“İranla razılaşma regionda böyük dəyişiklik vəd edir”

Fərrux Məmmədov: “Sanksiyaların ləğvindən sonra İran öz neftini açıq şəkildə dünya bazarına çıxaracaq. Bu da neft ixrac edən kiçik dövlətlərə baha başa gələcək”
“Bundan sonra dünya bazarında enerji qiymətləri daha da enəcək ki, bu da Rusiya üçün yaxşı heç nə vəd etmir”



İranla "altılıq” ölkələr arasında Vyanada keçirilən nüvə müzakirələrində razılıq əldə olunub. Tərəflər BMT müfəttişlərinin ölkədəki hərbi məkanlara daxil ola bilmələri ilə bağlı anlaşıblar. İran prezidenti Həsən Ruhani deyib ki, razılaşma İran və "altılıq” arasında qarşılıqlı konstruktiv fəaliyyət imkanlarının olduğunu göstərir.

Xarici işlər naziri Məhəmməd Cavad Zərif də anlaşmanın tarixi bir an olduğunu söyləyib: "Biz razılaşma əldə etdik. Düzdür, bu, hamı üçün ideal deyil, amma hər birimiz üçün çox əhəmiyyətli bir nailiyyətdir”. Xatırladaq ki, müqaviləyə əsasən nüvə tədqiqatlarının dayandırılmasının əvəzində İrana tətbiq olunan sanksiyalar zəiflədiləcək. Ekspertlərə görə, əldə olunan razılıq İranı dəyişdirəcək və artıq dünya yeni fars dövləti ilə tanış olacaq. Həmçinin, anlaşmanın bölgədəki siyasi və iqtisadi proseslərə, neftin hasilatına və qiymətinə, eyni zamanda Azərbaycana təsir edəcəyi də iddia olunur. Dünyanın diqqətlə izlədiyi proseslə bağlı "Şərq”in suallarını cavablandıran NATO Əməkdaşlıq İnstitutunun rəhbəri, politoloq Fərrux Məmmədov İranla "altılıq” ölkələri arasındakı razılaşmanı 21-ci əsrin ən böyük tarixi hadisəsi adlandırıb.

- Fərrux bəy, İranla "altılıq” arasında uzun müddətdir gözlənilən razılaşmanı necə dəyərləndirirsiniz?

- Bu, tarixi bir razılaşmadır. Demək olar ki, XX əsrin əsas və ən önəmli hadisəsidir. Anlaşma regionda müəyyən proseslərin dəyişməsinə gətirib çıxaracaq. Qərblə nüvə razılaşması İran üçün böyük şansdır.

- Razılaşmanı tərəflər arasında tam anlaşma hesab etmək olarmı?

- Müəyyən mənada olar. Lakin burada əsas olan imzalanan sənədlə bərabər bundan sonrakı proseslərdir. Həmin proses çox həssas olduğu üçün sona qədər tərəflərin diqqətli olmaları mütləqdir. Yarana biləcək kiçik bir problem bütün proseslərin məhvinə gətirib çıxarar. Ancaq güman edirəm ki, tərəflər məsələnin həssaslığını çox yaxşı bilirlər. Ona görə də prosesin davamının müsbət şəkildə irəliləməsi üçün bütün qaydalara əməl edəcəklər.

- Çox güman ki, razılaşmadan sonra Qərbin İrana tətbiq etdiyi sanksiyalar da ortadan qalxacaq. İranın bölgədə rahat nəfəs alması həm siyasi, həm də iqtisadi baxımdan dünya və region ölkələrinə nə vəd edir?

- Düzdür, Amerika və Avropa bu hadisədən sonra İrana qarşı sanksiyaları müvəqqəti ləğv edəcək. İlkin razılaşma həm də İran və region üçün təsir mexanizminin ölçülməsidir. Əgər İran üzərinə götürdüyü bütün öhdəlikləri tam yerinə yetirərsə, o zaman sanksiyaların bütünlüklə ləğvi mümkündür. Əlbəttə ki, tərəflər arasında uzun müddətdir davam edən gərginliyin aradan qalxması regionla yanaşı, dünyada gedən siyasi və iqtisadi proseslərə də birbaşa təsir göstərəcək.

- Razılaşma dünya bazarındakı neftin hasilatında və qiymətində ciddi dəyişikliklərə səbəb olacaqmı?

- Sanksiyaların ləğvindən sonra İran öz neftini açıq şəkildə dünya bazarına çıxaracaq. Bu da neft ixrac edən kiçik dövlətlərə baha başa gələcək. Çünki bu halda büdcələrini neftlə formalaşdıran dövlətlərin problemləri artacaq. Əgər İran nefti dünya bazarına əngəlsiz şəkildə çıxarsa, neftin qiymətinin düşmə prosesi də sürətlənəcək. Bildiyimiz kimi, neft sadəcə iqtisadi prosesləri deyil, həmçinin, siyasi prosesləri də dəyişir. Bu baxımdan bir sıra ölkələri, o cümlədən Azərbaycanı qarşıda çətin bir proses gözləyir!

- Razılaşma konkret olaraq Azərbaycan siyasətinə və iqtisadiyyatına necə təsir göstərəcək?

- İran üçün əhəmiyyətli olan razılaşma təəssüflər olsun ki, Azərbaycan üçün istər iqtisadi, istərsə də siyasi cəhətdən yaxşı heç nə vəd etmir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində və digər strateji məsələlərdə mühüm rol oynayır. Ancaq bu razılaşma prosesləri dəyişə bilər. Çünki illərdir sanksiya və məhdudiyyətlər içərisində yaşayan İran regionda yeni mayak rolunu oynamaq üçün Avropa və Qərbə bütün sahələr üzrə təkliflər paketini təqdim edəcək. Bu paketdə ucuz enerji, İrandan dəhliz kimi istifadə etmək, böyük projelərin İran ərazisindən keçməsi, terrorla mübarizədə aktiv rol oynamaq və s. kimi məsələlər yer alacaq. Belə olduğu halda Azərbaycan Avropa üçün əhəmiyyətini itirməyə başlayacaq. Düzdür, ikili tərəfdaşlıq mövcud olacaq, ancaq Qərblə Azərbaycan arasında proseslərin axarı dəyişəcək.

- Qərbin İranla dil tapması bölgənin digər gücü hesab olunan Rusiya üçün nə anlama gəlir?

- Rusiyanın 2008-ci ildə Gürcüstanı işğal etməsi, 2014-cü ildə Krımı ilhaqı və hazırda Ukraynada müharibə aparması Moskvanın özünü təcrid siyasətinə gətirib çıxardı. Əslində İranla razılaşmanın əsas hədəfi məhz Rusiyanı neytrallaşdırmaq idi. Müəyyən mənada buna nail olundu. Bundan sonra dünya bazarında enerji qiymətləri daha da enəcək ki, bu da Rusiya üçün yaxşı heç nə vəd etmir. İran da bu məsələni yaxşı bilir və çalışacaq ki, Rusiyanın dünya bazarında hakim olduğu mövqelərini ələ keçirsin və Rusiyanı prosesdən uzaqlaşdırsın.

- İsrailin sözügedən razılaşmaya etirazını necə dəyərləndirirsiniz? ABŞ dövləti İranla bağlı İsrailin könlünü almağa çalışacaqmı?

- İsrail və İran daima biri-birini ittiham etmə siyasəti yürüdüblər. "Hizbullah” və "Həmas”ın İran tərəfindən maliyyələşdirildiyini dəfələrlə vurğulayan İsrail üçün bu anlaşma təbii ki, qəbuledilməzdir. Yəmən və Suriyada İranın aktivliyini də İsrail özü üçün təhlükə hesab edir. Lakin İsrail siyasəti bir növ aqressiya üzərində qurulub. Beynəlxalq siyasət isə aqressiyanı qəbul etmir. Nəzərə almaq lazımdır ki, Amerikanın xarici siyasəti eyni zamanda İsrailin milli təhlükəsizliyi üçün qurulur. Bu baxımdan İsrailin narahatlığı əsassızdır. Amerika ilə İsrail arasında heç zaman münasibətlər pozulmaz. Zamanla anlaşılmazlıqlar ola bilər, lakin bu, müvəqqəti xarakter daşıyır.

İsmayıl