İnformasiya siyasəti səngər qədər vacibdir

Xarici dilləri yaxşı bilən tələbə-gənclər sosial şəbəkələrdə daha aktiv olmalıdır




Cəbhə xəttində Ermənistan təxribatının qarşısını alan Azərbaycan ordusunun uğurlu əks-hücum həmlələri son bir neçə gündə bütün ictimaiyyətin fikrini cəbhə bölgəsinə yönləndirib. Mövcud vəziyyətdə Azərbaycan xalqının döyüş əzmi, ruh yüksəkliyi qürurverici haldır. Xüsusən gənclərin böyük təşəbbüslə hazırki şəraitdə fəal iştirakı təqdirəlayiq qarşılanır. Bu artıq onu göstərir ki, gənclər Dağlıq Qarabağın qaytarılması üçün ön cəbhədə döyüşməyə, öz canlarından keçməyə belə hazırdırlar.

Lakin indiki siyasi şəraitdə dünya ictimaiyyətində düşmənlə əsaslı mübarizə aparmaq üçün informasiya müharibəsində də qalib gəlmək əsas istiqamətlərdən biridir.

"Şərq”ə açıqlamasında bu sahədə gənclərimizin üzərinə ciddi məsuliyyət düşdüyünü bildirən politoloq Zaur Məmmədov ön cəbhədə gedən döyüşlərlə bərabər arxa cəbhədə informasiya müharibəsinin hadisələrin gedişatına bilavasitə təsir etdiyini qeyd edib. Politoloqun sözlərinə görə, cəbhədə sonuncu dəfə vəziyyətin gərginləşdiyi vaxt bir daha şahid olduq ki, xaricdə Azərbaycanı istəməyən, bu müharibədə erməni mövqeyindən çıxış edən, ölkəmiz haqqında dezinforimasiyalara, təxribat materiallarına geniş yer verən kütləvi informasiya vasitələri, Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışan ermənipərəst mətbuat orqanları kifayət qədər çoxdur: "Bu səbəbdən indiki vəziyyətdə xaricdə Azərbaycanın tanıdılması, Qarabağ həqiqətlərinin düzgün əks etdirilməsi üçün gənclər əsas istiqamətləndirici qüvvədir. Xarici dilləri yaxşı bilən tələbə-gənclər sosial şəbəkələrdə daha aktiv olmalı, düşmənin təxribat xarakterli reallığı əks etdirməyən məlumatlarına dəqiq və məntiqli cavab verməlidirlər”.

Cəbhədə döyüşlər getdiyi müddətdə özü də sosial şəbəkələrdə, xarici mətbuat orqanlarında araşdırmalar aparan Zaur Məmmədov Azərbaycana qarşı dezinforimasiya təbliğatı ilə məşğul olan, ermənilər tərəfindən alınmış KİV-lərə və jurnalistlərə qarşı sərt mövqeyini bildirdiyini deyib: "Elə ötən gün Rusiyanın "Regnum” xəbər agentliyinin jurnalisti erməni əsilli Leonid Nersisyanın "Azərbaycan Qarabağla müharibə aparır” adlı reallığı əks etdirməyən məqaləsinə layiqli cavab yazmışdım. Lakin həmin müəllifin qarşısına qoyduğum faktlara verəcək dəlil-sübutla cavabı olmadığından o mənim şərhimi sildi və məni öz səhifəsində blok etdi. Tək bununla kifayətlənməyərək əlaqədə olduğum bir sıra rus mətbuat nümayəndələrinə də müsahibə şəklində Azərbaycanın mövqeyini çatdırmağa nail oldum. Gənclərimizin də belə fəaliyyətlərdə aktiv iştirakını dəstəkləyirəm. Hazırki dövrdə dünya məkanında informasiya mübarizəsində qazanmağımız cəbhədə uğurlar əldə etməyimizə daha da təkan verəcəkdir”.

Rusiyada tələbə olduğu müddətdə diaspora fəaliyyəti ilə məşğul olan gənc politoloq xarici ölkələrdə Azərbaycanlıları birləşdirmə təşəbbüsünün əsasən diasporalarımızın fəaliyyəti çərçivəsinə daxil olduğunu qeyd edib, xüsusilə indiki vəziyyətdə daha çox Rusiyada ermənipərəst ictimaiyyət nümayəndələrinin Azərbaycana mənfi münasibətinə qarşı diaspora təşkilatlarımızın ciddi işlər görməli olduğunu vurğulayıb: "Lakin burda bir faktı da qeyd etməliyik ki, bir ölkədə diaspora fəaliyyətinin artırılması üçün həmin ölkə də müəyyən qədər şərait yaratmalıdır. Məsələn, ölkəmizin Qərb dövlətləri çərçivəsində diaspora fəaliyyətinə maneələr törədilmir. Bu gün qərb ictimiyyətinin bir çox məsələlərdə, o cümlədən ərazi bütövlüyü prinsiplərində Azərbaycanın mövqeyini dəstəkləməsi bir növ bu fəaliyyətin göstəricisidir. Qərbdən fərqli olaraq Rusiya rəhbərliyinin dövlət maraqlarına uyğun şəkildə Azərbaycan diasporasının fəaliyyətinə zaman-zaman əngəl törədərək, Ermənistanı dəstəkləməsi bu gün Rusiya mətbuatında Azərbaycana qarşı reallığı əks etdirməyən məlumatların, xəbərlərin aktiv dərc olunmasına gətirib çıxarır. Ona görə də bu ölkədə diaspora təşkilatlarımızın fəaliyyətinə, gənclərin Qarabağ, Xocalı həqiqətlərini təmsil etməsinə ciddi dəstək göstərilməlidir”.

Aysel Aslan