Xanımların riskli peşələrdə işləməsi normal haldır
Şahdağ Milli Parkının mühafizə yegeri Sima Məmmədovanın 65 yaşı olmasına baxmayaraq, gecə-gündüz at belində meşələri gəzib dolaşır. Bu cəsur qadın təbiətimizin qorunması üçün əzmlə çalışır, onun keşiyində durur.
Sima nənə bu peşədə çalışan yeganə qadın olmasına baxmayaraq, 13 ildir işinin öhdəsindən layiqincə gəlir. Meşələri qorumaqda ona ən yaxın sirdaşı, eləcə də vəfalı dostu olan atı da kömək edir: "Uşaqlığım bu meşələrdə keçib. Atam 30 il meşəbəyi olub. Meşədə tənhalıqdan qorxmuram. Nəzarət etdiyim 900 hektaradək ərazidə vəhşi heyvanlar da az deyil. Xüsusilə tez-tez ayı ilə qarşılaşıram. Qəzəbləndirməsən, bu yırtıcının səninlə heç bir işi yoxdur. Vəfalı dostum olan at da ayının varlığını uzaqdan duyur və hərəkəti ilə məni xəbərdar edir. Ona görə də qabaqcadan ehtiyatlı tərpənirəm”.
Şahdağ Milli Parkı yaradıldıqdan sonra burada ayı, canavar, qaban kimi vəhşi heyvanların, habelə cüyürün, dovşanın xeyli çoxaldığını deyən qadın meşəbəyi son illər bölgədə turistlərin, milli parka maraq göstərənlərin sayının artdığını qeyd edib. Bu baxımdan yanğın təhlükəsi, qanunsuz ov edənlərin də sayı çoxalıb. Sima Məmmədova da, öz növbəsində, meşələri nəzarətsiz qoymur, gününün çox hissəsi at belində dağlarda, meşələrdə keçirir.
Gününü, zamanını dağlar qoynunda keçirən, 5 övladı, 6 nəvəsi, 3 nəticəsi olan Sima nənə ömrü yetdikcə bu işi davam etdirmək əzmindədir.
Son zamanlar qadınların çətin və riskli peşələrdə çalışdığını görürük. Bu yaxınlarda çilingər vəzifəsində çalışan xanım da cəmiyyətin diqqətini çəkmişdi. Maraqlı sual ortaya çıxır, görəsən bu, məcburiyyətdir, yoxsa qadınlar özləri riskli peşəyə meyl edirlər?
Psixoloq Elnur Rüstəmovun "Şərq”ə açıqlamasına görə, qloballaşmada, xüsusən texnologiyanın inkişaf etdiyi müasir cəmiyyətdə belə hallara qeyri-adi hadisə kimi baxılmır:
"Çünki texnologiya inkişaf edir, qadın mühafizə sahəsində işləyirsə, demək onun mühafizə sisteminin təşkil edilməsində dəqiq olmasından söhbət gedir. Qadınlar daha dəqiqdirlər. Onlar harasa gedirsə, hər zaman qabaqcadan planlayırlar. Kişi psixologiyasında isə ani qərarlar vermək var. Mühafizə deyərkən klassik mühafizədən söhbət getmir. Bir qadının mühafizəkar kimi çalışmasında heç bir maneçilik yoxdur. Dünyanın hər yerində, istər hüquq-mühafizə orqanlarında və digər güc strukturlarında qadınlar çalışır. Düşünürəm ki, artıq bizdə də belə problem yoxdur. Bu gün müxtəlif sahələrdə çalışan kifayət qədər xanımlarımız var.
Öyrəşmədiyimiz hallar ola bilər, bu, ayrı bir məsələdir. İnsanlarımız zaman-zaman alışacaqlar. Necə ki, əvvəllər şəhərdə 1-2 nəfər xanım avtomobil idarə edirdi və hər kəsə qəribə gəlirdi. İndi isə hər üç avtomobildən birinin sürücüsü qadınlardır və bu, normal haldır. Ona görə də bu məsələdə narahatçılığa əsas yoxdur, xanımın ürəyi istəyir və bu vəzifədə çalışır”.
Yeganə Bayramova