
İki ayın gəlini özünə qəsd etdi
Yeni ailə quran gənc qızların intihar etməsinin əsas səbəbi məcburi nikahlardır

İntihar halları ildən-ilə çoxalır. Adətən uğursuz sevgi macərası yaşayan gənclər və ailəsi tərəfindən basqılara məruz qalan yeniyetmələrin intihar xəbərləri yayılırdı. Bir də bankdan aldığı krediti qaytara, evdə ac gözləyən övladlarına bir tikə çörək apara bilməyən insanlar sosial ədalətsizliyə üsyan edərək özünə qəsd edirdi.
Son zamanlar isə dünya evinə yenicə qədəm qoyan, çiçəyi burnunda gəlinlərin intihar xəbərlərini almaqdayıq. Bir qadın ömrünün bəlkə də, ən xoşbəxt hissəsi hesab olunacaq bir dönəmdə gəlinlərin öz canına qəsd etməsi cəmiyyətdə müəyyən suallar doğurur.
Qeyd edək ki, cəmiyyəti ağuşuna alan intihar bəlasının budəfəki qurbanı Bərdə rayonunun Saatlı kəndində yaşayan 19 yaşlı Aytac Cabbarova olub. İki ayın gəlini olan Aytac özünə odlu silahdan atəş açaraq intihar edib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Psixoloq Elnur Rüstəmov hesab edir ki, bu addımın atılması insanların isterik xarakteri ilə bağlıdır. Yeniyetmə qızlar valideynlərin, evli qadınlar isə həyat yoldaşının diqqətini çəkmək üçün bu yola əl atır: "Bu insanlar ətrafın diqqətini çəkmək üçün situativ intiharlara cəhd edirlər. Bu bir dəfə olmur, zaman-zaman təkrarlanır. Onların məqsədi intihar edib ölmək deyil. Əsas
niyyətləri ətrafın diqqətini öz problemlərinə cəlb etməkdir. Bunun üçün də xlor, sirkə və dərman vasitələrini artıq qəbul edərək intihara əl atırlar. Bunu əsasən evdə adam olanda edirlər, ya da ailə üzvlərini əvvəldən bu barədə məlumatlandırırlar. Xəbər verdikləri şəxslər vaxtında gəlməsələr, özləri həkimə müraciət edirlər. Bəzi hallarda isə bu mümkün olmadıqda onlar həyatını itirirlər. Amma istənilən halda bu, sırf psixoloji problemdən yaranır”.
"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, həmin gəlinin intiharı ilə bağlı müxtəlif versiyalar ola bilər: "Biz konkret olaraq, həmin ailədə baş verənlərdən xəbərsiz olduğumuz üçün konkret fikir yürütmək çətindir. Ola bilsin ki, baş verən hansısa emosional hadisə gəlini özünə qəsdə vadar edib. 2 ay kifayət edir ki, həmin xanıma qarşı psixoloji və fiziki zorakılıq tətbiq edilsin.
Məsələyə ümumi yanaşdıqda isə təzə gəlinlərin intihar etməsinin əsas səbəblərindən biri məcburi nikahlardır. Xatırlayırsınızsa, bir müddət əvvəl bakirə olmamaqda ittiham olunan gəlin də özünə qəsd etmişdi. Təbii ki, evliliyin ilk günlərində gəlinin özünü öldürməsinin arxasında çox ciddi məsələlər dayanır. Burada həmin qadına qarşı ədalətsiz münasibət, haqlarının pozulması kimi faktlar da daxildir. Bu cür şərtlər daxilində də insan affekt vəziyyətinə düşür və özünü öldürməyə cəhd göstərə bilir”.
M.Zeynalovanın sözlərinə görə, bir neçə günün gəlininin intihara əl atması toy günü edilən zorakılıqla bağlıdır: "Məcburi ərə verilən xanım istəmədiyi halda cinsi zorakılığa məruz qalır. Bunun nəticəsi olaraq da, çıxış yolunu intiharda tapır. Çünki onlar özlərini müdafiəsiz və köməksiz hesab edirlər. Evlilikdən müəyyən müddət keçdikdən sonra gəlinin özünü öldürməsi isə ona edilən işgəncələr və mənəvi zorakılıqlarla bağlı olur. Hökumət tərəfindən evlilikdən əvvəl gənclərin tibbi müayinədən keçmə məsələsi bu gün öz həllini tapıb. Amma orada sadəcə müəyyən xəstəliklər üzrə yoxlamalar öz əksini tapıb. Daha yaxşı olar ki, ailə quran vaxtı gənclər bütün müayinələrdən keçsin və bu barədə qarşı tərəfə ətraflı məlumat versin. Əksər vaxtlarda ailə quran tərəflər biri-birindən öz xəstəliyini gizlədir. Çox təəssüflər olsun ki, bizdə ruhi xəstə ilə evlənəndə belə, açıq şəkildə onun problemləri qarşı tərəfə bildirilmir”.
Təşkilat rəhbərinin sözlərinə görə, gənclərin tibbi müayinə zamanı psixoloji testdən də keçməsi zəruridir: "Biz İctimai Birlik olaraq, hər zaman bu məsələni qaldırırıq ki, evlənməyə ərizə verən şəxslərlə bağlı müddət 1 aydır. Bu müddətin uzadılması vacibdir. Bu həm bəzi xəstəliklərin aşkarlanması üçün gərəklidir, həm də bu müddət ərzində məcburi olaraq, nikaha girən şəxslər psixoloji və hüquqi yardım ala bilərlər. Bu xidmətlər isə pulsuz olmalıdır. Hesab edirəm ki, nikaha girən şəxslərin psixoloji durumuna psixoloqlar tərəfindən rəy verilməlidir ki, bu adam zorakılığa meyillidir, ya yox? həkim sirri olsa da, xəstənin psixoloji durumu ilə bağlı psixoloqlar qarşı tərəfi məlumatlandırmalıdır. Bəlkə birinin ruhi çatışmazlığı var. Qoy, qarşı tərəf bunu bilsin və öz seçimini özü etsin! Real mənzərə ondan ibarətdir ki, ərizə verən gənclər 1 aydan sonra gəlib, "zaqs” kəsdirir və bununla da işlərini bitmiş hesab edirlər. Bu gün baş verən bədbəxt hadisələr də həmin laqeydliyin nəticəsidir. Bəzi adamlar israrla iddia edir ki, "atalarımız, analarımız psixoloji yardımmı alıb?”. Amma biz qəbul etsək də, etməsək də, qlobal proseslərin, ekoloji dəyişikliklərin insan orqanizminə psixoloji və bioloji təsirləri var. Əvvəllər bu cür yardımlara ehtiyac olmasa da, bu günümüz üçün bu proseslərin həyata keçirilməsi labüddür. Çox yaxşı olar ki, Ədliyyə Nazirliyi vətəndaş nikahına girən şəxslərin tibbi müayinədən keçirilməsi zamanı psixoloji yardım xidmətlərini də təmin etsin. Evlilikdən öncə işimizi tədbirli görək ki, sonradan bu cür problemlərin həlli üçün çıxış yolu axtarmayaq. Gənclərin ölümünə şahid olmayaq” .
Şəymən