İqtisad Universiteti magistrləri işə çağırdı

İşə qəbul olanlar təxminən 800-850 manat civarında əməkhaqqı alacaq




Azərbaycan Dövlət İqtisad Universiteti "Gənc müəllimlər” layihəsi çərçivəsində müəllimlərin işə qəbuluna başlayıb. Bununla bağlı artıq CV-lərin qəbuluna da start verilib. Layihədə iştirak etmək istəyən yaşı 30-a qədər olan magistr təhsilli gənclər CV-lərini 18 iyun 2015-ci il tarixinə qədər raqif.qasimov@aseu.edu.az ünvanına göndərə bilərlər.

Layihənin həyata keçirilməsində məqsəd özünə inanan, tələbələrlə işləməyə həvəs göstərən və gələcəyini pedaqoji fəaliyyətdə görən ünsiyyətcil gəncləri İqtisad Universitetinə cəlb etməkdir.

İşə qəbul qaydaları və şərtləri haqqında "Şərq”ə danışan ADİU-nin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Ramiz Cabbarov bildirib ki, tələblərə cavab verən namizədlər mövcud

qanunvericiliyə uyğun olaraq ADİU-da tam ştat olaraq işə qəbul ediləcəklər: "Bütün iqtisadiyyat yönlü ixtisaslar üzrə işə qəbul müsabiqə əsasında həyata keçiriləcək. Müsabiqənin qaydaları isə ixtisaslara görə dəyişəcək. İş saatları həftə içi 5 gün səhər saat 08:30-dan 17:30-dək müəyyənləşdirilib. İşə qəbul olanlar təxminən 800-850 manat civarında əmək haqqı alacaq.

Təhsil üzrə ekspert Nadir İsrafilov ADİU belə bir təşəbbüs göstərməsini təqdirəlayiq hal hesab edir: "Universitetin bu təşəbbüsünü alqışlayıram. Ancaq təkcə ADİU deyil, digər müxtəlif təşkilat və aidiyyəti üzrə dövlət qurumları müəllimlərin işlə təmin olunması istiqamətində işlər aparır. Həmçinin "Xəzər” Universiteti, o cümlədən bəzi ali məktəblərin filialları da bu işlə məşğuldurlar”.

N.İsrafilov yalnız magistrlara deyil, bakalavrların da işləməsinə diqqətin artırılmasının tərəfdarıdır: "Son vaxtlar ancaq işəgötürənlər CV-lərə baxarkən magistraturanı bitirənlərə önəm verirlər. Onları işə götürürlər. Bəs o zaman bakalavr səviyyəsi və orta ixtisas üzrə müəllim hazırlayan məktəblər nəyə lazımdır? Bunlar da nəzərə alınmalıdır”.

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin sonuncu kurs magistr tələbəsi Seyran Quliyev də belə bir imkandan yararlanmaq fikrindədir: "Əvvəla, belə bir layihəni həyata keçirənlərə öz təşəkkürümü bildirirəm. Ömrünü pedaqoji fəaliyyətə həsr etmək istəyən onlarla şəxs tanıyıram. Hazırda belələrindən ikisi ölkəmizdəki dövlət universitetlərinin birində çalışırlar. Gördükləri iş ürəylərincə olsa da, maddi sıxıntılar onlara imkan vermir ki, həyatlarını lazımi səviyyədə təmin etsinlər. Belə olduğu təqdirdə digər gənc kadrlar müəllim işləməkdən boyun qaçırırlar. Bu baxımdan maddi və mənəvi həyat təmin olunmalıdır. Müəllimlik müqəddəs və məsuliyyəti böyük olan peşədir. Fikrimcə, belə bir layihədən xəbər tutanlar öz müraciətlərini edəcəklər. Magistr yoldaşlarıma da bu barədə söhbət açacağam”.

Vüqar Şahinoğlu