“Bu, hüquq pozuntusudur. Amma TQDK buna gedir”
İmtahanda möcüzə baş vermədi
“Ötənilki məzunlar üçün tərtib olunmuş test tapşırıqları nisbətən asan, güzəştli idi”
“Bu, hüquq pozuntusudur. Amma TQDK buna gedir”
“Bu, hüquq pozuntusudur. Amma TQDK buna gedir”
Ötənilki məzunların qəbul imtahanlarında əldə etdiyi nəticələr, gözlənildiyi kimi, çox aşağı oldu. Təhsil ekspertləri onsuz da bunu proqnozlaşdırmışdı. Və bildirmişdilər ki, öz çağında qəbul imtahanlarında orta göstəriciyə nail olmayanlardan növbəti ildə yüksək faiz gözləməyə dəyməz. Ələnən ələnib, necə deyərlər, "yağ ayrandan ayrılıb”.
Amma sanki Təhsil Nazirliyi də, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da, dünyanın 8-ci möcüzəsinə inanırmış kimi, ötənilki məzunlar üçün ayrıca, xüsusi bir vaxtda imtahan keçirməkdə israr edirlər. Guya, nəsə, fövqəladə bir hadisə baş verəcək. Heç nə baş vermədi. Ötən il "2” alan yenə "2” aldı. Bəlkə "3”lüklər azacıq irəli gedib. TQDK-nın açıqladığı statistikadan da görünür ki, III ixtisas qrupu üzrə göstəricilər digərlərinə nisbətən "babatquludur”. Bu ixtisas qrupunda 200 bal səddini aşanlar var və yəqin ki, onlar da pedaqoji kollecləri seçəcəklər.
Ötənilki məzunların builki "nailiyyətləri”nin açıqlanması ilə təhsil sektorumuz eninə-uzununa dartışılır, tənqidlərin ardı-arası kəsilmir.
Təhsil eksperti Nabatəli Qulamoğlu isə bir qədər fərqli fikirdədir. Ekspert "Şərq”ə açıqlamasında məsələnin bu qədər şişirdilməsinə ehtiyac görmədiyini bildirdi:
- Bütün məzunlar yüksək göstərici sərgiləyə bilməz. Bu, mümkün deyil. Bir sinifdə əlaçı da olur, yaxşı, orta səviyyəli şagird də, "2” alanlar da. Tək-tük hallarda bir sinifdə şagirdlərin 90 faizi yaxşı oxuyan, əlaçı olar. O da xüsusi komplektləşdirilmiş siniflər olur, adətən. Amma normal halda şagirdlər arasında yaxşı oxuyanlarla yanaşı, "2” alanlar, bilik səviyyəsi çox aşağı olanlar da olur. Bu, hər zaman belədir. Ona görə də ötənilki məzunların aşağı faiz göstəricilərini normal qarşılayıram. Ola bilməz ki, hamı yüksək nəticə göstərsin. Biz də yaxşıları, "qaymaqları” seçməliyik. Onsuz da bəlli idi ki, indi qəbul imtahanında iştirak edənlər ötən il müvəffəqiyyət qazanmayanlardır. Baxmayaraq ki, ötənilki məzunlar üçün tərtib olunmuş test tapşırıqları nisbətən asan, güzəştli idi. Yəqin, bu test tapşırıqları onların bilik səviyyəsi nəzərə alınmaqla tərtib edilib. Ancaq, sizə deyim ki, bunun özü qanuna ziddir. Bir qisim abituriyent üçün asan, bir qisim üçünsə çətin suallar tərtib edilməməlidir. Bu, hüquq pozuntusudur. Amma TQDK buna gedir. Belə başa düşürəm ki, bunda məqsəd müsabiqə balı aşağı ixtisaslara tələbə qəbuluna nail olmaqdır. Bu da yanlış yanaşmadır. Əsas problem əmək bazarındakı bərbad vəziyyətlə bağlıdır. Abituriyent müsabiqədə iştirak balı aşağı olan ixtisaslara qəbul edilir, ali məktəbi birtəhər başa vurur, sonra da əyri yollarla özünə iş tapır. Savadlı, bilikli tələbə isə kənarda qalır. Əslində isə
tələbatı əmək bazarı müəyyən etməlidir. Bizdə isə vəziyyət fərqlidir. Əmək bazarında özəl sektorun payı 90, dövlət müəssisələrinin payı isə 10 faizdir. Bir nəfər ağıllını işə götürürlər, bütün işi ona tapşırırlar, bu bir nəfərin hesabına 10-larla bisavad əmək haqqı alır, qazanc əldə edir. Əmək bazarı bilikli, savadlı kadrlara açıq olsa, onlara üstünlük verilsə, rüşvət hesabına diplom alanların yolu bağlanar. Daha ali məktəbə daxil olmağa lüzumsuz səy etməzlər. Doğrudur, bu problemin mövcud olmasında, mentalitet də rol oynayır. Məgər qaynaqçı, çilingər işləmək qəbahətdir?! Azərbaycanlı təfəkküründə hələ də diplom önəmlidir. Və bu diplomun biliyə ekvivalent olub-olmaması çoxları üçün heç bir önəm daşımır. Təki əlində diplom olsun. Çünki bəzi insanları məhz bu "diplom”a görə, işə qəbul edirlər. Ali məktəbə daxil olmaq məsələnin mahiyyətini dəyişmir. Qoy qəbul olsunlar. Hətta mən bir dəfə demişdim ki, lap orta məktəb attestatı ilə də ali məktəbə qəbul keçirmək olar. Əsas problem əmək bazarını tənzimləməkdir. Ələnmə məhz əmək bazarında aparılmalıdır.
N.Qulamoğlu builki qəbul imtahanlarından da yüksək nəticə gözləmədiyini dedi:
- İndi ötənilki məzunların nəticələri açıqlanıb. Amma builki məzunların da nəticələri yüksək olmayacaq. Reallıq yüksək nəticə gözləməyə əsas vermir. Hətta aldığım məlumatlara görə, TQDK bəzi nüfuzlu ixtisaslara yüksək bal toplanmasına bilərəkdən imkan yaratmır. Bunu təsdiq edəcək faktlara malik deyiləm. Amma təcrübə belə ehtimalların ortaya çıxmasına əsas verir. Test bankı da naqisdir. Bu sahə üzrə işləmişəm deyə, bəzi nüansları bilirəm. Bunkerdə çalışan müəllim yoldaşlarım hətta mənə şikayət də ediblər ki, hansısa test tapşırıqlarını redaktə etmək istəyirik, icazə vermirlər. "Toxunulmaz” tapşırıqlar, suallar var ki, onlara toxunmağa icazə verilmir. Hər il qəbul imtahanlarından sonra test tapşırıqlarını araşdırıram. Nə qədər səhvlər ortaya çıxır. Daha çox da dilçiliklə bağlı. Test bankında əməlli-başlı təmizləmə aparmaq, səhv olanları çıxdaş etmək lazımdır. Bunun üçün də gərək böyük bir müəllim heyəti çalışsın. TQDK isə buna getmir. Ötən il keçirilmiş qəbul imtahanlarının test sualları ilə builkilərin müqayisəsini aparacam. Bəri başdan deyirəm ki, builki qəbul imtahanlarından da yüksək nəticə əldə edilməyəcək.
Məlahət Rzayeva