İlhamə Quliyevanın qəbir daşı yaxın günlərdə hazır olacaq

Xalq artistinin oğlu: “Heç kim narahat olmasın, bütün işlərlə özüm məşğul oluram”
Azərbaycanın Xalq artisti İlhamə Quliyevanın ölümü ətrafında söz-söhbətlər hələ də səngiməyib. Mərhum sənətkarın 40 mərasiminə az müddət qalıb. Lakin Xalq artistinin başdaşının qoyulması ətrafında müzakirələr davam etməkdədir.
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib ki, İ.Quliyevanın qəbir daşının hazırlanması üçün sifariş verilib: "Bunu Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmışıq. Bütün maddi vəsait dövlət tərəfindən qarşılanacaq. Xalq artistinin ailəsi isə bununla bağlı bizə heç bir sifariş verməyib. Biz də ümumi standartlara uyğun olaraq mərhum Xalq artisti üçün qəbir daşı hazırlatdıracağıq. Artıq bütün işlər yekunlaşmaq üzrədir. Bir həftə ərzində qəbir daşı qoyulacaq”.
Mədəniyyət və Turizm Nazirliyindən isə verilən açıqlama S.Həsənovun dediklərini təkzib edib. Qurumun ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Vüqar Şıxməmmədov bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi qəbirüstü abidənin qoyulması məsələsi ilə məşğul olmur: "Xalq artisti, mərhum İlhamə Quliyevanın qəbir daşının hazırlanmasının nazirliyə aidiyyəti yoxdur. Bu işlə Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Tresti məşğul olur. Bu, həmişə belə olub”.
Xalq artistinin qəbir daşının hazırlanması ilə bağlı İlhamə Quliyevanın oğlu Orxanla da əlaqə yaratdıq. Mərhum sənətkarın oğlu "Şərq”ə açıqlamasında bunları deyib:
- "Mənim anamın ölümü ətrafında çox söz-söhbətlər oldu. Mətbuat da istədiyini yazdı, kimlərsə də açıqlama verib gündəmə gəlməyə çalışdı. Anamın 40 mərasimi bitənə qədər mən heç nə danışmaq istəmirəm. Bir onu bilsinlər ki, mən anamı, dayağımı, mənim üçün dəyərli bir varlığımı itirmişəm. Biz müsəlmanıq. Heç olmasa, müsəlmanlığımızı unutmayaq. Onun 40-nın çıxmasını gözləyək. Mən anamın ruhuna hörmətlə yanaşdığım üçün heç kimə indi cavab vermək niyyətində də deyiləm. Bir onu deyirəm ki, sağlığında onun adını dillərinə gətirə bilməyənlər, indi də sussunlar. Ən azı ölənin ruhuna hörmət etməyi bacarsınlar. Onun ölümü Azərbaycan mədəniyyətinə ağır itki oldu, amma ən böyük itki məndən getdi. Mən anamı itirmişəm. Bundan ağır nə ola bilər ki? Mən susuramsa, anamın adına, ruhuna hörmət edirəm. Qaldı mətbuatda da yazılır ki, İlhamə Quliyevanın məzar daşı ilə maraqlanan yoxdu, bu, yalandı. Ayıbdı, bir az da olsa, Allahınızdan qorxun. İlhamə Quliyeva Azərbaycan mədəniyyətində sözü, hörməti olan, dövlət tərəfindən fəxri adlara layiq bir sənətkar idi. Bu onun ictimai sima olaraq qazandıqlarıdır. Mən üzümü hamıya tutub deyirəm ki, İlhamə xanım sahibsiz də deyil, övladsız da. Onun oğlu ölməyib ki, onun qəbir daşı ilə maraqlanan olmasın. Onun qəbir daşı hazırlanır. Artıq mərmər hazırdı. Qəbir daşının üstünə vurulacaq şəkli də mənimlə məsləhətləşdikdən sonra seçiblər. 40 mərasiminə qədər qəbir daşı tam hazır olacaq. Aprelin 4-də də İlhamə xanımın 40 mərasimi keçiriləcək. Mərasimi də onun adına layiq şəkildə təşkil edəcəm. Bir oğul olaraq mənim üzərimə düşən nə varsa, onu Allahın köməyi ilə də yerinə yetirəcəm. Yenə də qeyd edirəm ki, kimlərsə narahat olublarsa, rahat olsunlar. Mən anamın qəbir daşı ilə də, 40 mərasimi ilə də məşğul oluram. Oğlu olaraq da, imkan vermərəm ki, anamın adı ilə kimlərsə şou yaratsınlar”. Qeyd edək ki, Xalq artisti İlhamə Quliyeva fevralın 25-də dünyasını dəyişib.
Tahirə