İran birgə əməkdaşlıq istəyirsə, səmimi olmalıdır

İŞİD-dən betər erməni terrorçuları işğal edilmiş ərazilərimizdə “at oynadır”



Azərbaycanla İran arasında müştərək müdafiə komissiyası yaradılacaq”. Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin İranın müdafiə naziri Hüseyn Dehqanın Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransında deyib. Səfir bildirib ki, sözügedən komissiyaya Azərbaycanın və İranın müdafiə nazirlərinin rəhbərlik etməsi qərara alınıb:

"İki ölkə müdafiə nazirlikləri arasında müzakirələr bu komissiya çərçivəsində aparılacaq və təkliflər irəli sürüləcək. Komissiya təhlükəsizlik məsələləri, regionun təhlükəsizliyi və sair istiqamətdə fəaliyyət göstərəcək”. Diplomat qeyd edib ki, İranın müdafiə nazirinin Azərbaycanda keçirdiyi görüşlərdə ikinci əsas mövzu regional məsələlər olub: "Dünyada və regionda bəzi məsələlər var ki, bizim ölkələrimizə də təsir edir. Xüsusi olaraq bölgəni və ölkələri təhdid edən "İŞİD” qruplaşması, "Əl-Qaidə” ilə bağlı məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, dini radikalizm sahəsində birgə addım atılsın və lazımi tədbirlər həyata keçirilsin”.

Bunun zəruri olduğunu söyləyən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan üçün ən vacib məsələ erməni terrorizminə qarşı mübarizə aparmaqdır: "İranla Azərbaycan arasında birgə müdafiə haqqında saziş imzalanacaqsa, razılaşma həmçinin işğal edilmiş torpaqlarımızda at oynadan erməni terrorçularına da şamil olunmalıdır. Tehran səmimi olaraq ölkəmizin hüquqlarını müdafiə etmək istəyirsə, təhlükəsizlik məsələlərini təmin etmək istəyirsə, nəzərə almalıdır ki, bölgədə İŞİD-dən də təhlükəli bir qruplaşma mövcuddur. Bu da Ermənistan respublikasıdır”.

İranda 35 milyon soydaşımızın yaşadığına diqqət çəkən ekspert hesab edir ki, İran bizi özünün din qardaşı kimi görürsə, islam ölkəsi olan Azərbaycanı xristian ölkə olan Ermənistan təcavüzündən qorumalıdır: "Cənub qonşumuz separatçı Ermənistanla ticarət əlaqələri qurub onlara blokadadan çıxmaq üçün nəfəslik açmalı deyil. Söhbət normal, səmimi müsəlman təəssübkeşliyindən gedirsə, məsələlər bu cür qoyulmalıdır”.

Ayyət Əhməd