İranın erməni sevgisinin kökü qədimdir

Sabir Rüstəmxanlı: “Bu, İranın ənənəvi siyasətidir”
Elçin Xalidbəyli: “Rəsmi Tehran üçün müasir və müstəqil Azərbaycanın mövcudluğu ən arzuolunmaz faktorlardan biridir”


Ermənistan parlamentinin növbədənkənar sessiyasında İranla viza rejiminin ləğvini ehtiva edən razılaşma təsdiqlənib. Sənədə əsasən, Ermənistan və İran İslam Respublikasının vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək o biri ölkənin ərazisində qala biləcəklər.

Xatırladaq ki, iyunun 5-də Tehranda İran və Ermənistan arasında viza rejiminin ləğvinə dair razılaşma imzalanmışdı. İran və Ermənistan tərəfi ümid etdiklərini bildiriblər ki, razılaşma gələcəkdə iki ölkə arasında iqtisadi, ticarət və başqa əlaqələrin "güclənməsi və tənzimlənməsinə” xidmət edəcək. Bundan başqa qeyd edək ki, İran Prezidenti Həsən Ruhani bu günlərdə Ermənistana səfər edəcəyini bildirib.

Cənub qonşumuzun Ermənistan "sevdası”nın sirr pərdəsini çəkən sabiq millət vəkili Sabir Rüstəmxanlı qeyd edib ki, İran Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ədalət axtarmalıdır. Ədalət isə odur ki, işğalçı ölkə ilə işğala məruz qalan ölkəni bir tutmaq olmaz: "Təəssüf ki, İran siyasətində Ermənistan tərəfi daha çox dəstəklənir. İranın mövqeyindən yanaşsaq, görünür, onlar bütün qonşuları ilə normal münasibət saxlamaq istəyir. Amma İran əhalisinin yüzdə əllisi Azərbaycan türkləridir və dövlətin idarəçiliyində də azərbaycanlıların böyük payı var. Cənub qonşumuz bunu da nəzərə almalıdır. İran Ermənistanla xoş münasibətini yaxın və qohum xalq olmaları ilə izah edir. Yüz cürə əsas gətirirlər. Məhz buna görə ermənilərlə

xoş münasibət saxlanılırsa, İran əhalisinin yarısı da türklərdir, onda gərək türklərin mövqeyi də ciddi şəkildə nəzərə alınsın. Bu, İranın ənənəvi siyasətidir. Əhalisinin yarısı türk olduğuna görə Azərbaycanla yaxınlaşmaqdan ehtiyat edir. Halbuki Azərbaycan dövlət olaraq İrana həmişə səmimi münasibət bəsləyib. Son illərdə bu əlaqələrin genişlənməsinə maraq göstərib. Tehranın Bakı ilə də normal münasibətləri var. Bu iki ölkə arasında son illər gərəkli müqavilələr bağlanıb. Bu səbəbdən güman edirəm ki, məlum səfər heç nəyi dəyişməyəcək. Eyni zamanda səfərə faciə kimi də baxmıram”.

Politoloq Elçin Xalidbəyli söyləyib ki, İran-Ermənistan münasibətləri kifayət qədər inkişaf edib. Bu iki dövlət arasında yüksək səviyyədə anlaşma mühiti mövcuddur. Ona görə də, İran-Ermənistan münasibətlərinin məzmun və keyfiyyəti Azərbaycan-İran münasibətlərindən ciddi şəkildə fərqlənir: "Məsələ ondadır ki, İran və Ermənistanın milli maraqları bir çox istiqamətlər üzrə üst-üstə düşür. Bu, xüsusilə də geopolitik maraqlar və Azərbaycana münasibətdə özünü daha qabarıq şəkildə göstərir.

Belə ki, həm İranın, həm də Ermənistanın Azərbaycana yönəlik siyasətində ortaq məqamlar kifayət qədər çoxdur. Ermənistan Azərbaycanın əsas düşmənidir. Və bu istiqamətdə istənilən dövlətlə müttəfiqlik etməyə, istənilən faktordan yararlanmağa hazırdır. İrana gəldikdəsə, rəsmi Tehran üçün Cənubi Qafqazda hər hansı mövqeyə sahib olmaq baxımından Ermənistan alternativsiz dövlətdir. Eyni zamanda, rəsmi Tehran üçün müasir və müstəqil Azərbaycanın mövcudluğu ən arzuolunmaz faktorlardan biridir. Rəsmi Tehran Azərbaycanı Cənubi Azərbaycan probleminin dərinləşmə ehtimalında əsas stimullaşdırıcı faktor kimi dəyərləndirir. Və bu səbəbdən də Azərbaycanın mümkün qədər zəif dövlət olmasında maraqlıdır. Ona görə də, Azərbaycanın siyasi-iqtisadi inkişafını əngəlləyə biləcək istiqamətlər üzrə İranın Ermənistanla ortaq mövqedən çıxış etməyə can atması qətiyyən təəccüblü deyil. Yəni bu iki dövlət Azərbaycana münasibətdə ortaq maraqların daşıyıcılarıdır. Bu baxımdan, İranın Ermənistan vətəndaşları üçün viza rejimini aradan qaldırması o qədər də gözlənilməz deyil”.

Ekspertin qənaətincə, Tehranın bu addımı Ermənistan və onun vətəndaşları üçün həqiqətən də nəfəslik rolunu oynaya bilər: "Ağır sosial-iqtisadi problemlər qarşısında duruş gətirə bilməyən Ermənistan vətəndaşları üçün İran yeni qazanc məkanı rolunu oynaya bilər. Bu isə öz növbəsində Ermənistanın öz vətəndaşları ilə bağlı bəzi önəmli problemlərdən xilas olması anlamına gəlir. Hər halda bunun Ermənistandakı sosial-iqtisadi gərginliyi nisbətən zəiflədə biləcəyi qətiyyən istisna deyil. Və bu, rəsmi Tehranın Ermənistanı çətin vəziyyətlərdən çıxartmağa çalışması ilə bağlı ilk proses deyil. Çünki buna qədər də İran Ermənistanı bir neçə dəfə çətin vəziyyətlərdən xilas edib. Viza rejiminin ləğvinə Həsən Ruhaninin səfərinin də paralellik təşkil etməsi isə İran və Ermənistan arasındakı münasibətlərdə hansısa yeni mərhələnin başlanmaq üzrə olduğunu sezdirir. Və bunun nədən ibarət olacağı yəqin ki, səfərin nəticələrindən, eləcə də ondan sonrakı dövrdə atılacaq addımların məzmunundan aydınlaşmağa başlayacaq”.

Ayyət Əhməd