"Azərbaycan Prezidenti İlham Əliyev 57 illik ömrünün son 15 ilində - prezidentlik dövründə özünü görkəmli dövlət xadimi kimi tamamilə təsdiq etdi”.
Bu barədə "Sherg.az”a Prezident İlham Əliyevin doğum gününü təbrik edərkən millət vəkili Tahir Kərimli bildirib.
T.Kərimli rəhbərlik etdiyi "Vəhdət" partiyası və öz adından cənab Prezidenti doğum günü münasibətilə təbrik edib:
"Ölkə başçısına uzun ömür, can sağlığı, fəaliyyətində uğurlar arzu edirəm. Cənab Prezident artıq 15 ildir ki, hakimiyyətdədir. Ölkə başçısı bu müddət ərzində Azərbaycanda sabitliyi, təhlükəsizliyi və inkifaşı bərqərar edib. Hazırda bir sıra problemlərimiz var və güman edirəm ki, 2019-cu ildə onlar da aradan qalxacaq. Artıq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində diplomatik uğurlar, irəlləyişlər var. Ermənistan demək olar ki, küncə sıxışdırılıb. Ordumuz gündən-günə güclənir. Yalnız bu il ərzində ölkədə iki böyük hərbi parad keçirildi.
100 illiyimiz möhtəşəm şəkildə qeyd olunur. 15 il bundan əvvələ nisbətən ümumdaxili məhsulun həcmi dəfələrlə artıb, insanların maddi rifahı yaxşılaşıb. Ölkədə hərtərəfli inkişaf var. Bütün bunları cənab Prezidentin gerçəkləşdirib və hər biri onun uğurudur. Eyni zamanda son illər ölkədə çox böyük beynəlxalq əhəmiyyətli kommunikasiya xətləri çəkilib. Artıq dünyadan gedən proseslərdə Azərbaycanın önəmi, yeri artıb. Siyasi, diplomatik məsələlərdə ölkəmiz regional fiqura çevrilib.
Fikrimcə, bünların hər biri cənab Prezidentin apardığı uzaqgörən siyasətin nəticəsidir. Həm partiya kimi, həm deputat kimi ölkə başçısını dəstəkləyirik. Hər zaman onun yanındayıq. Cənab Prezidentə bütün işlərində bitib, tükənməyən uğurlar arzu edirik”.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra, 1982-ci ildə İnstitutun aspiranturasına qəbul olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb və bir sıra istehsalat-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib. İki dəfə 1995-ci ildə və 2000-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir (2016-cı ildə dövlət başçısı bu vəzifəyə yenidən seçilib).
1999-cu ildə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyasının sədr müavini, AŞ PA-nın Büro üzvü seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilib. Həmin il avqustun 4-də Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təsdiq edilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini toplayan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. Həmin il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb. 2013-cü il oktyabrın 9-da İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini (84,54 faiz) qazanaraq beş il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib. Oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb. 2018-ci il aprelin 11-də keçirilən Azərbaycan Prezidenti seçkilərində İlham Əliyev seçicilərin 86,02 faiz səsini toplayaraq inamlı qələbə qazanıb. Həmin il aprelin 18-də vəzifəsinin icrasına başlayıb.
Kənan Eynuroğlu