İqtidar-müxalifət dialoquna 17 partiya qatıldı

Tərəflər görüşün əsas müzakirə mövzusu olan Avropa Oyunlarını müsbət qiymətləndiriblərƏli Həsənov: “Bu görüşün alternativi yoxdur. Siyasi partiyalar Azərbaycan cəmiyyətinin aparıcı institutlarıdır. Azərbaycanda baş verənlərə və baş verməsi mümkün olan bütün məsələlərə onların münasibətini dinləmək b
Dünən Azərbaycanda fəaliyyət göstərən bir qrup müxalifyönlü partiya sədrlərinin iştirakı ilə iqtidar-müxalifət dialoqu keçirilib. Görüşdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev iştirak ediblər.
Müxalifət tərəfdən isə görüşə 17 partiya qatılıb. Budəfəki dialoqda müxalifət partiyaları ilə münasibətlər, onlarla əməkdaşlığın perspektivləri, "Bakı 2015” Avropa Oyunları və digər məsələlər müzakirə olunub.
Ə.Həsənov giriş nitqi ilə çıxış edərək deyib ki, Azərbaycan cəmiyyətində baş verən ümummilli məsələlər gündəmə gəlirsə, bu kimi görüşə ehtiyac yaranır: "Biz siyasi partiyalarla hakimiyyət nümayəndələrinin ənənəvi növbəti görüşünü keçiririk. Son görüşdən təxminən 3 aya yaxın bir vaxt keçib. Azərbaycan cəmiyyətində baş verən və ümummilli mahiyyət kəsb edən məsələlər gündəmə gəlirsə, əlbəttə, orada hakimiyyətlə partiya rəhbərlərinin görüşünə ehtiyac yaranır. Bu məsələlər ətrafında fikir mübadiləsi aparmaq, siyasi partiyaların ideyalarını, fikirlərini və bu məsələlər barədə təkliflərini dinləmək və s. bu dialoqun əsas mahiyyətindən xəbər verir”. PA rəsmisi bildirib ki, bu kimi görüşlərdə çalışılır ki, dövlət idarəçiliyində Azərbaycan dövlətinin maraqlarının daxildə, xaricdə təmin olunması, ölkəmizin xarici siyasətinin formalaşmasında bizim opponentlərin də rəyləri nəzərə alınsın: "Bu gün Azərbaycan cəmiyyətini daha çox maraqlandıran Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, Oyunlara daxildə və xaricdə münasibətdir. Hesab edirik ki, cəmiyyətin siyasi institutları da bu məsələnin müzakirəsindən kənarda qalmamalıdır”. Ə.Həsənov görüşdə siyasi partiyaları maraqlandıran cari məsələlərin də müzakirəyə çıxarılmasını təklif edib: "Siyasi partiyalar görüşün gedişində konkret məsələlərin müzakirəsini təklif edə bilər. Biz, ümumiyyətlə, gələcək görüşlərdə cari məsələləri ikinci məsələ kimi gündəliyə salmağı təklif edirik”. PA rəsmisi görüşdə bir sıra məsələlərin müzakirə olunduğunu qeyd edib: "Biz siyasi partiyalara imkan yaratdıq ki, onları narahat edən məsələlərlə bağlı təklifləri gündəmə çıxarsınlar. Bu gün əsas məsələ Avropa Oyunları və onun təşkili oldu. Cari məsələlərdə bəzi məhbusların azadlığa buraxılması ilə yanaşı, ictimai-siyasi proseslərdə iştirak, partiyaların maliyyələşməsi, onların qərargahı məsələsi, bank kreditlərindən tutmuş adi siyasi plüralizm məsələlərinə qədər mövzular müzakirə edildi. Həmçinin onların müzakirəsinin sonrakı görüşlərdə də davam etdirilməsi qərara alındı”.
Ə.Həsənov tərəflərin Avropa Oyunları ilə bağlı ümumi qərarını da açıqlayıb. Onun sözlərinə görə, tərəflər hesab edir ki, Avropa Oyunları həm Azərbaycan dövləti, həm də Azərbaycan xalqı üçün önəmlidir: "Ümumi qərara gəlindi ki, Avropa Oyunları Azərbaycana həm də idman resurslarını artırmağa, idman strukturlarını genişləndirməyə imkan verdi və gələcəkdə daha böyük olimpiya oyunlarına ev sahibliyi iddiasını ortaya qoyur. Bu yarışlar məqsəd yox, vasitədir. Bu vasitə də Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa yönəlməlidir”. PA rəsmisi ümumi anlamda iqtidar-müxalifət dialoqunu müsbət qiymətləndirib: "Görüş üçün siyasi partiya nümayəndələrinə hakimiyyət nümayəndəsi olaraq təşəkkür edirəm. Hesab edirəm ki, bu görüşün alternativi yoxdur. Siyasi partiyalar Azərbaycan cəmiyyətinin aparıcı institutlarıdır. Azərbaycanda baş verənlərə və baş verməsi mümkün olan bütün məsələlərə onların münasibətini dinləmək bizim üçün də maraqlıdır”.
İqtidar-müxalifət dialoqunda iştirak edən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə hakimiyyətin də, müxalifətin də öz mövqeyini ifadə etdiyini deyib. Deputat Avropa Oyunları ilə bağlı məsələnin dialoqda müzakirə olunmasını dəstəklədiyini bildirib: "Mən Avropa Oyunlarını dəstəkləyirəm, əleyhinə deyiləm, lakin məhbus məsələsi də həll olunmalıdır. Bu təklif Prezident Administrasiyasında müzakirə olunacaq. Görüşdə seçkilərin müzakirəsinə də münasibət bildirilib”. İ.Ağazadə həmçinin qeyd edib ki, dialoqda seçki məsələsinin müzakirəsinə ehtiyac yoxdur: "Seçkilərin müzakirə olunmasının tərəfdarı deyiləm, çünki seçkidə heç nə müzakirə oluna bilməz. Mövcud qanunvericilik çərçivəsində ədalətli keçirilməsi kifayətdir. Məcəllə dəyişəcək? Bu, praktiki mümkün deyil, çünki vaxt yoxdur. Ona görə də seçkini müzakirə edib, yalandan saqqız kimi çeynəməyin mənası yoxdur. Avropa Oyunlarını hər kəs dəstəkləyir, ona qarşı çıxan yoxdur”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib ki, görüşdə əsas mövzu I Avropa Oyunları idi. Partiya sədrinin sözlərinə görə, tərəflər I Avropa Oyunlarını müsbət qiymətləndiriblər: "Bu oyunlar Azərbaycanın və bütün müsəlman dünyasının mədəni obrazının yüksəldilməsinə xidmət edəcək. Heç kimə sirr deyil ki, bəzən bizi Avropada əli baltalı, başı əmmaməli müsəlman kimi təqdim edirlər. Hətta deyərdim ki, vəhşi obrazımızı yaradırlar. Artıq onlar görəcəklər ki, Azərbaycan hansı tolerant mühitə malikdir, cəmiyyət içərisində mədəni səviyyə nə qədər yüksəkdir. Beləcə, Azərbaycanın Avropa ailəsinin bir hissəsi olması sübuta yetiriləcək”. Sədr bildirib ki, müzakirə edilən cari məsələlər içərisində ən mühümü həbs edilənlərin azad edilməsi ilə bağlı idi: "Düşünürəm ki, heç bir xarici təsir olmadan qətimkan tədbirini dəyişdirmək və ya əfv yolu ilə onların azad edilməsi mümkündür. Təbii ki, bu, Azərbaycan qanunvericiliyində də nəzərdə tutulub. Bununla belə, ən mühüm məsələlərdən biri siyasi partiyaların gələcək dövlət protokolunda, dövlət tədbirlərində, o cümlədən ilk Avropa Oyunlarında iştirakı məsələsidir”. T.Kərimli əlavə edib ki, bu kimi görüşlərin keçirilməsi səmərəli və vacibdir: "Bu, hakimiyyətlə müxalifət arasındakı münasibətləri də yumşaldır. Təbii ki, burada iştirak etməyən qüvvələr də oldu. Amma mən onların arqumentini əsassız sayıram. Onlar dialoqun əleyhinə deyillər, lakin deyirlər ki, uyğun zamanda, uyğun şərtlərlə dialoqa getmək olar. Lakin bu şərtlər və zamanı onlar özü müəyyən etmir, dialoqda iştirak edən bütün qüvvələr müəyyən edir. Bu mənada onları da çağırardım ki, dialoqa qatılsınlar”.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev hesab edir ki, iqtidar-müxalifətin budəfəki görüşü əvvəlki prosesin davamı kimi qiymətləndirilməlidir: "Artıq üçüncü görüş baş tutdu. Biz təkcə mövzu ətrafında deyil, eləcə də digər məsələlər ətrafında fikir mübadiləsi apardıq. Düşünürəm ki, I Avropa Oyunları ilə bağlı qoyulan məsələyə siyasi partiya rəhbərlərinin münasibəti birmənalı müsbət oldu”. Partiya sədrinin sözlərinə görə, bu oyunlar Azərbaycanın dövlət maraqları, dünyaya təqdimatı üçün müsbət bir hal kimi qiymətləndirilməlidir: "Cari məsələlər sırasında xeyli mövzu müzakirə edildi. Bu, əsasən iqtidar-müxalifət münasibətlərində siyasi həyatda mövcud olan problemləri əhatə etdi. Təbii ki, təkliflər müxtəlif çalarlarda idi. Rəsmilər onu qeydə aldılar. Hətta bir sıra məsələlər ətrafında irəliləyişin olmasına da razılıq verildi və iradə ifadə edildi. Əgər bu proses davamlı, nəticəli olsa, ölkədəki ümumi ab-havaya, ovqata, iqlimə müsbət çalar qata bilər. Beləcə, dünyadan bizə qarşı olan təzyiqlərə son qoyula bilər”.
Ə.Əliyev I Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı aparılan anti-Azərbaycan kampaniyasına da münasibət bildirərək deyib ki, bu oyunlar ölkəmizi sevməyən, onun inkişafını gözü götürməyən müxtəlif çevrələrin təzyiqinə məruz qalır və hədəfinə tuş gəlir: "Biz dövlət, millət olaraq dünyaya öz maraqlarımızı ifadə edən mövqedən baxmalıyıq. Hesab edirik ki, bu prosesdə nə qədər çox vahid mövqe nümayiş etdirilsə, bədxahlara, ölkəmizi sevməyənlərə qarşı ən tutarlı cavab olar. Təbii ki, bizim inkişafımız bir çoxlarını, xüsusilə Ermənistanı narahat edir”.
İsmayıl