Novella Cəfəroğlu, Mehriban Zeynalova, Səidə Qocamanlı, Mirvari Qəhrəmanlı isə parlament yarışına bu il qatılmayacaq
2015-ci ilin payızında Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak edib-etməyəcəklərini öyrəndiyimiz növbəti kəsim hüquq müdafiəçiləri oldu. Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu Parlament seçkilərində namizədliyini irəli sürməyəcək:
"Mənim nə işim var parlamentdə. İkincisi də, mən onsuz da millətin deputatıyam. 5-6 deputat var ki, bizə çox intensiv dəstək verir, köməkliyini əsirgəmir. Mən onların adlarını çəkmirəm, ancaq təşəkkürümü bildirirəm. Nə zaman müraciət ediriksə, dəstək alırıq. Deputat olmaq həm də rəsmiyyətçi olmaq deməkdir. Bu isə çərçivəyə düşməkdir. Mən çərçivəyə düşmək istəmirəm. Onsuz da bütün deputatlarla gözəl münasibətim var, hamısı mənə hörmətlə yanaşır. Nə zaman xahiş etsəm, müsbət reaksiya göstərirlər. Ancaq nəzərə alın ki, mən deputatlardan özümün deyil, insanların xahişini edirəm. Onlar da bu xahişi yerinə yetirirlər. Doğrudan da, çoxlu sayda deputat var ki, bizə dəstək olur. Odur ki, mənim deputat olmağım vacib deyil. Yaxşısı budur ki, gənclər namizəd olsun, hüquqşünaslar bu prosesə qatılsınlar.
"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova millət vəkili olmaq iddiasındadır: "Əslində namizədliyimi verməklə bağlı planım var. Amma bu sahədə işlərimi də aparıram. Hazırda doktorluq dissertasiyamın müdafiəsini başa çatdırmalıyam deyə daha çox fikrimi bu istiqamətə yönəltmişəm”.
Tanınmış vəkil İradə Cavadova bu parlament seçkilərində namizəd olaraq iştirak edəcəyini deyib: "Bəli, builki seçkilərdə namizəd olaraq iştirak etmək planım var. Namizədliyimi isə Xətai rayonundan verəcəm”.
Azərbaycan İnsan Hüquqları və Qanunçuluğunun Müdafiəsi Bürosunun direktoru, insan haqları müdafiəçisi Səidə Qocamanlı: "Mən builki seçkilərdə iştirak etməyəcəm. Əslində heç vaxt deputat olmaq kimi böyük iddiam olmayıb. Belə baxanda, öz yerim deputat kürsüsündən rahatdır. Mən onsuz da bu millətin vəkiliyəm. Hüquq müdafiəçisinin işi elə hüquqları pozulan vətəndaşların haqlarını tələb etmək, onların hüquqlarını qorumaqdır. Bunun üçün hansısa kürsüdə oturmaq elə bir əhəmiyyət kəsb eləmir”.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının da millət vəkili olmaq iddiası yoxdur: "Artıq millət vəkili olmaq istəmirəm. Çünki 2010-cu ildə keçirilən parlament seçkilərində cəhd etdim və çox ciddi ədalətsizliklərlə rastlaşdım. O vaxtdan da deputat olmaq barədə düşünmürəm. Ancaq öz işimlə məşğul oluram. Əslində öz işimlə parlamentdə oturan deputatın gördüklərini müqayisə elədim. Millət vəkilləri də xalq qarşısında hesabat versinlər, mənim də illik "açot”uma baxsınlar. Mən vətəndaşlar üçün onlardan daha artıq işlər görmüşəm. Hansı ki, parlamentdə oturan millət vəkillərinin 80 faizinin ümumiyyətlə fəaliyyəti görsənmir. QHT rəhbəri kimi daha yaxşı çalışıb, xalqıma xidmət etmək mənim üçün millət vəkili olub, ağzıma su almaqdan daha üstün fəaliyyətdir”.
Şəymən