İndiyə qədər beləsi olmamışdı

Xəstənin böyrəyindən 3 kilo 100 qram ağırlığında şiş çıxarılıb
Türkiyənin Karabük şəhərində qanlı sidik və qarın ağrısı şikayətiylə xəstəxanaya gedən 39 yaşlı Mövlud Çovdar ölümdən dönüb.
Xəstəxanaya müraciət edən Mövlud Çovdarın böyrəyinin şiş səbəbilə cırıldığı təsdiq olunub. 2 saat davam edən əməliyyat müvəffəqiyyətli olub. Xəstənin anadangəlmə "Tuberoskleroz” xəstəsi olduğunu vurğulayan həkim Özər Baran bu cür şişlərin əsas xüsusiyyətlərindən birinin qanayaraq insanların sağlamlığını təhlükə yaratdığını deyib: "Xəstəmizin sol tərəfindəki şiş partlayıb və ciddi qanaxmaya səbəb olub. Təcili yardım xidmətinə edilən müraciət fonunda xəstənin durumu tədqiq edilib. Böyrəyindəki yırtılma müəyyənləşdirildikdən sonra onu təcili olaraq əməliyyata aldıq. Xəstənin ciddi həyati təhlükəsi vardı. Şüuru demək olar ki, itmək üzrə idi. Böyrəkdən təxminən 35 santimetr diametrində 3 kilo 100 qram ağırlığında şiş çıxardıq. Əməliyyat sonrası ciddi metabolik problemləri olan xəstə anestezoloqların fədakarlığı nəticəsində aparatdan ayrılaraq palataya yerləşdirilib”. İndiyə qədər Türkiyədə bu ölçüdə və qanaxmaya səbəb olan böyrək şişi olmadığını bildirən Baran, rastlaşdıqları ən böyük böyrək şişi olduğunu deyib: "Xarici ədəbiyyatlarda da bu ölçüdə şişlərə nadir hallarda rast gəlinir. Əgər vaxtında müdaxilə edilməsəydi, xəstənin həyatını itirmə ehtimalı olduqca yüksək idi. Xəstənin başqa yerə sövq edilmə və ya fərqli bir müalicə ilə vəziyyətinin stabilləşdirilməsi ehtimalı qətiyyən mümkün deyildi. Amma sevindirici haldır ki, əməliyyat uğurlu keçdi və xəstəmiz bayramı evində keçirəcək”.