İlham Pirməmmədov "Qazax Cəmiyyəti" İctimai Birliyinin sədri seçilib



 
Bu günlərdə "Qazax Cəmiyyəti” İctimai Birliyi (Qazax Xeyriyyə Cəmiyyəti) İdarə Heyətinin toplantısı keçirilib. İdarə Heyətinin 17 nəfər üzvündən 12 nəfəri iştirak edib. Tədbirdə Cəmiyyətin sədri Vidadi Bayramovun hesabat nitqi dinlənilib. V.Bayramov öz çıxışının sonunda "Qazax Cəmiyyəti” İctimai Birliyinə rəhbərlikdən istefa vermək üçün İdarə Heyətinə müraciət edib.

 İdarə Heyəti tərəfindən istefa müraciəti qəbul olunub və yeni rəhbərliyə texnika elmləri doktoru, professor İlham Pirməmmədovun namizədliyi irəli sürülüb. Professor İlham Pirməmmədov səsvermədə yekdilliklə "Qazax Cəmiyyəti” İctimai Birliyinin sədri seçilib. Sədr seçildikdən sonra sədr müavinlərinin namizədlikləri irəli sürülüb. Qazaxlı iş adamları Arzuman Abdulkərimov və Puşkin Əhmədov "Qazax Cəmiyyəti” İctimai Birliyinin sədr müavinləri seçilib. 

Qeyd edək ki, "Qazax Cəmiyyəti” İctimai Birliyi, 1991-ci ildə "Qazax Xeyriyyə Cəmiyyəti” adı ilə yaradılıb. Cəmiyyətin yaradılmasında İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Aslan Kəmərli kimi nüfuzlu şəxsiyyətlərin böyük rolu olmuşdur. Cəmiyyət yarandığı gündən cəbhədə, Qazaxlıların arasında olub. Cəmiyyət daim dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilib.