Ancaq bir işi də mənə çox gördülər”.

Bakı Şəhər Təhsil İdarəsi tərəfindən şikayətinə baxılan Sədaqət Dadaşova 36 nömrəli texniki yaradıcılıq məktəbinə "Bacarıqlı əllər” dərnəyinin rəhbəri təyin edilib. Bu ilin mart ayının 1-dən etibarən dərslərə başlayan həmsöhbətim bayram tətilindən sonra məktəbə buraxılmayıb.

36 nömrəli texniki yaradıcılıq məktəbinin rəhbəri Təranə Aslanova Bakı Şəhər Təhsil İdarəsindən verilən əmri imzalamadığı üçün Sədaqət Dadaşova yeni işinə davam edə bilməyib: "Mən əmrin niyə imzalanmadığını soruşduqda Təranə Aslanova bildirdi ki, burada işləmək hər adamın işi deyil, burada yalnız imkanlılar çalışır”.

Sədaqət Dadaşovanın dediyinə görə, Bakı Şəhər Təhsil İdarəsinin fevralın 18-də verdiyi əmr iki aydan artıqdır ki, imzalanmır: "Bununla bağlı ombudsmana da şikayət etmişəm. Oradan da cavab gəlib ki, işlə təmin olunsun. Ancaq 8 aydır ki, mən balalarıma bir tikə çörək qazana bilmirəm”.

II qrup əlil olan Sədaqət Dadaşova problemini məhkəmə yolu ilə həll edəcəyinə ümid edir.

Təqsirləndirilən məktəbin direktoru Təranə Aslanova "Şərq”ə bildirdi ki, onun hələ əmri verilməyib: "Sadəcə, Bakı Şəhər Təhsil İdarəsindən işə təyin olunması ilə bağlı məktub göndərilib. Mən onu hələ işə qəbul etməmişəm. Buna uyğun olaraq onun sənədləri və iş təcrübəsi araşdırılıb”.

Məktəb müdirəsi işlə bağlı həmin şəxsi kollektivin qarşısında qəbul etdiyini bildirib: "O, Nizami rayonunda tanınmış şəxsdir. Bu məktəbdə çalışmazdan əvvəl Nizami rayonu, 210 saylı məktəbdə 6 il xadimə işləyib. Təsəvvür edin ki, bu orada nələr edib ki, işdən çıxardıblar. Sonradan gedib ora-bura yazmağa başlayıb. Xoşagəlməyən işlərlə məşğuldur. Daha sonra bizim müəssisəyə gələrək işsiz olduğunu, iki uşaq anası, tək qadın və əlil olduğunu əsas gətirərək iş verməyimizi istəyib. Mənə də araşdırmaq məqsədilə BŞTİ-dən məktub daxil oldu. Ancaq mən ondan əmək kitabçasını tələb edəndə itirdiyini söylədi. Bu zaman mən ona "əmək kitabçası olmadan sizi işə necə götürüm” - dedim. Onda belə nəticəyə gəlmək olur ki, bu insanın 6 illik xadiməlik fəaliyyətindən başqa müəllim kimi təcrübəsi olmayıb. Mən nazirlikdə çalışmışam, bu məktəbə yeni direktor təyin olunmuşam. Yəni belə şeylər çox görmüşəm. Hələ bu şəxs işə qəbul olmamış belə oyunlar açır, işlədikdən sonra görün nələr edər. Qadın yalan danışmaz, öz şəxsiyyətinə hörmət edər. Ancaq mən bu qadın haqqında məlumatları nazirliyə söyləmişəm, onlar da bilirlər”.

Vüqar Şahinoğlu