“İraq Kürdüstanındakı "referendum" şok effekti yaratdı"




"Türkiyə özünü Suriyada, o cümlədən İraqda kürdlərə qarşı əməliyyat aparmağa hazır hiss edir”.

Bunu "Shegr.az”a Türkiyənin Suriyada apardığı əməliyyatlar barədə son durumu şərh edərkən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, kürdlər özləri də bir məcraya yığışa bilmirlər:

"İraq Kürdüstanında keçirilən referendum kürdlərin ictimai şüurunda şok effekti yaratdı. Kürdlər bir araya gələ bilmir, bir-birlərinə kömək etmirlər. Həmçinin kürdlər arasında yaranmış qeyri-müəyyənlik iri dövlətlərin onlara kömək etməsinə imkan vermir. Ona görə, Türkiyə yaranmış vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışır.

Belə vəziyyət müvəqqətidir. Kürdlər öz mövqelərini ortaya qoyub, konkret hansısa dövlətə müraciət edən andan vəziyyət gərginləşə bilər. Ola bilər, Rusiyadakı prezident seçkilərindən, qərbin Rusiyaya təzyiqləri sakitləşəndən sonra Moskva kürdlərə tərəfdaşlıq edər. Düşünürəm ki, türklər yaranmış vəziyyəti barışığa yönəltməlidir. Çünki Türkiyə istəsə, kürdlərin bir qrupu ilə radikal PKK-çılara qarşı əməliyyat təşkil edə bilər”.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Ankara ilə PYD silahlıları arasında Parisin vasitəçi kimi çıxış edə biləcəyini dilə gətirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın isə bu təklifə "Türkiyə Suriyada terrorçularla danışıqlar aparmaq niyyətində deyil” – şəklində cavab verib.

Aysel Aslan