Vüqar Bayramov: “Bu, qısa və uzunmüddətli dövrdə öz xərclərini qarşılaya biləcək bir layihədir”
“İnşa edilən tikililər, stadionlar digər yarışlar üçün, həmçinin Avropa Çempionatının 4 oyununun Azərbaycanda keçirilməsi zamanı istifadə oluna biləcək”
Ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, eləcə də idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlar I Avropa Oyunlarının Azərbaycanda təşkil olunmasını şərtləndirən başlıca faktorlardır. Ölkəmizdəki mövcud imkanlar istənilən səviyyəli beynəlxalq tədbiri yüksək səviyyədə təşkil etməyə imkan verir.
Həmçinin Avropa Oyunlarının Azərbaycan üçün iqtisadi əhəmiyyəti də az deyil. İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov Avropa Oyunlarını ölkəmizin iqtisadi səmərəsi baxımından müsbət hadisə kimi dəyərləndirib: "Birinci Avropa Oyunlarının iqtisadi gəlirlərinin qiymətləndirilməsi yalnız oyunların keçirildiyi müddətlə məhdudlaşmamalıdır”.
Onun sözlərinə görə, 1-ci Avropa Oyunlarının ölkə iqtisadiyyatına xeyirlərini qiymətləndirən zaman əldə edilən cari və strateji gəlirlərin hesablanmasına ehtiyac var: "Cari gəlirlər biletlərin satışı, ölkəyə gələn turistlər və onların Bakıda olduğu müddətdə istər xüsusi xidmət sektoruna, istərsə də otellərə və digər sektorlara pul xərcləmələri nəticəsində formalaşacaq. Nəzərə alsaq ki, beynəlxalq qiymətləndirmələrə görə bir turist Azərbaycanda olan zaman 1 həftə ərzində orta hesabla min dollara yaxın vəsait xərcləyir, praktik olaraq 2 həftəlik yarışlarda bir turist Azərbaycan iqtisadiyyatına 2 min manat sərmayə yönəldəcək. Bu, sözsüz ki, Avropa Oyunları müddətində birmənalı şəkildə turistlər tərəfindən Azərbaycan iqtisadiyyatına yönəldilən vəsaitlərin həcminin artmasına səbəb olacaq”. Ekspert bildirib ki, əldə ediləcək gəlirlərə, oyunların efir yayımından və müxtəlif reklamlardan gələn gəlirləri də daxil etmək lazımdır: "Avropa Oyunlarının özünün tərəfdaşlarının olduğunu nəzərə alsaq, onların hesabına müxtəlif dövlətlər oyunlar zamanı öz reklamlarını yerləşdirə biləcəklər. Bu zaman reklamlardan kifayət qədər gəlir əldə olunacaq. Bununla da maddi, maliyyə baxımından Avropa Oyunları töhfə vermiş olacaq.
Cari gəlirləri hesablayan zaman bilet satışı, turistlərin orta hesabla xərclədiyi pul, yayımdan və reklamdan əldə edilən gəlirləri qruplaşdırmalıyıq. Bura bir məqam da daxildir, Azərbaycana gələn turistlər məhz xarici valyutadan istifadə edəcəklər. Bu da indiki dövrdə dollar təklifini artıraraq manata tələb formalaşdıracaq. İndiki məzənnə siyasəti baxımdan olduqca əhəmiyyətlidir. Bu da Mərkəzi Bankın intervensiya xərclərinə təsir göstərəcək.
Nəzərə almalıyıq ki, Avropa Oyunları üçün inşa edilən tikililər, stadionlar digər yarışlar üçün, həmçinin Avropa Çempionatının 4 oyununun Azərbaycanda keçirilməsi zamanı istifadə oluna biləcək. Praktik olaraq əldə edilən infrastruktur və tikililər gələcəkdə digər oyunların, yarışların təşkil edilməsinə imkan yaradacaq. Gələcəkdə yarışlar üçün Azərbaycan cüzi xərclər çəkməklə bunu təşkil edə biləcək”.
İqtisadçının fikrincə, oyunların digər strateji əhəmiyyəti ölkəmizin bu yarışlar hesabına daha da tanınmasına zəmin yaranmasıdır:
"Ölkəyə gələn qonaqlar potensial turist rolunu oynayacaq, 1-ci Avropa Oyunları yeni turistlərin ölkəyə cəlb olunması üçün baza yaradacaq. Bu da təbii ki, turizm sektorunda Azərbaycanın təqdimatı və təbliğatında mühüm rol oynayacaq. Həm cari, həm də strateji baxımdan qiymətləndirsək, 1-ci Avropa Oyunlarını səmərəsiz oyunlar kimi dəyərləndirmək düzgün deyil. Bu, qısa və uzunmüddətli dövrdə öz xərclərini qarşılaya biləcək bir layihədir və güman edirəm ki, bunları nəzərə alsaq praktik olaraq iqtisadi baxımdan Avropa Oyunlarının keçirilməsi rentabelli olacaq”.
Xərcləmələrlə bağlı konkret rəqəmlərə gəlincə, Vüqar Bayramov deyib ki, bu barədə dəqiq rəqəm söyləmək çətindir:
"Çünki mənbələrdə müxtəlif rəqəmlər səslənir. Əldə ediləcək gəlirlərin xərclənəcək gəlirləri kompensasiya etmək dərəcəsi çoxdur. Həm cari, həm strateji gəlirləri toplayan zaman 1-ci Avropa Oyunları üçün xərclənəcək vəsaitləri digər gəlirlər hesabına kompensasiya etmək mümkün olacaq”.
Şəymən