Renat Əliyev: “Baku 2015” ölkəmizin nüfuzunu daha da artıracaq”
"Bakı 2015” ilk Avropa Oyunları ilə bağlı idmançılarımızın bu mötəbər turnirlə bağlı fikirlərini öyrənməyə davam edirik. Növbəti həmsöhbətimiz isə I Avropa Oyunlarında karate üzrə oyunları idarə edəcək hakimlərdən biri karatenin şotokan və vaderu növləri üzrə ikiqat Avropa Çempionu və bir çox yarışların qalibi, beynəlxalq dərəcəli hakim, Əməkdar məşqçi, Dünya Karate-Şotokan Birliyinin prezidenti Renat Əliyev oldu.
O, I Avropa Oyunlarını son illərin ən mühüm idman yarışı kimi dəyərləndirir: "Biz idmançılar da bu oyunlara ruh yüksəkliyi ilə hazırlaşırıq. Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin dünyadakı nüfuzunu daha da artıracaq və bütün dünya ölkələrinin diqqəti bizim üzərimizdə olacaq. Nəticədə "Baku 2015” ölkəmizin nüfuzunu daha da artıracaq. Bu cür mötəbər yarışın vətənimizdə keçirilməsindən sevinir və qürur hissi keçirirəm”.
- Azərbaycan karateçilərinin bu yarışdakı imkanlarını necə qiymətləndirirsiniz?
- Karatenin ilk dəfə olaraq I Avropa Oyunlarına salınması da bizlərə qalib kimi vətənimizin bayrağını ucalara qaldırmaq şansı verdi. Həmçinin Avropa Oyunlarının ilk günləri öncə karateçilərimiz öz gücünü sınayacaq. Bu da ölkəmizə ilk qızıl medalı qazandırmaq və komandamızın qaliblər siyahısında birinci yerdə olması baxımından böyük fürsətdir. İnşallah, bunun öhdəsindən gələrək ilk qalib olacağıq və buna əminik”.
- Karatedən başqa digər hansı idman növlərinə azarkeşlik edəcəksiniz?
- Cüdo, güləş və gimnastika növlərinə böyük marağım var və bu idman növü üzrə keçirilən oyunları da izləyəcəm və idmanın bu növlərində yarışa qatılacaq idmançılarımızın nailiyyət əldə etməsini istərdim.
- Azərbaycanla yanaşı, hansı ölkənin komandalarının qalib olmasını istərdiniz?
- Təbii ki, ölkəmizlə bərabər bizə qardaş olan Türkiyə komandasının qalib olmasını arzulardım.
- Əgər idarə etdiyiniz yarışda iki tərəfdən biri sizin rəğbət bəslədiyiniz ölkənin karateçisi olsaydı, bu, sizin ədalətli qərar verməyinizə necə təsir edərdi?
- Əsla, heç bir zaman təsir edə bilməz. Çünki biz hakim qismində tatamiyə çıxanda bitərəf oluruq. Yəni milliyyətimizi və istəklərimizi qərarımızla əks etdirmirik. Beynəlxalq hakim yarışlar zamanı heç bir ölkəyə üstünlük verməməli və obyektiv oyunu idarə etməlidir.
- Avropa Oyunları zamanı hakim yox, idmançı qismində iştirak etsəydiniz, sizi nə fərqləndirərdi?
- Gənc yaşlarım olsaydı, əlbəttə, idmançı olaraq iştirak edərdim. Bu zaman fərqli yanaşar və davranardım. Yəni daha emosional və həyəcanla iştirak edərdim və çalışardım ki, komandam uğur qazansın. Lakin fərqi yoxdur, hakim kimi də ürəyim idmançılarımızla birlikdə döyünəcək.
- Bu oyunlar zamanı Azərbaycana gələcək qonaqları necə qarşılamalıyıq ki, onlarda ölkəmiz haqqında müsbət fikirlər formalaşsın?
- Bunun üçün ən əsası bizə xas olan qonaqpərvərliyimizi nümayiş etdirməliyik. Çünki qonaqpərvər millətik. Həmçinin ölkəmizi, xüsusilə də paytaxtı Şərqlə Avropanın birləşdiyi bir şəhər kimi də söyləyirlər. Bu baxımdan Bakının gözəlliyini, bilinməyən və görünməyən yerlərini onlara göstərməklə Azərbaycanın necə inkişaf etdiyinin canlı şahidi olacaqlar.
- Birinci Avropa Oyunları sizcə, necə yaddaşlarda qala bilər?
- Deyərdim ki, Birinci Avropa Oyunları ilkliyinə görə hafizələrdə qalacaq. Bu ilk Avropa Oyunları da, şükür Allaha, bizə qismət olub. Ona görə ki, ilk Avropa Oyunları tam fərqli və yüksək səviyyədə həyata keçiriləcək, bu oyunlara yanaşmalar da fərqlidir. Ancaq sonrakı Avropa Oyunları keçirildikcə, bu oyunlar adiləşəcək. Necə ki, hər bir və bir neçə ildən bir Dünya və Avropa Çempionatları keçirilirsə, Avropa Oyunları da o formada müəyyən müddət keçdikcə, sıradan beynəlxalq yarışlardan biri kimi qarşılanacaq.
- Sizin bir idmançı kimi "Baku 2015” oyunlarına arzu və tövsiyələriniz nədir?
- Arzum budur ki, ölkəmiz oyunlara daxil edilən bütün idman növləri üzrə qalib kimi himnimiz çalınsın, bayrağımız ucalara qalxsın və qızıl medallar əldə edək. Tövsiyəm isə həm idmançılarımız, məşqçilər və hakimlər heyəti, həm də tamaşaçılaradır, qoy onlar düşünsünlər ki, biz özümüzün vətənə layiq olduğumuzu göstərməliyik. Çünki ilk dəfə keçiriləcək Avropa Oyunları ölkəmizdə olduğuna görə, üzərimizə beşqat məsuliyyət düşür. İdmançılarımız da bunu çox yaxşı anlayır.
Vüqar Şahinoğlu