"İntiharların artmasında medianın günahı yoxdur..."- Qabil Abbasoğlu




"İntihar xəbərlərinin mediada sayının artması və ya azalması intiharların statistikasına o qədər də ciddi təsir göstərmir”.

Bunu Sherg.az-a "İntihar halları ilə bağlı xəbərlər mətbuatda dərc olunmasın" iddialarına münasibət bildirərkən tanınmış jurnalist, "Lent.az" saytının baş direktoru Qabil Abbasoğlu deyib. 

O bildirib ki, intiharların qarşısını almaq üçün ayrıca sosial, humanitar proqramlar işlənib hazırlanmalı, psixoloqların iştirakı ilə layihələr həyata keçirilməlidir:

"Bu hadisə insan həyatına bağlı olduğu üçün kifayət qədər ciddi məsələdir. Hadisənin statistikasında medianın iştirakının ciddi rol oynadığını düşünmürəm. Hər bir intiharın arxasında ailə, insan taleyi durur. Konkret olaraq cəmiyyətdə baş vermiş hadisə durur. Bu, böyük faciədir. Ona görə də, medianın buna diqqət yetirməsini bir qədər təbii qarşılamaq lazımdır. Dediyimiz o proqramlar və layihələr olmaya-olmaya bu məsələdə konkret medianı günahlandırmaq, problemin həllindən yayınmaq kimi qiymətləndirilməlidir. Fikrimcə, bu məsələdə medianın günahı yoxdur, varsa belə sonuncu yerdə dayanır. Bu mənada məsələyə yenidən və fərqli yanaşma olmalıdır”.

Ayyət Əhməd