İki ay vaxt verildi

Tikinti işləri aparılarkən hansısa abidə ortaya çıxarsa, işlər dayandırılmalıdır





"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklik qüvvəyə minib. Dəyişiklik qanunun 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsində edilib və həmin cümlə aşağıdakı formada təsdiqlənib.

"İnşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata məlumat verilməli, həmin orqanlar və elmi təşkilat tərəfindən iki ay müddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir”.

Qeyd edək ki, dəyişiklikdən əvvəl qanunun 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsi bu formada idi: "İnşaat və digər təsərrüfat işləri görülərkən aşkar edilən abidələrin qorunması.

İnşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir. Bu halda inşaat və digər təsərrüfat işləri Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə davam etdirilə bilər”.

Beləliklə müvafiq təşkilatlar qarşısında bu kimi hallarda rəy verilməsi üçün konkret vaxt müəyyənləşdirilib.

Ölkəmizdə gedən tikintilər zamanı vacib tapıntıların ortaya çıxdığını deyən "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi” Liqasının sədri Sahib Məmmədov bildirib ki, bu cür hadisələr baş verərkən əlaqədar orqanlara müraciət etmək olduqca önəmlidir. Lakin təəssüf ki, bu gün əhəmiyyətli abidələr aşkar edildikdə vətəndaşların əksəriyyəti məlumat vermir və beləliklə həmin ərazi məhv olur: 

"Çox vaxt olur ki, hansısa tikinti işləri və yaxud yol çəkilişi zamanı qədim abidə qalıqları üzə çıxır. Bəzən tikintini həyata keçirənlər hansısa abidə üzə çıxarkən bu barədə əlaqədar orqanlara məlumat vermirlər. Düşünürəm ki, qanuna dəyişiklik edilməsi məhz

bu hallarla bağlıdır. Məsələ ilə bağlı qərar qətiləşdi və İnzibati Xətalar Məcəlləsində müvafiq orqanlara məlumat verməyənlər üçün məsuliyyətlər olmalıdır. Bəzən tariximiz üçün çox əhəmiyyətli olan hansısa qalıqlar meydana çıxır. Hətta hansısa köhnə binanı sökərkən onun alt qatında nisbətən uzaq dövrə aid olan qalıqlar olur. Bu zaman əlaqədar orqanlara mütləq xəbər vermək lazımdır. Məsələn, Arxeologiya İnstitutu, Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi kimi orqanlar bu məsələ ilə əlaqədardırlar. Qanuna edilən dəyişikliyin əsas məqsədi də odur ki, hansısa abidə ortaya çıxan zaman işlər dayandırılmalıdır. İki ay müddətində aidiyyəti orqanlar işi başa çatdırmalıdır və tapılan abidənin qalıqlarının nə qədər ciddi əhəmiyyət kəsb edib-etməyəcəyi barədə fikirlər söyləməlidirlər.

Dünya ölkələrində çox görmüşük belə halları və artıq bizdə də müvafiq tədbirlər görülməkdədir. Məsələn, digər ölkələrdə aşkar edilən tapıntıların üstünü germetik şüşələrlə örtürlər və abidə kimi qalır. Bu, turizm baxımından da əhəmiyyət kəsb edir, həm də dövlətin tarixini, keçmişini xatırladır. Görünür, ölkəmizdəki praktikada çox məqamlar olub. Məsələn, tapıntılar üzə çıxıb, amma sonradan tikinti dayanmayıb. Orqanlar qalıqlar əsasında müəyyən ediblər ki, əslində burda çox ciddi əhəmiyyət kəsb edən yer var imiş”.

Yeganə Bayramova