İrəvan Rusiyanın təkliflərinə əməl etməyə məhkumdur

Paşinyan ayağını Kremlin çəkdiyi xətdən kənara atsa, onu elə erməni ictimai rəyi özü linç edər



Bir müddət əvvəl Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçiləri Şirak vilayətinin Panik kəndi ərazisində boş güllələrdən istifadə etməklə hərbi təlim keçiriblər. Lakin baş verənlər yerli sakinləri əməlli-başlı vahiməyə salıb. Kənd sakinləri müharibə başladığını və silahlı hücuma məruz qaldıqlarını zənn ediblər. Gümrüdə baş verən hadisədən sonra Ermənistan rəsmiləri 102-ci hərbi bazanın rəhbərliyini və Rusiya siyasətçilərini tənqid atəşinə tutublar. Ruslar səhlənkarlıqda və özbaşınalıqda ittiham edilib.

Ermənistanın yeni müdafiə naziri David Tonoyan isə daha irəli gedib. Nazir bildirib ki, Rusiyanın Ermənistandakı sərhəd qoşunlarının statusu yenidən nəzərdən keçiriləcək. Nazirin sözlərinə görə, hərbi baza ilə bağlı problemlər yaranır: "Panik kəndində Rusiya hərbi qulluqçularının iştirakı ilə baş verən hadisə bu dəyişiklikləri sürətləndirə bilər”. Bu arada Rusiyanın Ermənistandakı hərbi bazasında 3 mindən çox hərbi qulluqçunun iştirakı ilə taktiki təlimlər başlayıb. Təlimlər çərçivəsində əsgərlər həyəcan siqnalı ilə ayağa qaldırılıb. Motoatıcı, tank, kəşfiyyat, artilleriya və mühəndis bölmələri təlimin keçirildiyi Kamxud və Alagöz poliqonlarına aparılıb. Təlimlərə 500-ə qədər hərbi texnika, o cümlədən hava hücumundan müdafiə qüvvələri, hərbi aviasiya və pilotsuz aviasiya cəlb olunub. Siyasi ekspertlərə görə, etirazların gündəmə gəldiyi bir vaxtda sözügedən hərbi bazanın genişmiqyaslı təlimlərə başlaması heç də təsadüfi deyil. Analitiklərin fikrincə, Rusiya hərbi təlimə start verməklə, vassalı Ermənistana ciddi xəbərdarlıq edir.

Düşmən ölkədə yaşanan gərginliklə bağlı "Şərq”ə danışan politoloq Azər Rəşidoğlu deyib ki, Panik kəndində baş verən hadisə ilə Paşinyanın hakimiyyətə gəlişindən sonra yaşanan eyforiya puç olub. Ekspertin sözlərinə görə, Rusiya təhlilçiləri açıq şəkildə bəyan edirlər ki, İrəvan öz mövcudluğuna görə, Kremlə borclu olmalıdır:

 "Onu da vurğulayaq ki, Nikol Paşinyanın baş nazir seçilməsindən sonra İrəvan-Moskva münasibətlərində ciddi dəyişikliklər baş verməkdədir. Paşinyan öz ətrafına qərbpərəst simaları toplayır. Lakin İrəvanın Moskvadan uzaqlaşmağa imkanı yoxdur. Ən azı Rusiya bunu arzulamır. Ermənistan Rusiyanın Cənubi Qafqazda yeganə dayaq nöqtəsidir. Rusiya Ermənistan vasitəsi ilə təkcə Cənubi Qafqaza deyil, daha uzaq Cənub bölgəsinə nəzarət edir. Digər səbəb isə ondan ibarətdir ki, Ermənistan istəsə belə, Rusiyanın forpostluğundan uzaqlaşa bilməz. Ermənistan adlı dövlətin varlığı məhz Rusiyanın İrəvana münasibətindən asılıdır. Qərb ölkələri Ermənistanın Rusiya ilə yaxınlığına dözümlə yanaşır. Məsələ bundadır ki, ABŞ-da və başqa Qərb ölkələrində də Ermənistanın dəstəyi az deyil. Çünki bu ölkələrdəki erməni diasporu ciddi siyasi amilə çevrilə bilib. Bu amil Rusiya tərəfindən də nəzərə alınır. Rusiyanın geosiyasi missiyasının ifaçısı olan Ermənistan Moskvanı şantaj etməklə, əslində, özünü tələyə salır”.

Politoloq bildirib ki, Ermənistan Rusiyanın forpostudur və Kreml problemi hansı formada həll etmək istəsə, İrəvan bununla razılaşmağa məhkum olacaq:

 "Rusiya tərəfindən küncə sıxıldığını dərk edən kimi Nikol Paşinyan yenidən "Qarabağ kartı”nı işə sala bilər. Lakin Paşinyan yeni savaşa başlaya bilməz. Rusiya Qarabağda atəşkəsi pozmaq istəmir. ABŞ-la gərginlik yaşayan Rusiyaya Cənubi Qafqazda savaş sərf etmir. Paşinyan ayağını Kremlin çəkdiyi xətdən kənara atsa, onu elə erməni ictimai rəyi özü linç edər. Ermənistan heç bir halda Azərbaycan deyil və müstəqil xarici siyasət yürüdə bilməz. Sadə bir fakta diqqət edək. Rusiya qazını Ermənistana bazar qiymətlərindən çox aşağı qiymətə satır. İrəvan silahı da Rusiyanın daxili bazarı qiymətlərinə alır. İqtisadi baxımdan, İrəvan erməni diasporunun pullarından və ya Qərbin verə biləcəyi kreditlərdən deyil, məhz Moskvadan asılıdır. İrəvan Kremlin təkliflərini yerinə yetirməyə məhkumdur. Ermənistan artıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir qərar qəbul etməyə qadir deyil. Ermənistan müstəqilliyini de-fakto itirmiş bir ölkədir. Söhbət Rusiya-Ermənistan münasibətlərindən deyil, Ermənistanın müstəqil bir ölkə kimi mövcud olmamasından gedir. Azərbaycanla Dağlıq Qarabağ münaqişəsi, Türkiyə ilə tarixi problemləri olan Ermənistan faktiki blokada içindədir. Ermənilər üçün yeganə təhlükəsizlik təminatçısı Moskvadır”. 

Analitikin fikrincə, Ermənistanda cərəyan edən son proseslər də sübuta yetirdi ki, İrəvan istər Qərb üçün, istərsə də Rusiya üçün etibarsız müttəfiqdir:

 "Bunu Paşinyan da anlayır və onun bir yolu qalır - Kremlin qarşısında ağ bayraq qaldırmaq. Bu dəfə İrəvan Bakının da maraqlarını nəzərə almağa məhkumdur. Əks təqdirdə, Paşinyanı da Sarkisyanın taleyi gözləyə bilər. Rusiyanın Cənubi Qafqazdakı hərbi qüvvələrinə ciddi diqqət yetirməsi də göstərir ki, Moskva təhlükəsizlik məsələsinə üstünlük verir. Bu baxımdan, İrəvan ABŞ-ın İrana mümkün hərbi əməliyyatları zamanı Moskvanı narazı salacaq addım ata bilməz. Əslində, Paşinyan həm daxili, həm də xarici təzyiqlər altındadır. Onun buna uzun müddət tab gətirəcəyi də inandırıcı deyil”.

İsmayıl