"İran Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşulmaq istəyir"





"Müzakirə olunur ki, İran Azərbaycan Respublikası ərazisindən keçəcək beynəlxalq layihələrə qoşula bilər”.

Bu barədə "Sherg.az”a Bakıda keçirilən Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünü şərh edərkən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib. 

O söyləyib ki, İranın Bakı-Tbilisi-Ceyhan neft kəmərinə, TANAP, TAP kimi kəmərlərə qoşulması müzakirə edilir:

"Bu gün nazirlərin görüşündə bildirildi ki, İran Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşulmaq istəyir. Bu, region dövlətlərinin yeni layihəsidir. Ona görə, dövlətlərin bu istiqamətdə atacağı addım bölgənin həm təhlükəsizliyinə, həm də iqtisadi inkişafına müsbət təsir göstərə bilər.

Əməkdaşlıqlar Azərbaycanın region dövlətləri üçün etibarlı tərəfdaş olduğunu göstərir. Beynəlxalq layihələrin gerçəkləşdirilməsi üçün Azərbaycanın əlverişli ölkə olduğunu təsdiqləyir”.

Qeyd edək ki, görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze iştirak edir. İlk dəfə keçirilən görüşdə regional əməkdaşlıq məsələləri müzakirə olunur.

Aysel Aslan