Türkiyədə seçki terror başladı
Türkiyədə parlament seçkiləri yaxınlaşdıqca siyasi mübarizə daha da şiddətlənib. Mayın 18-də gündüz saatlarında Xalqların Demokratik Partiyasının (HDP) Adana və Mersin vilayətlərində yerləşən yerli təşkilatlarının binalarına terror hücumu baş verib. Adana Seyhan Rayonunda yerləşən partiya qərargahına atılan bomba qərargahda olan 6 nəfərin yaralanmasına səbəb olub.
Mersində isə HDP mərkəzi Akdeniz rayonunda yerləşən vilayət təşkilatının qərargahında partlayış baş verib. Ancaq ölən və ya yaralanan olmayıb. Şahidlərin bildirdiyinə görə, HDP yerli qərargahına naməlum şəxslər gül çələngi gətiriblər. Ehtimal ki, saatlı bomba olan gül çələngi müəyyən bir vaxtdan sonra partlayıb. Maraqlıdır ki, hər iki partlayış eyni anda baş verib.
HDP Mərkəzi İdarə Heyəti hadisədən sonra açıqlama yayaraq olaya görə hökuməti ittiham edib. Açıqlamada qeyd olunur ki, seçkilər öncəsi HDP-nin 60-dək yerli ofislərində binalar, avtomobil, üzv və könüllülər hücuma məruz qalıb. Partiya hücumun məsuliyyətini iqtidardakı AKP-nin üzərinə qoyub. Eyni zamanda partiya öz üzvlərinə sakitlik çağırışı edib və Mersində mitinq keçirməklə bağlı çağırış edib.
Baş nazir Əhməd Davudoğlu Karamanda keçirilən seçki mitinqində HDP-nin Mersin və Adanadakı mərkəzlərinə həyata keçirilən hücumları pisləyərək provokasiya adlandırıb. Bu cür hücumları gözlədiklərini deyən Davudoğlu bütün partiyalara qarşı hücumları pislədiklərini deyərək hökumətə qarşı ittihamların da əsasının olmadığını deyib.
Milliyyətçi Hərəkat Partiyasının sədr müavini Zuhal Topçu CNN Türk kanalına açıqlamasında HDP mərkəzlərinə hücum zamanı MHP simvollarından istifadə edilməsini qınayıb. Z.Topçu deyib ki, HDP-yə hücumlarda əsas hədəf MHP-dir. Eyni zamanda MHP yetkisi hücumların bu şəkildə təşkil olunmasında hökuməti ittiham edərək təşkilatçı kimi AKP-nin adını qeyd edib: "Bu hücumda bizim partiyadaşlarımız iştirak etməyib. Ülçücü gəncliyin, yaxud da partiya üzvlərimizin belə bir hücumda iştirakı mümkün deyil. Belə bir hücumda iştirak edərlərsə, o adamlar partiyadan uzaqlaşdırılacaq. AKP hökumətinin müasir siyasəti hansı hala gətirdiyini millətimiz də görməlidir”.
Öz növbəsində Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın da açıqlama yayaraq hücumları kəskin şəkildə tənqid edib. (Musavat.com)
Qeyd edək ki, bu il iyunun 7-də Türkiyədə növbəti parlament seçkiləri keçiriləcək. Ərdoğanın baş nazir postundan istefa verərək prezident seçilməsindən sonra keçirilən bu seçkilər Türkiyə siyasətində son illərdə ən hərəkətli siyasi proseslərdən birinə çevrilib. Hazırda əsasən 4 partiya gərgin seçki yarışı içərisindədir. AKP, CHP, MHP və HDP seçkilərdə proporsional seçki baryerini keçməyi hədəfləyir. Eyni zamanda rəy sorğuları bu ilki seçimlərdə AKP-nin səs itkisi yaşayacağı ilə bağlı qənaətlərə səbəb olub. Bu isə Türkiyə üçün yeni siyasi vəziyyətin yaranması ilə bağlı ümidlərə səbəb olub. Bu səbəbdən də seçkilər yaxınlaşdıqca Türkiyədə siyasi gərginlik daha da artır.