Əjdər Ağayev: “Türkiyədə belə imtahansız qəbulun aparılması məni təəccübləndirir”
İmtahandan keçmədən necə xaricdə oxuya bilərsən?
Qonşu ölkədə 15 min azərbaycanlı attestatla ali məktəbdə təhsil alır
Əjdər Ağayev: “Türkiyədə belə imtahansız qəbulun aparılması məni təəccübləndirir”
Əjdər Ağayev: “Türkiyədə belə imtahansız qəbulun aparılması məni təəccübləndirir”
Yaxın qonşu ölkələrin birində ali məktəbə attestatla qəbul olunmuş 15 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ali və orta ixtisas şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib. S.Gözəlovun sözlərinə görə, xarici ölkələrin ali məktəblərinə attestatla qəbul olunmuş Azərbaycan vətəndaşlarının ölkəmizin ali məktəblərinə köçürülməsi üçün şərtlər olduqca ağırdır: "Onların köçürülməsi üçün ailənin ciddi sosial problemləri, sağlamlıq vəziyyəti kimi əsaslar olmalıdır”.
Belə halların TN tərəfindən ciddi araşdırıldığını deyən S.Gözəlovun sözlərinə görə, xarici ölkələrin ali məktəblərində qiyabi təhsil alan Azərbaycan vətəndaşları köçürülmək üçün müraciət edə bilməzlər. Onların köçürülməsinə birmənalı şəkildə icazə verilmir.
Nazirlik rəsmisi onu da əlavə edib ki, tələbələrin köçürülməsi fevralın 1-dən 7-dək davam edəcək. Bu müddətdə tələbələr www.transfer.edu.az saytına müraciət etməklə ali təhsil müəssisəsini, ixtisasını dəyişə bilərlər.
Portalın fevralın 1-dən aktivləşəcəyini deyən S.Gözəlov bildirib ki, köçürülmək istəyən tələbələrin orada qeydiyyatdan keçməsi vacibdir: "Əgər TN tərəfindən aparılan təhlillər nəticəsində köçürülmə məqbul sayılacaqsa, tələbə artıq növbəti semestrdən yeni məktəbdə, yaxud yeni ixtisas üzrə təhsil ala biləcək”.
S.Gözəlov deyib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, eyni zamanda xaricdə yaşayan azərbaycanlılar da portal vasitəsilə müraciət edə bilərlər: "Amma bu halda qaydalar bir qədər fərqli olur. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin köçürülməsi Nazirlər Kabinetinin 2015-ci ildə verdiyi 125 saylı qərarı ilə tənzimlənir. Belə şəxslərin köçürülməsi zamanı bal məhdudiyyəti nəzərə alınmır. Əcnəbilər birbaşa köçürülmək istədiyi ali təhsil müəssisələrinə də müraciət edə bilər”.
S.Gözəlov qeyd edib ki, ötən tədris ilində köçürülmə üçün müraciət edən, lakin rədd cavabı alan tələbələr də bu il yenidən müraciət edə bilərlər.
Nazirlik rəsmisi ötən tədris ilində portal vasitəsilə 1191 tələbənin köçürüldüyünü xatırladıb.
TN-in sektor müdirinin toxunduğu problem illərdir ki, aktuallığını saxlayır. Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında uğur qazanmayanlar qonşu ölkələrdə ali təhsil almağa can atır. Həm də sonunu düşünmədən. Çoxu ödəniş edib (həm də böyük məbləğdə - red.) tələbəsi olacağı təhsil ocağının diplomunun Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınıb-tanınmadığının fərqinə belə varmır. Ali məktəbə qəbul edilir, sonra isə çətinliklər, problemlər yavaş-yavaş baş qaldırır. Və nəticə etibarilə hər şeyin "çəhrayı rəngdə” olmadığı üzə çıxır. Vətədaşların yanlış yola düşməyində isə aldadıcı reklamların rolu böyükdür.
Tələbə qəbulunun ən prestijli ixtisasları və diplomları Azərbaycan, Avropa məkanında tanınan universitetlərdə həyata keçirildiyinə dair gen-bol reklam və elanları hamımız görürük. "Siz də filan-filan ölkənin ən yaxşı təhsil mərkəzlərində oxumaq istəyirsinizsə, bu fürsəti əldən qaçırmayın” tipli reklamlarla çoxumuz tanışıq.
Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev də imtahansız xarici ölkə ali məktəblərinə qəbulu doğru saymır. Ə.Ağayevin fikrincə, burada başqa üsul ola bilər:
- Ola bilər, müraciət edən şagirdlər gedib orada oxusun, amma yalnız sadəcə, dinləyici kimi. Bitirdikdən sonra isə ona diplom deyil, sertifikat versinlər ki, bu adam həqiqətən orada dinləyici olub. Bu sistem keçmiş vaxtlarda da olub. Amma Türkiyədə belə imtahansız qəbulun aparılması məni təəccübləndirir. Qaldı ki, belə halların Rusiya, Ukrayna və Dubayda olmasına, buna təəccüblənmirəm. Onlar adamları cəlb edib yığırlar, sonra onlar üçün sərfəli olan, xaricdə təhsil almağa cəhd göstərənləri və s. toplayırlar. Mən bu kimi təhsil təklif edənlərin fəaliyyəti ilə dərindən tanış deyiləm və onların işlərini effektli hesab etmirəm.
Əvvəla, hər bir dövlətin öz qayda-qanunu var, Azərbaycanın da həmçinin. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından keçmədən universitetə qəbul olmaq olar, hətta xaricə də getmək olar. Amma imtahan dəyərləndirmədir, biliyi meydana çıxarmadır. Sənin biliyin ortaya çıxmadan, necə xaricdə ali məktəbə qəbul ola bilərsən? Axı bunun məntiqi yoxdur. Ona görə də Təhsil Nazirliyi ağır şərtlər tətbiq edir. Həqiqətən də tələbənin imtahanla biliyinin səviyyəsi müəyyənləşməyibsə, onu necə başqa ali məktəbə köçürmək olar?
Əvvəlcə, gərək tələbənin bilik səviyyəsi müəyyənləşsin. Xaricdə təhsil almaq arzusunun ardınca kor-təbii gedirlər, amma hansı nəticələrə gətirib çıxaracağını gözə almırlar. Hələ xaricdə verilmiş diplom burada tanınacaqmı, xərclənən pullar havaya sovrulmayacaqmı, bunu da bilmək olmur. Ona görə də bu cür məsələlərə ciddi yanaşılmalıdır. Ağlı başında olan adam ucuz reklamlara şirnikib özünü təhlükəyə atmamalıdır.
Məlahət Rzayeva