İranlı həkimlər maneəsiz gəlib Azərbaycanda işləyə biləcək

“Azərbaycan və İran arasında səhiyyə sahəsində əməkdaşlıq olacaqsa, müvafiq qanunlar hazırlanmalıdır”
“İran Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürəcək”.



Bunu Tehranda Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyasının 12-ci iclasında Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Ş.Mustafayevin sözlərinə görə, Azərbaycan və İran arasında səhiyyə sahəsində əməkdaşlığımız uğurla davam edir. "Azərbaycan Bakı şəhərində özəl xəstəxanalardan birini icarəyə vermək niyyətindədir. Əminəm ki, qısa müddətdə bu baş tutacaq”.

İranın Azərbaycanda özəl xəstəxanalardan birini icarə götürməsi müalicə üçün qonşu ölkəyə üz tutan insanların sayına necə təsir edəcək?

Tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, azərbaycanlı xəstələrin İrana axın etməsinin səbəbi heç də İrandakı həkimlərin tibbi cəhətdən üstün olması ilə bağlı deyil. "Burada əsas faktor tibbi xərclərdir. Diqqət yetirsəniz görərsiniz ki, müalicə üçün İrana gedən azərbaycanlılar Tehrana yox, nisbətən ucuz xəstəxanaların olduğu bölgələrə üz tuturlar. 

Təbriz klinikaları Tehrandakılardan ucuzdur. Amma texniki avadanlıq baxımdan Azərbaycan İrandan geri qalmır. Yəni İrana axın məsələsində tibbi faktorlar önəmli rol oynamır. İnsanlar ilk vaxtlar qiymətə görə gedirdisə, indi bu, sadəcə tendensiya halını alıb”.

Professor İranın Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürməsinin mövcud vəziyyəti dəyişəcəyini güman etmir: "Bu addım sadəcə olaraq İran həkimlərinin Azərbaycanda fəaliyyətini daha da stimullaşdıracaq. 

Onsuz da bu sahədə Azərbaycan qanunlarında müəyyən boşluqlar var. Türkiyədə həkim işləmək üçün müəyyən baryerlərdən keçməlisən. Amma istənilən ölkə vətəndaşı gəlib, maneəsiz Azərbaycanda işləyə bilir. Hesab edirəm ki, Azərbaycan və İran arasında səhiyyə sahəsində əməkdaşlıq olacaqsa, müvafiq qanunlar hazırlanmalıdır”.

Şəymən