İmtahan keçirilibsə, nəticələri açıqlanmalıdır

Təhsil ekspertləri də yaranmış vəziyyətlə bağlı məntiq tapa bilmirlər
“Bu imtahanların keçirilməsi sadəcə bir görüntüdür. Onsuz da bütün şagirdlərə şəhadətnamə veriləcək”

9-cu sinif şagirdlərinin buraxılış imtahanından 1 aya yaxın vaxt keçməsinə baxmayaraq nəticələr barədə heç kəs məlumatlı deyil. Bundan bəlkə də şagirdlərdən daha artıq valideynlər narahatdır. Məlum məsələdir; bizdə istənilən imtahanda valideyn şagirddən qat-qat artıq həyəcan keçirir, "tər tökür”. İndi də valideynlər imtahan nəticələrinin açıqlanmamasından gileylənirlər.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi 5 mart 2017-ci il tarixində Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirib. Həmin gün ümumilikdə 40124 şagirdin imtahan verəcəyi bildirilirdi.

İmtahanlar başa da çatdı, lakin nəticələr bilinmir.

Məsələ barədə məlumatlı şəxslərdən aldığımız məlumatsa bundan ibarət oldu ki, imtahanların birinci mərhələsinin nəticələri 2-ci mərhələ başa çatdıqdan sonra bilinəcək. 2-ci mərhələ isə tədris ili başa çatdıqdan sonra - may, ya da iyun ayında keçiriləcək və yekun - ortaq qiymət elan ediləcək. Yekun qiymət imtahanların birinci və ikinci mərhələsinin nəticələrinə əsasən ortaq qiymət olaraq hesablanacaq. Və məhz bu qiymətlər şagidlərin şəhadətnaməsinə yazılacaq.

Qeyd edək ki, 9-cu sinif üzrə buraxılış imtahanlarının 1-ci mərhələsində mənfi qiymət alan şagirdlərin 2-ci mərhələyə buraxılacağı bildirilir. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”nın təsdiq edilməsi ilə əlaqədar keçirdiyi brifinqdə elan etmişdi.

M.Abbaszadə bildirmişdi ki, 2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək. IX sinif üzrə buraxılış imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili) və riyaziyyat fənlərindən iki mərhələdə təşkil olunacaq.

M.Abbaszadə qeyd edib ki, birinci mərhələdə şagirdlərə ana dili (Azərbaycan və ya rus dili) fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq üçün inşanın (essenin) qiyməti nəzərə alınacaq. İkinci mərhələdə isə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim ediləcək.
Bəs şagirdlər imtahan tapşırıqlarından razı qalıbmı? Mənbə bildirdi ki, şagirdlər riyaziyyat fənni üzrə tapşırıqların çətin olduğunu deyir. Ana dili fənni isə nisbətən asan olub.

DİM imtahan nəticələrini niyə elan etmir? Şagird hansı bilik səviyyəsinə malik olduğunu niyə bilməməlidir ki, önləm də alsın, məhz o istiqamətdə biliklərini artırmağa, fənni daha yaxşı mənimsəməyə çalışsın?

Təhsil məsələləri üzrə mütəxəssis Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında imtahanların birinci mərhələsinin nəticələrinin elan edilməməsində heç bir məntiq tapa bilmədiyini dedi:

- Mən ha fikirləşirəm, bu işdə nə bir təhsilə, nə metodikaya aid bir məntiq, əsas tapa bilmirəm. Özümə də bu sualı vermişəm? İmtahan keçirilibsə, niyə onun nəticələri açıqlanmamalıdır? Növbəti imtahana hazırlıq üçün şagirdin birinci imtahanın nəticəsini bilməsi vacibdir. Şagird bilməlidir ki, harada səhv edib, harada zəifliyi var. Gözlə, ikinci imtahan da olsun, sonra yekun qiymət bilinəcək. Gizlənqaç oyunu nəyə lazımdır?! Bəri başdan elan ediblər ki, birinci mərhələdə mənfi qiymət alanlar ikinciyə buraxılacaq. Artıq bəri başdan şagirdi arxayın salıblar ki, "2” qiymət alsan da, imtahana buraxılacaqsan. Bunu bilən şagird özünə əziyyət verib dərs oxuyar?! Bir halda ki, əsas ikinci mərhələdir, yekun qiymət birinci ilə ikincinin nəticələrinə uyğun ortaq qiymət kimi təyin ediləcək, hətta birincidə mənfi qiymət alanlar da ikinci mərhələyə buraxılacaq, daha ikimərhələli imtahan keçirilməsinə nə ehtiyac vardı? Əlbəttə, tədris ili başa çatmayıbsa, yekun qiymətləndirmə aparmaq mümkün deyil. Birinci mərhələ şagirdin tədris ilinin birinci yarımilində biliyinin hansı səviyyədə olduğunu təyin etmək üçündürsə, bunu şagird də bilməlidir ki, növbəti mərhələyə buna uyğun hazırlaşsın. Mən belə hesab edirəm ki, bu imtahanların keçirilməsi sadəcə bir görüntüdür. Onsuz da bütün şagirdlərə şəhadətnamə veriləcək. Sosial narazılıq olmasın deyə. Attestatlarla bağlı isə fərqləndirmə mexanizmini tətbiq etmək istəyirlər, amma onu da hələ ki, bacarmırlar, alınmır.

Məlahət Rzayeva

P.S. Bir halda ki, bütün şagirdlərə
şəhadətnamə veriləcək, Kərbəlayi
İsmayıl demiş, "bu qalxoz-malxoz oyunu” nəyə lazımdır?!