Ancaq söhbət ölkədaxili cənazə daşınmasından gedirsə, burada gərək problem yaranmasın. Sadəcə, işin düzgün təşkili lazımdır
İnsanlar Naxçıvana cənazə apararkən böyük sıxıntı yaşayırlar
Meyitlərin hava nəqliyyatı vasitəsilə daşınması dünyanın bütün ölkələrində ağır prosedurlardan keçir
Ancaq söhbət ölkədaxili cənazə daşınmasından gedirsə, burada gərək problem yaranmasın. Sadəcə, işin düzgün təşkili lazımdır
Ancaq söhbət ölkədaxili cənazə daşınmasından gedirsə, burada gərək problem yaranmasın. Sadəcə, işin düzgün təşkili lazımdır
Bu günlərdə Nazirlər Kabineti "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nı təsdiq edib. Ancaq bu Qaydalarda Naxçıvanla bağlı spesifik hal əksini tapmayıb. Blokada şəraitindəki Naxçıvan sakinləri Bakıdan, respublikanın digər bölgələrindən təyyarə ilə Naxçıvana cənazələrin aparılmasında çətinliklərin yarandığını deyirlər. Cənazələrin yük kimi çəkisinin soruşulması, maddi amilin önə çəkilməsi, cənazəni Naxçıvana aparan şəxsə bəzən cənazəni yola sala biləcəyi halda özü üçün təyyarədə biletin olmadığının bildirilməsi kimi xoşagəlməz hallar baş verir.
Təsəvvür etmək çətin deyil: cənazəni aparırsan, sənədləri təftiş olunur, "neçə kilodu?” soruşulur, ona uyğun vəsait tələb olunur... Daha ciddi problem isə cənazənin yalnız dəmir tabutda qəbul edilməsidir. Dəmir tabutu isə hər zaman tapmaq və ya düzəltdirmək olmur, tapılsa da hər kəsin "cibinə” uyğun deyil: Bəzən ölüm gecə saatlarında baş verir, təcili aparmaq lazımdır. Bu vaxt dəmir tabut tapmaq müşkülə çevrilir. Ölü yiyəsi bilmir ölüsünün hayına qalsın, yoxsa dəmir tabut tapsın, sənədləri-filanı qaydaya salsın?! Əslində, bir saatlıq yolu taxta tabutla da aparmaq olar”.
Problem təkcə bunlarla yekunlaşmır, çox vaxt yaxınların hamısına bilet tapılmadığından cənazənin Naxçıvanda qarşılanması, dəfn edilməsi başqa yaxın adamlardan xahiş olunur. Yaxınını itirmiş, sarsılmış, emosional adam üçün bütün bunlar əlavə məşəqqətdir. Nəzərə almaq lazımdır ki, dini rituallara ciddi əməl edən Naxçıvan camaatı rəhmətə gedənlərini əsasən doğulduğu yerdə dəfn edirlər.
Əslən Naxçıvandan olan millət vəkili Fazil Mustafa problemlə bağlı BakuPost-a açıqlamasında deyib ki, həqiqətən insanlar təyyarə ilə Naxçıvana cənazə apararkən böyük sıxıntı yaşayırlar: "Bu problemin sadəcə, tənzimləmə formasını dəqiq tapmaq lazımdır”.
Deputat hesab edir ki, gələcəkdə Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda Naxçıvanla bağlı müəyyən proseduraların olması da nəzərdə tutula bilər. F.Mustafa bu məsələ müzakirə olunan zaman fikrini bildirməyə də hazırdır.
BakuPost-un "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı sorğuya cavab isə ümumi xarakterlidir: "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin "Sərnişinlərin, baqajın və yükün daşınması qaydaları”nın 12.5.1-ci bəndinə müvafiq olaraq «faciəli vəziyyətlə əlaqədar» (yaxın qohumlarının ölümü, tabutun müşayiəti) səfər edən sərnişinlər daşımaya növbədənkənar qəbul oluna bilərlər. Bu zaman aviaşirkət bu hadisənin baş verdiyini təsdiq edən sənədləri tələb etmək hüququna malikdir. Həmin Qaydaların 12.5.2-ci bəndinə əsasən bu kateqoriyadan olan sərnişinlər üçün geri istiqamətdə reysə təxsisetmə ümumi əsaslarla həyata keçirilir. Bundan əlavə qeyd etmək istərdik ki, fəaliyyətimiz boyunca, bu qəbildən olan daşınma zamanı problemlə üzləşməmişik. Aviaşirkətin əməkdaşları qaydalar çərçivəsində hərəkət etməklə yanaşı, vəfat edən şəxsin yaxınlarına daha duyarlı və həssas yanaşırlar”.
Ancaq ölüm qəfil, gözlənilmədən baş verən bir haldır. Bəlkə Bakıda yaşayan şəxsin vəfat etmiş valideyninin, yaxınının cənazəsini yük kimi, yük qiyməti ilə Naxçıvana yola salmaq üçün həmin an yetərli vəsaiti yoxdur?! Nazirlər Kabinetinin təsdiq etdiyi "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda Naxçıvanla bağlı güzəştlər, tutaq ki, prosesin dövlət büdcəsi hesabına həyata keçirilməsi əksini tapması mümkün ola bilməzdi? Naxçıvana münasibətdə atılacaq bu humanist addım yəqin ki, böyük həcmdə vəsait tələb etməzdi.
Məsələ ilə bağlı «Şərq»ə danışan ilahiyyatçı Hacı Atif İsmayılov problemin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Milli-mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həll edilə biləcəyini dedi:
- Belə məsələlər həssaslıq və duyarlılıq tələb edir. Bu cür məsələlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əlindən gələni əsirgəməməlidir. Bu işi aidiyyətli qurumlar üzərinə götürməlidir. Məncə, Komitə nəzdində fəaliyyət göstərən Milli-mənəvi Dəyərlərin Təbliği Fonduna müraciətlər edilsə, köməklik göstərilər. Düşünürəm ki, Dövlət Komitəsi tərəfindən problem həllini tapacaq.
İqtisadçı Fuad İbrahimov isə problemin kökünün Azərbaycanın hava nəqliyyatı sistemində olduğunu dedi:
- Sovet dönəmində Naxçıvana yerüstü koridor vardı və mən xatırlayıram ki, uşaq vaxtı ailəmizlə əzəli Azərbaycan torpaqlarından - İcevan, Mehri istiqamətindən keçib Naxçıvana getmişik. Amma Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məlum hadisələr fonunda Naxçıvana yerüstü koridor büs-bütün bağlandı, yalnız hava koridoru qaldı. İran tərəfdən tranzit yol var, ancaq bu da vaxt aparandı. Təkcə hava koridoru olması, problemə haqq qazandırmaq üçün heç bir əsas vermir. Azərbaycan regionun iqtisadi cəhətdən qüdrətli dövlətidir. Bu qədər müasir hava limanları tikilib istifadəyə verilib. Bəs necə olur ki, 25 ildir Naxçıvana uçuş problemi həllini tapmır? Naxçıvana hava qrafikini niyə tənzimləyə bilmirlər? Görünür, burada kimlərinsə marağı var, ya da sadəcə, işin öhdəsindən gələ bilmirlər. Naxçıvana 45 dəqiqəlik reysi yoluna qoymaq niyə belə çətin olmalıdır?! Meyitlərin hava nəqliyyatı vasitəsilə daşınması dünyanın bütün ölkələrində ağır prosedurlardan keçir. Müvafiq sənədlər olmalıdır, meyitin müayinəsi aparılmalıdır, çünki bəzən meyitlə bərabər kontrabanda keçirilməsinə cəhdlər edilir. Ola biləcək hər cür gözlənilməz hadisə gözə alınır. Ancaq söhbət ölkədaxili cənazə daşınmasından gedirsə, burada gərək problem yaranmasın. Sadəcə, işin düzgün təşkili lazımdır.
Məlahət Rzayeva