“Metro 500-800 metr məsafədə olsa da, real istifadəçiyə daha uzaq hiss olunur” - Ekspert

  • “Yeni yolların tikintisindən daha çox, mövcud nəqliyyat imkanlarının inteqrasiyasına diqqət yetirilməlidir”

Bakının Əhməd Rəcəbli küçəsində yerləşən iş mərkəzlərinin nəqliyyat əlçatanlığı kifayət qədər yüksək olsa da, ərazidə piyada infrastrukturunun vəziyyəti bu potensialdan tam istifadə etməyə imkan vermir.

Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev Sherg.az-a bildirib ki, Əhməd Rəcəbli küçəsi Ziya Bünyadov, Akademik Həsən Əliyev və Heydər Əliyev prospektləri ilə əlaqələnir:

"Ərazinin yaxınlığında “Nəriman Nərimanov”, “Gənclik” və “Dərnəgül” metro stansiyaları, həmçinin Dərnəgül dəmir yolu dayanacağı yerləşir. Xəritədə əraziyə nəqliyyat əlçatanlığı kifayət qədər yüksək görünsə də, əsas məsələ bu nəqliyyat imkanlarına piyada çıxışın necə təşkil olunmasıdır. İş mərkəzlərindən metroya və avtobus dayanacaqlarına aparan bəzi piyada əlaqələri fasiləsiz deyil. Səki infrastrukturu baryerlidir, bəzi hissələrdə isə ümumiyyətlə adekvat piyada infrastrukturu yoxdur”. 

Onun sözlərinə görə, bu səbəbdən 300-800 metr məsafədə yerləşən metro stansiyası və avtobus dayanacağı real istifadəçi üçün olduğundan daha uzaq hiss olunur:

"Bu isə ərazinin nəqliyyat potensialını və ictimai nəqliyyatdan istifadə imkanlarını azaldır.

 Xəqani Rüstəmov küçəsinin Ağa Nemətulla küçəsi ilə əlaqələndirilməsi kimi yeni bağlantıların yaradılması ərazinin Xətai istiqamətində alternativ nəqliyyat əlçatanlığını da artıra bilər. Bunun effektivliyi yalnız avtomobil yollarının genişləndirilməsi ilə deyil, fasiləsiz və baryersiz piyada şəbəkəsinin yaradılması ilə təmin olunmalıdır.Şəhərsalma baxımından dərs sadədir: metro stansiyasının 500-800 metr məsafədə olması hələ avtomatik olaraq yaxşı nəqliyyat əlçatanlığı demək deyil. Son 500 metr, yəni iş yerindən dayanacağa və metroya qədər olan piyada bağlantısı ən azı magistral yol qədər vacibdir”.

R. Ağamirzəyevin fikrincə, Əhməd Rəcəbli küçəsi kimi biznes potensialı yüksək olan ərazilərdə yeni yolların tikintisindən daha çox, mövcud nəqliyyat imkanlarının keyfiyyətli piyada bağlantıları ilə inteqrasiyasına diqqət yetirilməlidir. Bu, ərazinin nəqliyyat və şəhərsalma baxımından real potensialının üzə çıxarılmasına imkan verə bilər.