"Prezident İlham Əliyev hakimiyyətin legitimliyinə və fərdi xüsusiyyətlərinə görə Xarizmatik və rasional-leqal liderdir”
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev funksional baxımdan "bayraqdar”, yəni, ali və nəcib keyfiyyətlərə sahib, "yanğınsöndürən”, yəni, mürəkkəb situasiyanın fonunda xüsusi fəaliyyəti ilə həmrəyliyin və bütövlüyün təmin olunmasına nail olan, "faydalı”, yəni, özündə bir çox rasional lider keyfiyyətlərini birləşdirən, "təmsilçi”, yəni, sahib olduğu bütün resurslardan təmsil etdiyi xalqın mənafeyi üçün istifadə edən liderdir: "Pozitiv enerji doğurmaq bacarığı olan, sosial fəaliyyətə üstünlük verən, natiqlik və ünsiyyətçilik məharəti ilə, eyni zamanda, ekstraordinar keyfiyyəti ilə fərqlənən liderdir.
Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli təqdim etdi. Məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Beləliklə radikalizmi, siyasi şantaj və ekstremizmi siyasi sistemimizdən çıxardı. İlham Əliyev siyasi sistemimizə qüsursuz siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi.
İlham Əliyev demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdıra bildi. Prezident beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri "idarə olunan xaos" planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu”.
Parlament üzvünün sözlərinə görə, dövlət başçısı islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri "lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə" siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı:
"Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi. İlham Əliyev neft kapitalını intelektual kapitala çevirək şüarı ilə krieativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirməklə Azərbaycanın gələcək inkişafını təmin etdi. Prezident İlham Əliyev XXI əsrdə nəhəng transmilli layihələri həyata keçirməklə ən güclü rəqiblərinin kürəyini yerə vurdu və bu layihələri müstəqilliyimizin təminatçısına çevirdi.
Tarixi İpək Yolunu bərpa etmək üçün bütün müqavimətlərə və rəqabətə baxmayaraq, Bakı-Tiblisi-Qars dəmiryolu xəttinin çəkilişinə nail oldu. Bu strateji qərar ilə türk dünyasını dəmir kəmərlə bir-birinə bağlamaqla onların iqtisadi birliyini təmin etdi. Eyni zamanda, bu layihə Azərbaycanı Asiyaya və Avropaya polad raylarla bağlamış oldu.
XXI əsrin iqtisadi möcüzələri sayıla biləcək TANAP və TAP layihələrini reallaşdırdı. Bu layihələrin reallaşması üçün diplomatiya tarixində görünməmiş təzyiqlərə, hətta təhdidlərə belə məruz qalmasına baxmayaraq, çox nəhəng ölkələrin dizini yerə gətirdi. Beləliklə, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri layihələrinin müəllifi kimi tarixə düşdü”.
H.Babaoğlu əlavə edib ki, Prezident İlham Əliyev ölkəmizdə və xaricdə böyük investisiya layihələri həyata keçirməklə iqtisadiyyatımızın neftdən asıllığına son qoydu:
"Azərbaycanı kosmik sənaye ölkəsinə çevirdi. Qısacası Prezident İlham Əliyev xalqımızı tarixi inkişaf mərhələsində keyfiyyətcə yeni eraya çıxarmağı bacardı”.
İsmayıl