“İnandırıcı deyil ki, Bağdadi məhz Şeyxə təhdid göndərsin”

“Axı Şeyxin əməlində dinə qarşı konkret əməl yoxdur ki, buna görə terrorçular QMİ sədrinə “qəzəblənsin”Fikrimcə, Azərbaycana qarşı yönələn təhdidlər birbaşa İŞİD rəhbərliyi tərəfindən yox, qruplaşmada təmsil olunan azərbaycanlılar tərəfindən edilir
İŞİD terror təşkilatının üzvləri Şeyxülislam Hacı Allahşükür Paşazadəni və yerli sələfilərin lideri Qamət Süleymanovu ölümlə təhdid ediblər. "Ribat torpaqlarından "işğal” altındakı Azərbaycana ismarıc” adlı videoçarx İŞİD-in rusdilli mediaqrupu olan "Furat” tərəfindən internetdə yayımlanıb. Görüntülərdə rusdilli azərbaycanlı yaraqlı çıxış edir və özünü "Qafqazlı Abdulla” adlandırır.
O, iddia edir ki, Qusar rayonunun Urva şəhərindəndir. Dediyinə görə, 2001-ci ildən islamı qəbul edib və artıq 3 ildir ki, Suriyadadır. Əvvəllər "Cəbhətül-Nusra”nın tərkibində vuruşsa da, indi İŞİD-ə keçib. Araşdırmalardan sonra aydın olub ki, "Qafqazlı Abdulla” ləqəbli terrorçu Yurik Xasıyevdir. Onun əmisi rayonda yaşayan Elşən Xasiyev mətbuata bildirib ki, Yurik İŞİD-çilərə qoşularaq Suriyaya gedib: "Suriyaya gedəndən sonra bizimlə əlaqə saxlamır. Deyilənə görə, onu bu yola radikal dindarlar çəkib. Yurik namaza başlayandan sonra qohumlarla əlaqəni kəsib”. Əmisi hesab edir ki, Yurik İŞİD rəhbərliyinin təzyiqi ilə Şeyxülislam haqda xoşagəlməz fikirlər səsləndirib: "Onu pis yola çəkiblər. Yurik heç vaxt belə deməzdi. O, kənddən Suriyaya gedən tək insan deyil. Kəndimizdən çox adam İŞİD-ə qoşulmaq üçün Suriyaya gedib. Bu gün ağıllı, sakit bildiyimiz uşaq sabah saqqal saxlayıb Suriyadan video paylaşır”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şeyxülislamın hədələnməsinə münasibət bildirib: "Biz bu tipli məlumatı ciddi qəbul etmirik. Ölkəmizdə təhlükəsizlik məsələlərinə ciddi önəm verilir. Həmçinin, hörmətli Şeyx həzrətlərinin təhlükəsizliyi həmişə olduğu kimi, bu gün də lazımi səviyyədə təmin olunur. Bundan əvvəl də Azərbaycanda mühüm beynəlxalq tədbirlər ərəfəsində kimlərsə məqsədli şəkildə müxtəlif şayiələr, heç bir əsası olmayan, qeyri-ciddi məlumatlar yayaraq Azərbaycanda ictimai-siyasi durumu neqativ fonda təqdim etməyə çalışırdı. Lakin bu cəhdlər heç vaxt hədəfə çata bilməz. Çünki Azərbaycan təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyi ölkədir. Bütün məsələlər aidiyyəti orqanların nəzarətindədir. Azərbaycan ictimaiyyəti də bunu görür və yüksək qiymətləndirir”.
Məsələni "Şərq”ə şərh edən Təhlükəsizlik Araşdırmalar Mərkəzinin rəhbəri, keçmiş MTN zabiti İlham İsmayıl deyib ki, İŞİD terror təşkilatı hansısa ölkəni və ya ayrı-ayrı fərdləri sadəcə təhdid etməklə kifayətlənmir, eyni zamanda əməli hərəkətləri ilə təhdidlərini reallaşdırır: "Ən azından Suriya və İraqda ələ keçirdikləri ərazilər və törətdikləri cinayətlər İŞİD-in nə qədər ciddi olduğunu sübut edir. İŞİD indiyə kimi gəlib-keçmiş terror təşkilatları içində ən təhlükəlisidir. Bu qruplaşmada təmsil olunan terrorçular haranısa partladıb qaçmırlar, açıq şəkildə insanları təhdid edir, istədiklərini həyata keçirirlər. Fikrimcə, Azərbaycana qarşı yönələn təhdidlər birbaşa İŞİD rəhbərliyi tərəfindən yox, qruplaşmada təmsil olunan azərbaycanlılar tərəfindən edilir. Məlumdur ki, İŞİD-in tərkibində vuruşan xeyli azərbaycanlı var. İnandırıcı deyil ki, Əl-Bağdadi məhz birbaşa Şeyxülislama təhdid göndərsin. Axı Şeyxin əməlində dinə qarşı konkret əməl yoxdur ki, buna görə terrorçular QMİ sədrinə "qəzəblənsin”. Şeyx 36 ildir rəhbər vəzifədədir və fəaliyyəti qanun çərçivəsindədir. Ola bilsin, Şeyxülislam İŞİD-ə qarşı hansısa bəyanatla çıxış edib. Ona görə də terrorçuların hədəfinə tuş gəlib. Ekspertə görə, terrorçuların məqsədi cəmiyyətdə qorxu yaratmaq, ölkədə dini sabitliyi pozmaq və məzhəb ayrıseçkiliyi yaratmaqdır: "Terrorun əsas məqsədi də insanları qorxu və dəhşət altında saxlamaqdır. Bu baxımdan hesab edirəm ki, İŞİD tərəfindən edilən bütün təhdidlər ciddiyə alınmalıdır. Heç də fikirləşməyək ki, "biz yaxşı qorunuruq, bizə heç nə edə bilməzlər”. İstənilən halda təhdidlərə ciddi yanaşmalıyıq. Həm fərd, həm dövlət olaraq ciddi əks tədbirlər görməliyik. Çünki İŞİD-in əli kifayət qədər uzundur”.
İsmayıl