Aydınxan Əbilov:"Bir oğlan, bir qızla intim əlaqədə olursa, bunu videoya çəkir və internetdə yaymaqla insanları şantaj edib, pul qazanmaq istəyir"
"Son günlərdə sosial şəbəkələrdə insanların bir-birinə qarşı eybəcər hərəkətlərini əks etdirən videolar çox yayılır”.
Bunu Sherg.az-a Kürdəmir rayonunda məktəbli oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib, videolentə çəkilməsindən danışarkən kulturoloq Aydınxan Əbilov deyib.
O bildirib ki, son vaxtlar internetin, vizual görüntülərin inkişafı ilə əlaqədar həmin faktların çəkilməsi, sosial şəbəkələrdə, internetdə yayılması yeni nəslin psixologiyasına mənfi təsir göstərir:

"Azad internet dövründə yaşayırıq, bunu qadağan edə bilmərik. Lakin belə insanların qəti surətdə cəzalandırılmasının tərəfdarıyıq. Dünyada erotik, pornoqrafik materiallar istehsal edən, milyardlarla dövriyyəyə malik kinostudiyalar var. Amma onlara çəkilən, baxan şəxslər bilirlər ki, bu, bədiiləşdirilmiş, öz bədənini satmaqla pul qazanan aktyorların çəkilməsi ilə ərsəyə gəlir. Təəssüf ki, Azərbaycanda daha fərqli faktlara rast gəlirik. Məsələn, bir oğlan bir qızla görüşüb, öpüşürsə, intim əlaqədə olursa, bunu tezbazar videoya çəkir və internetdə yaymaqla insanları şantaj edib, pul qazanmaq istəyir. Bu yaxınlarda bir hadisə də gündəmə gəldi.
Kişi nikahdan kənar qadınla intim əlaqədə olub, qadının istəyi ilə çəkilən video telefonda saxlanıb. Sonralar telefon təmirdə olarkən usta yaddaşdakı görüntülər böyüdülərək Hacıqabul və Şirvan şəhərlərində yayılmışdı və kişini ailəsi ilə şantaj edərək 20 min manata yaxın pulunu əlindən almışdılar. Təbii ki, bu, pis tendensiyadır. İnsanların intim görüşlərinin çəkilib, şantaj olunmasına görə, qanunda qəti, sərt qadağalar qoyulmalıdır. Eyni zamanda bu materialların tirajlanması, internetdə yayılmasına qəti qadağalar olmalıdır. Sosial şəbəkələrdə bu cür şantaj videoları yayanlara qarşı böyük qadağalar tətbiq edilməlidir ki, insanlar belə çirkin, mənəviyyatsız halların kütləviləşməsində həvəsli olmasınlar.
Azərbaycanda azyaşlı uşağın zorlanması haqqında xəbəri oxuyarkən biz dəhşətə gəlirik. Lakin xaricdə hətta insanın dostu, yaxını nəvazişlə övladına yaxınlaşırsa, bunu həmin uşağa qarşı seksual xarakterli addım kimi qəbul edib, polisə verə bilirlər. Azərbaycanda isə nə qədər mənfi tendensiyalar var və get-gedə çoxalır. Bu hadisələr zamanı mütləq cəzalar artırılmalıdır ki, başqalarına da ibrət dərsi olsun”.
Qeyd edək ki, rayonun kəndlərindən birində 18 yaşlı Mustafa Mehdiyev (ad və soyadlar şərtidir) həmkəndlisi, 13 yaşlı Fərid Babayevlə qeyri-təbii yolla cinsi əlaqədə olub. Həmin şəxsin törətdiyi əməli videolentə alması səbəbindən məsələ seksual zorakılığa məruz qalmış yeniyetmənin valideynlərinə çatıb və onlar polisə müraciət ediblər.
Ayyət Əhməd