İrandakı dağıdıcı zəlzələ Azərbaycana nüfuz edə bilərmi? - Rəsmi açıqama





İran-İraq sərhədində baş verən zəlzələnin Azərbaycana ciddi təsiri yoxdur.

Bu barədə "Sherg.az" AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli bildirib. 

Qurum sözçüsü qeyd edib ki, İrandakı zəlzələnin Azərbaycanda mövcud olan zəlzələ ocaqlarını oyatmaq ehtimalı yoxdur:

"Düzdür, İran cənub qonşumzudur. Amma oradakı zəlzələ ölkəmizdə o dərəcədə güclü hiss olunmayıb. Ona görə də Azərbaycandakı ocaqlarda güclü zəlzələnin baş verməsi ehtimalı çox azdır. Ölkəmizdə hər gün zəif təkanlar qeydə alınsa da, dağıdıcı gücə malik zəlzələnin olması təhlükəsi yoxdur.

Qeyd edək ki, İranla İraq sərhədində 7,4 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri İranın Sərpol Zəhab şəhərindən 32 km şimalda, İraqın Süleymaniyyə şəhərindən 100 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub. Son məlumatlara görə, zəlzələ nəticəsində 207 nəfər dünyasını dəyişib, təxminən 1700 insan yaralanıb.

İraqda isə son məlumata görə, 4 nəfərin öldüyü, 200-dən çox nəfərin isə yaralandığı bildirilir.

Ayyət Əhməd