"İndi söyüş yox, intellektual savaş əsridir"








"Cahil, Azərbaycan dəyərlərini pula satan, kiminsə maraqlarına qurban verən şəxsləri həmvətən adlandıra bilmərəm”.

Bunu "Sherg.az”a xarici ölkələrdə yaşayan azərbaycanlıların ölkə başçısına qarşı təhqiredici çıxışlar etməsindən danışarkən Səs Media Qrupunun təsiscisi və rəhbəri Bəhruz Quliyev deyib. 

Onun sözlərinə görə, həmin şəxslərin addımlarında azərbaycanlı, Azərbaycan vətəndaşının məsuliyyəti duyulmur:

"Xaricdə yaşayıb, ölkəmizə qarşı təhqirlər ünvanlayan şəxslərin hərəkətləri tək ölkə başçısına qarşı yönəlməyib. Ölkə başçısını Azərbaycan xalqı seçib, özünə lider qəbul edib. Xalq və lider birliyi olan ölkədə prezidenti təhqir etmək heç bir ədəb qaydalarına, etikaya sığmır. Prezident İlham Əliyevə edilən təhqirləri oxuyanda özümü də təhqir olunmuş hiss edirəm. Ölkə başçısı ona etimad edən xalqın istəyinə uyğun davranır, onun maraqlarından çıxış edir. Cənab prezidentin bütün addımları milli dövlətçiliyə, haqq səsinə söykənir.

Avropada oturub, Azərbaycanı təhqir edənləri siyasi mühacir adlandırırlar. Halbuki onlar faktiki öyrədilmiş, müəyyən vasitələrlə ələ alınmış insanlardır. Müxalif qüvvələr belə deyillər. Onlar əməllərinə görə, xalqa müraciət etsələr, bağışlanmağı xahiş etsələr, bəlkə də ümid yeri var. Amma onlar bu davranışlarla xalqın, dövlətin, təmsil olunduqları bölgələrin adına xələl gətirirlər. Xaricdə yaşayan bu şəxslərin mübarizə aparmaq fikri varsa, bunu siyasi etikaya uyğun həyata keçirsinlər. İndi söyüş dövrü deyil”.

Baş redaktor onu da vurğulayıb ki, hansısa insanın şərəf və ləyaqətinin aşağılanması qanuna da ziddir:

"İnsani baxımdan da istənilən şəxsə qarşı həqarətin bədəli çox ağırdır. Qanunu da, hüququ da, insanlığı da kənara qoyuram, həmin şəxslər söyüşün, təhqirin bədəlini başları ilə ödəməlidirlər. Amma görün ki, Azərbaycanda yanaşma nə qədər səmimidir, nə qədər humanizm prinsipləri var ki, onlar tənbeh belə olunmayıb. Söyüşə qalanda biz - iqtidarda təmsil olunan bəzi şəxslər onların yeddi arxa dönənini elə ustalıqla söyərik ki, bütün nəslləri təhqir olunar. Amma biz o səviyyənin adamı deyilik. Bu gün intellektual mübarizə əsrində yaşayırıq. İnsanın arqumenti varsa, buyursun sözünü desin. Təhqiri özünə yol seçən, mübarizəni təhqir səviyyəsinə endirirsə, cavabını da o şəkildə almalıdır. İqtidar nümayəndələri hələ ki, onların səhvini başa düşməsini gözləyir.

Mənim onlara tövsiyəm budur ki, sağlam düşüncə ilə diskussiyaya meyl etsinlər”.

Qeyd edək ki, Avropanın bir sıra ölkələrində, Almaniya, Hollandiya,Fransa, İsveçrə və s.də vətəndaşlıq alaraq yaşayan soydaşlarımız Azərbaycanda 11 apreldə baş tutacaq Prezident seçkiləri öncəsi "aktivləşməyə" başlayıblar. Belə ki onlar ölkəmizdəki həssas və ya kövrək məqamdan sui - istifadə edərək Avropa ölkələrindən Azərbaycana və bu ölkə rəhbəri İlham Əliyevə qarşı iyrənc anti- təbliğata start veriblər. Ölkə başçısını "despot" adlandıran bu "aktivlər" Azərbaycan Prezidenti barədə həqqəti əks etdirməyən, arzuolunmaz məlumat yaymaq və şüarlar səsləndirməklə məşğuldurlar.

Aysel Aslan